Türkiyə-Ermənistan sərhəddi açılmayacaq
Türkiyə-Ermənistan sərhəddi açılmayacaq

Serj Sarksyan bəyanatlarını sərtləşdirir

Ermənistanda prezident seçkilərinə start verilib və hazırda prezidentliyə namizəd olan Serj Sarksyan daha çox aktivlik göstərir və seçkiöncəsi verdiyi bir sıra açıqlamalar maraq yaradır. Serj Sarksyan ötən seçkilərdə olduğu kimi bu seçkilərdə də daha çox Qarabağ mövzusundan və “soyqırım”dan danışır.

Demək olar ki, hər iki mövzunu az qala özəlləşdirən Serrj Sarksyanın bəyanatları isə daha da aqressivləşir. Məsələn, Serj Sarksyan açıq şəkildə bəyan edir ki, Dağlıq Qarabağ probleminin həllində Ermənistan hər hansı güzəştə getməyəcək və yaxud bildirir ki, “soyqırım” məsələsində Ermənistan gücünü daha da səfərbər edəcək və bu Türkiyəyə bağışlanmayacaq. Düzdür ekspertlər bildirir ki, Serj Sarksyanın bəyanatları seçkiyə görə daxili auditoriyaya ünvanlanıb və daha çox səs qazanmaq üçün o belə manevrlərdən istifadə edir. Reallıqda isə seçkilərdən sonra Ermənistan xarici siyasətində ciddi dəyişikliklər etməli olacaq. Çünki hazırda yalnız İranla bir başa iqtisadi əlaqələr quran Ermənistan artıq məlum proseslərə görə bu bazarıda əlindən buraxmaq üzrədir. Bu isə faktiki Ermənistanın tam blokadası və iqtisadi tənəzzülünün nəticəsidir. Erməni qaynaqları da açıq şəkildə bildirir ki, hazırda Ermənistandan vətəndaşların köç etməsi kütləvi hal alıb və İranla əlaqələr tükənəndən sonra bu köç prosesi daha da güclənəcək. Bun a görə də Ermənistan istər-istəməz yeni yollar aramaq zorunda qalacaq. Bu yollardan biri də Türkiyə ilə əlaqələrin qurulmasıdır. Qeyd edək ki, iki il öncə ABŞ-in təşəbbüsü ilə Ermənistan və Türkiyə prezidentlərinin görüşləri keçirildi və belə bir təklif ortaya atıldı ki, Türkiyə sərhədləri açır, Ermənistan isə bunun qarşılığında “soyqırım” iddiasından imtina edir. Amma növbəti mərhələdə imzalanmış sənədlər heç bir ölkənin parlamenti tərəfindən təsdiqini tapmadı və başlanan kompaniya yarımçıq qaldı. İndi isə yenidən mövzu gündəmə gəlib və Ermənistan prezidenti bəyan edib ki, imzalanan sənəd parlamentin gündəliyindən çıxarıla bilər. Deyəsən, hazırda Türkiyə tərəfi də bu niyyətdədir və iki ölkə arasında sərhədlərin açılması mümkünsüzləşir.
Nə qədər ki, Ermənistan Azərbaycan torpaqlarının işğalını davam etdirir, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasından söhbət gedə bilməz. Bu barədə Türkiyə Böyük Millət Məclisinin Ədalət və İnkişaf Partiyasından deputatı Mustafa Kabakçı bildirib.
"Ermənistanla münasibətlərin yaxşılaşdırılması məsələsində Türkiyənin mövqeyi aydındır: Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyincə, Ankara öz mövqeyini dəyişməyəcək", - Kabakçı deyib.
Deputat qeyd edib ki, Ermənistan Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi zorakılığı etiraf etməli, dünya birliyi qarşısında törətdiyi cinayətlərə görə cavab verməlidir və yalnız bundan sonra Türkiyə ilə hansısa münasibətlərin qurulmasından danışmaq mümkündür.
Ekspertlər bildirir ki, bu məsələnin gündəmə gəlməsi o halda mümkün olar ki, Azərbaycan və Ermənistanda prezident seçkiləri sona çatandan sonra Dağlıq qarabağla bağlı danışıqlar aktivləşsin və hazırda ATƏT-in Minsk qrupunun verdiyi təklifin birinci mərhələsi reallaşsın. Qeyd edək ki, müzakirə olunan son variantda göstərilirdi ki, öncəliklə Ermənistan Dağlıq Qarabağ ətrafında işğal etdiyi rayonları azad edir və bundan sonra Dağlıq Qarabağ mövzusu gündəmə gətirlir. Bunu da qeyd edək ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması söhbətləri aktivləşəndə də əksər analitik bildirdi ki, Ermənistan birinci mərhələni reallaşdırarsa sərhədlərin açılması mümkünləşə bilər. Hələlik isə Ermənistanın belə bir niyyəti yoxdur və hesab etmək olar ki, sərhədlərin açılması üçün lazımi mühit yetişməyib. Bundan başqa qarşıdan gələn il Türkiyə-Ermənistan münasibətləri daha da sərtləşəcək və demək olar ki, ciddi beynəlxalq gərginliklər olacaq. Çünki hazırda Ermənistan erməni “soyqırım”ının 100 illiyinə hazırlaşır və bununla bağlı ciddi kompaniyalar təşkil olunacaq. Qeyd edilir ki, bu il Ermənistan ən azından 4 ölkənin erməni “soyqırım”ını tanımasına çalışacaq, həmçinin “soyqırımı” ittiham edənlərə cəzanın verilməsi üçün Fransa da yenidən təşəbbüslə çıxış edəcəklər. Bu isə sözsüz ki, iki ölkə münasibətlərinə ağır zərbə vuracaq.
Toğrul Əliyev