Ermənistanın müxalif "Vətənin qurtuluşu Hərəkatı" İrəvanın mərkəzindəki “Fransa” meydanında etiraz aksiyasını başa çatdırıb.

Unikal.org TASS-a istinadla xəbər verir ki, hərəkatın nümayəndəsi İşxan Saqatelyan sabah yenidən aksiya keçirəcəklərini bildirib:

"Bu gün aksiyamızı qurtarırıq. Bizdə məlumatlar var ki, baş nazir Nikol Paşinyan sabah saat 11:30-da hökumət binasının 3-cü korpusuna gələcək. Biz girişləri bloklamalıyıq və onu buraxmamalıyıq. Axşam isə mitinqə başlayacağıq".

Bu gün İrəvanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən etiraz aksiyasında bir neçə min insan iştirak edib. Müxalifət tərəfdarları dövlət əleyhinə şüarlar oxuyaraq Yerevanın küçələri ilə yürüş təşkil ediblər.

Qeyd edək ki, Ermənistanda 10 noyabrdan Paşinyanın istefasına çağırış tələbləri ilə etiraz aksiyaları səngimir. Müxalifət onu Qarabağ müharibəsindəki məğlubiyyətdə ittiham edir. Paşinyan habelə ölkədəki iqtisadi və sosial problemlərdə günahlandırılır.