Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan terrorla mübarizə barədə rəqəmləri ictimaiyyətlə paylaşıb.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Ərdoğan bu vaxta kimi keçirilən əməliyyatlar çərçivəsində 17 750 terrorçunun zərərsizləşdirildiyini bildirib.

"Əməliyyatlar nəticəsində Türkiyənin Suriya ilə sərhədlərinin önəmli hissəsi güvənli hala gətirilib. Bu vaxta kimi 17 750 terrorçu zərərsizləşdirilib. 1 300 terrorçu saxlanılıb. Türkiyə 40 ildir ki, bölücü terror təşkilatı ilə mücadilə edən ölkədir. Terror bataqlığını qurutmağa çalışdıq. 2015-ci ildən bəri keçirdiyimiz müxtəlif əməliyyatlarda 40 əsgər, 443 jandarm, 299 polis, 16 təhlükəsizlik qoruyucusu olmaqla ümumilikdə 1 259 nəfər şəhid vermişik. 770 mülki vətəndaşımız həyatını itirib, 5 000 vətəndaşımız isə xəsarət alıb", - deyə Ərdoğan bəyan edib.

"Bizim əlimizdə tək bir məsumun qanı yoxdur, olmamışdır, olmayacaqdır. Nə əcdadımızdan belə miras aldıq, nə də övladlarımıza belə bir utanc qoyub getməyəcəyik. Mədəniyyətimizin təməlində "insanı yaşat ki, dövlət yaşasın" anlayışı var. Bizim azanımız, bayrağımız və vətənimiz başda olmaqla, müqəddəslərimizə qarşı həssaslığımız var. Qətrandan da qara halları ilə bizə dərs verməyə qalxanlara deyirəm ki, öncə aynaya baxın", - deyə Türkiyə prezidenti söyləyib.