ABŞ Prezidenti  Co Bayden tərəfindən Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru vəzifəsinə namizəd göstərilən keçmiş diplomat Uilyam Berns açıqlamaları ilə diqqət çəkib.  

Unikal.org xəbər verir ki, o, Senatın Kəşfiyyat Komitəsinin iclasında jurnalistlərin Çin, Rusiya və İranla bağlı suallarını cavablandırıb. 

Keçmiş prezident Barak Obamanın dövründə dövlət katibinin müavini vəzifəsini icra edən Berns, ABŞ-ın zəka baxımından Çin və Rusiya ilə rəqabətdə güclü olmasını təmin etmək üçün bütün addımları atacağını bildirib.  Texnologiya və telekommunikasiya sahələrində, xüsusən də kiber təhlükəsizlik sahəsində Pekinlə ciddi bir mübarizə apardıqlarını qeyd edən Berns, CIA-nin "texnoloji üstünlüyü" təmin etmək üçün əhəmiyyətli sərmayələr qoyduğunu vurğulayıb. 

Uilyam Berns  Rusiya Federasiyasının prezidenti Vladimir Putin barəsində fikir bildirib: "Rusiya Putinin hakimiyyəti dövründə daha da güclənib. Və güclənməkdə davam edir.  Belə davam etsə  Rusiyanın hərbi gücü Çini ötəcək",- deyə qeyd edib.  

Baydenin MKİ direktorunun namizədi ABŞ-ın İranla bağlı əsas prioritetinin "Tehranın nüvə silahına sahib olmadığını" vurğulayıb. İranın nüvə müqaviləsindəki ilk öhdəliklərinə tamamilə qayıdacağı təqdirdə, ABŞ-ın da buna hazır olduğunu söyləyən Berns, CIA olaraq bu mövzuda üzərlərinə düşəni edəcəklərini bildirib. 

"İranın təhdid edən hərəkətlərinə, istər ballistik raketlər, bölgədəki sabitliyi pozan addımlar, istərsə də öz xalqına qarşı insan haqları pozuntuları mövzusunda cavab vermək üçün tam bir strategiya olmalıdır",-deyə Uilyam Berns bildirib.