"Seçkilər səbəbindən Dağlıq Qarabağ nizamlanmasında itirilmiş illər çox olub"
"Azərbaycan və Ermənistanda keçiriləcək prezident seçkilərinin taleyinin indidən bəlli olduğunu demək istəməzdim. Bu, demokratik bir proses olacaq və vətəndaşlar istədikləri namizədə səs verəcəklər".
Bu sözləri ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk Qrupunun sabiq həmsədri Metyu Brayza 2013-cü ildə Azərbaycan və Ermənistanda keçiriləcək prezident seçkiləri ilə bağlı sualı cavablandırarkən deyib.
Onun sözlərinə görə, bir çox ekspertlər hesab edirlər ki, hər iki ölkənin prezidentləri ABŞ-da olduğu kimi yenidən seçiləcəklər: "Əgər bu baş versə, regiondakı situasiya üçün böyük əhəmiyyət kəsb etməyəcək. Seçkilər səbəbindən bu ilin Dağlıq Qarabağ nizamlanmasında itirilmiş il olacağı haqda fikirlərə gəldikdə, deyə bilərəm ki, bu cür hallar çox olub. Düşünmürəm ki, ABŞ prezidenti Obama Rusiya prezidenti Medvedevin oynadığı rolu oynaya biləcək. Bu mümkün və real deyil. Amma məncə, ABŞ prezidenti və dövlət katibi Azərbaycan və Ermənistanın dövlət başçıları arasında etimadı möhkəmləndirə bilərlər. Bu olmadan həmsədrlər öz işlərini sonadək apara bilməyəcəklər".