Seçiciləri ilə müntəzəm olaraq görüşən, onların problemləri, arzu və təklifləri ilə maraqlanan 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Cavid Osmanov rayonun Heydər Əliyev mərkəzində növbəti vətəndaş qəbulu keçirib.

Unikal.org xəbər verir ki, qəbulda Ağdaş rayon İcra Hakimiyyəti  başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması  şöbəsinin müdiri Əli Kərimov da iştirak edib. Pandemiya ilə bağlı  qaydalara ciddi əməl olunmaqla  keçirilən qəbul zamanı seçiciləri narahat edən məsələlər dinlənilib. Seçicilərlə fərdi qaydada keçirilən qəbulda onların müraciətləri qeydə alınıb, vətəndaşlara müvafiq izahatlar verilib, bəzi məsələlər yerindəcə həll edilibdir. Səsləndirilən digər müraciətlərin həlli istiqamətində qanunvericiliyə uyğun müvafiq tədbirlərin görüləcəyini bildirən millət vəkili qaldırılan məsələlərin diqqət mərkəzində olacağını, aidiyyatı orqanlara sorğular göndəriləcəyini qeyd edib. 

Həmçinin qəbul zamanı pandemiya vəziyyəti ilə bağlı mövcud məsələlər müzakirə edilib,  vətəndaşlara ölkədə aparılan vaksinasiya proseesində yaxından iştirak etmək tövsiyə olunub.

Qəbulda iştirak edən Ağdaş sakinləri onların müraciətlərinin dinlənilməsindən razılıqlarını ifadə edib, ölkə, eləcə də rayon əhəmiyyətli görülən bütün işlər üçün Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.