Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudovanın,  RİH başçısı Aparatının məsul işçilərinin, rayon ərazisində məskunlaşmış Xocalıdan olan şəhid ailələrinin və soyqırım şahidlərinin,  könüllülərin iştirakı ilə videokonfrans formatında anım tədbiri keçirilib.

Unikal.org xəbər verir ki, videokonfransns formatında keçirilən anım tədbirini giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova xocalı faciəsi barədə ətraflı məlumat verərək Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olan, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayət hadisəsi zamanı dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyini, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını bildirdi.

O, çıxışında qeyd etdi ki, ermənilərin dinc əhaliyə qarşı törətdikləri soyqırım zamanı xocalılar əsl qəhrəmanlıq nümunəsi göstərdilər. Bu şəhərin ölməzlik tarixini yazdılar. Xocalı soyqırımına əsl siyasi-hüquqi qiyməti isə 1994-cü ilin fevralında  Azərbaycan  xalqının Ümummilli lideri Heydər Əliyev verdi. Həmin ildən başlayaraq ölkəmizdə hər il 26 fevral-Xocalı soyqırımı günü kimi qeyd edilir. Çıxışda bildirildi ki, Ümummilli lider Heydər Əliyevin siyasi kursunu  uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyətinin əsas istiqamətləri Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayətin beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almasına xidmət edir. Ümummilli məsələrlə bağlı Türkiyə və Azərbaycan parlament nümayəndə heyəti bir  sıra  beynəlxalq qurumlarda, o cümlədən Avropa Şurasında birgə fəaliyyət göstərirlər.    Azərbaycan Respublikasının Birinci vitse-Prezidenti Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə “Xocalıya ədalət” layihəsi çərçivəsində Xocalı soyqırımının, ermənilərin törətdikləri digər vəhşiliklərin dünya ictimaiyyəti tərəfindən tanınması, hüquqi-siyasi qiymətini alması üçün kompleks tədbirlər həyata keçirilir. 

Anım tədbirində Xocalı şəhəri İcra hakimiyyəti başçısının Nərimanov rayonu üzrə nümayəndəsi, şəhid ailəsi Mehriban Əliyeva,  Xocalı hadisələrinin canlı şahidləri, Xocalı rayon sakinləri Aygül Həsənova, Cəmilə Aslanova  və digər çıxış edən könüllülər  çıxışlarında insanlıq sifətini itirmiş ermənilər tərəfindən törədilmiş bu faciənin təkcə azərbaycanlılara qarşı deyil, həm də bütün bəşəriyyətə qarşı yönəlmiş qanlı cinayət olduğunu, törədilmiş bu son dərəcə ağır hərbi cinayətin xalqımız tərəfindən heç vaxt unudulmayacağını qeyd etdilər.  Çıxışlarda həmçinin Ali Baş Komandanın qətiyyətli rəhbərliyi ilə Şanlı Ordumuz tərəfindən torpaqlarımızın düşmən tapdağından azad olunmasından və əsgərlərimizin qəhrəmanlıqlarından fəxrlə danışılaraq, 30 illik işğala və həsrətə son qoyulduğu bildirilmişdir. Eyni zamanda,  xocalı sakinlərinin çıxışlarında dövlətin hər zaman onların yanında olduğu, daima diqqət və qayğı ilə əhatə olunduqları vurğulanaraq, buna görə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq ifadə olunmuşdur.

Allah Xocalı faciəsinin qurbanlarına rəhmət eləsin!