Məmurların 20 yanvar biganəliyi
Məmurların 20 yanvar biganəliyi

Bir neçə rayon icra hakimiyyəti başçısı gözə görünmədi

20 yanvar olaylarından artıq 23 il vaxt ötdü. Amma bu günə qədər 20 yanvar ölkədə xüsusi izdihamlarla hər zaman yad edilib və təbii şəkildə bu gün Azərbaycan tarixində xüsusi gün olaraq qeyd olunub.
Ümumiyyətlə hər bir toplumun tarixində belə günlər olur və bu günlər bir toplumun həmrəyliyi, milli maraqlar naminə bir araya gəlməsi kimi xarakterizə edilir. 23 il ötəndən sonra yenə də toplum tək Bakıda, yox həmçinin rayonlardakı Şəhidlər Xiyabanlarının ziyarəti ilə müşahidə olundu. Bununla yanaşı Prezident İlham Əliyev başda olmaqla dövlətin önəmli simaları, hökümət üzvləri də 20 yanvar Şəhidlər Xiyabanını ziyarət etdi. Amma dövlət səviyyəsində qeyd olunan bu gün bəzi şəxslər tərəfindən heç yada düşmədi. Belə ki, aydın oldu ki, ölkə rayonlarının bəzi icra hakimiyyəti başçıları 20 yanvar günü nəinki şəhidləri ziyarət etdilər, hətta istirahətlərinə görə ölkəyə də qayıtmadılar. Telekanallarda göstərilən görüntülərdə də aydın oldu ki, bəzi rayon icra hakimiyyəti başçılarını tədbirlərdə onların ya səlahiyyətli nümayəndələri, ya da müavinləri əvəz etdi. Çox qəribə başqa bir olay isə bu oldu ki, hər zaman 20 yanvar günü əyləncə mərkəzləri, istirahət ocaqları, restoranlar fəaliyyət göstərmirdilərsə, bu dəfə bu ənənədə pozuldu. Əslində rayon icra başçıları belə bir gündə ölkədə olmurlarsa, tədbirlərdə iştirak etmirlərsə ,kimlərinsə də əyləncə mərkəzlərini işlətmələri də gözləniləndir. Maraqlıdır, bu cür məmurlara qarşı bəs hansı addımlar atıla bilinər? Ümumiyyətlə qeyd olunur ki, indinin özündə elə dövlət məmurları var ki, onlar üçün milli dəyərlər, dövlətçilik prinsipləri ikinci üçüncü dərəcəli məsələlərdir. Hətta elələri də var ki, rəsmi dövlət dili olan azərbaycan dilindən istifadə etməyi belə bacarmırlar. Məhz bu cür məmurlar istər 20 yanvar , istərsə də Xocalı faciəsinə biganəlik nümayiş etdirməkdən də çəkinmirlər. Çünki onlar üçün dəyərlər fərqlidir və bu dəyərlər milli keyfiyyətləri özündə əks etdirmir. Buna görə də hesab edilir ki, bu gün Azərbaycan xalqının həssaslıq göstəricisi olan 20 yanvar və ya Xocalı faciəsinə bu cür biganəlik nümayiş etdirən məmurlara qarşı sərt addımlar atılmalı və aparılan dəqiqləşdirmələrdən sonra hətta onların postları ilə belə vidalaşmasını təmin etmək lazımdır. Bunu da qeyd edək ki, çox qəribədir ki, 20 yanvar günü biganəlik nümayiş etdirən bəzi icra başçıları əyalət rayonlarına rəhbərlik edən şəxslər idi. Halbu ki, əyalətlərdə milli dəyərlərə hörmət hər zaman daha qabarıq olub. Amma apardığımız araşdırmalar təsdiq etdi ki, bu rayonların icra başçıları əslində yerli sakinlər yox, Bakıdan gələn şəxslərdir. Və onlar hər zaman bu cür günlərdə , iş olmayan vaxtlarda rayonu tərk edərək vaxtlarını daha "səmərəli" keçirtməyə çalışırlar. Hətta elə rayon icra hakimiyyəti başçısı var ki, həftənin 3-cü günündən sonra rayonu tərk edir və bununla faktiki rayonda cəmi 3 iş günü işdə qalır. Çox təssüflər ki, bunlara nəzarət yoxdur və indi iş o yerə çatıb ki, artıq 20 yanvar kimi dövlətçilik tariximizdə ciddi iz buraxan gündə də öz istirahətləri üçün istifadə etməyə çalışan rayon icra hakimiyyəti başçıları tapılır.
Mehdi Əli