“Üçüncü qüvvə” və Rusiya...
“Üçüncü qüvvə” və Rusiya...

Oyun açıq müstəviyyə keçir

Son günlər dövrü mətbuatda siyasi proseslərlə bağlı maraqlı gəlişmələr müşahidə olunur. Bunlardan ən vacibi isə Rüstəm İbrahimbəyov başda olamaqla bir qurup şəxsin "Üçüncü qüvvə" yaratma təşəbbüsüdür. Üçüncü qüvvə isə özlüyündə siyasi partiyalardan, QHT-lərdən və aktiv ziyalılardan təşkil olunmaqla 50 nəfərlik Milli Şura olacaq.

Şuranın artıq konkret vəzifələri də müəyyənləşdirilib .Belə ki, qurum vahid namizəd məsələsini həll etməyə çalışacaq, seçicilərin aktivləşməsinə çalışacaq və prezident seçkilərində hakimiyyətin dəyişdirilməsini strateji maraq olaraq gündəmə gətirir. Maraqlıdır, dünənə qədər siyasətlə məşğul olmayacaqlarını bildirən bu güclər hansı səbəbdən siyasətə atıldı və radikal bir xətt tutdular? Ekspertlər bildirir ki, əslində istər Ziyalılar Forumu, istərsə də Moskvada yaradılan "Milyarderlər İttifaqının" əsas məqsədi məhz siyasətlə məşğul olmaq idi və sözsüz ki, Rusiyanın daha doğrusu Kremlin maraqları çərçivəsində. Bəs, hazırda bu işi hansı səviyyədə həyata keçirilir və effekt necə ola bilər? Bəri başdan bir sıra məqamlara xüsusi olaraq diqqət ayıraq. İlk növbədə qeyd etmək lazımdır ki, Rusiya-Azərbaycan münasibətləri dondurulmuş şəkildədir və müəyyən mərhələlərdə bu donuqluq diplomatik qarşıdurmalarla əvəzlənir. Yaxın vaxtlarda isə münasibətlərin qaydaya düşməsini ehtimal etmək olmaz. Çünki Rusiya ilə Azərbaycanı üz-üzə qoyan Avrasiya İttifaqı ideyası var və sovetlər birliyini xatırladan belə bir birliyin yaranmasını İlham Əliyev qəbul etmir. Rusiya prezidenti Vladimir Putin isə bir tərəfdən hakimiyyətini gücləndirmək, bu biri tərəfdən isə Rusiyanın regionda güc mərkəzi olaraq qalması üçün 2013-cü ildə bu ittifaqın yaranmasına cəhd edəcək. Hətta bu ideyaya qarşı çıxanlarla üz-üzə gəlmək lazım olsada. Buna görə də Rusiya 2013-cü il prezident seçkilərindən sona qədər istifadə etməyə çalışır. Ortada isə iki yol var. Birinci Azərbaycanda hakimiyyəti dəyişdirməklə sözəbaxan hakimiyyət formalaşdırıb,Rusiyanın maraqlarını təmin etmək. İkincisi isə hakimiyyəti çıxılmaz duruma salmaqla istəyinə nail olmaq. Bunun üçün isə Azərbaycanda Rusiyaya dayanaqlı bir qüvvə lazımdır ki, istəyini reallaşdıra bilsin. Buna görə də Ziyalılar Forumu təsis edildi və hazırda Ziyalılar Forumu istər AXCP ilə istərsə də Müsavatla danışıqlar apararaq bu güclərində məlum oyuna qatılmasını təmin etməyə çalışır. Və sözsüz ki, iki partiyadan biri bu variantı qəbul edəcək. Bununla yanaşı hazırda özünü "üçüncü qüvvə" adlandıran qurup QHT-ləri də ətrafına toplamaqla vətəndaş cəmiyyətinin də dəstəyini əldə etməyə çalışır. Siyasi qurumlardan fərqli olaraq, vətəndaş cəmiyyətində Rusiyanın maraqlarına cavab verən kifayət qədər qüvvə var ki, onlarda həssas məqamda ayağa qalxacaqlar. Beləliklə aydın şəkildə görünür ki, "üçüncü qüvvə" Rusiyanın projesidir və bir neçə ay ərzində bu daha açıq şəkildə biruzə verəcək. Başqa maraqlı bir nüans isə budur ki, artıq Rusiyada müvəqqəti yaşayan azərbaycanlılarda aktivləşdirilir. Müşahidəçilər bildirir ki, Rusiyada bir milyondan çox azərbaycanlı var və bunların hamısı seçiçi hüququ olan yaşdadırlar. İndi təsəvvür edin ki, bir milyonluq sosial baza seçkilərə səfərbər olunur. Bu o deməkdir ki, elə bu səslərin gücü ilə istədiyinə nail olmaq mümkünləşəcək.
"Üçüncü qüvvə"nin bu gün Azərbaycanda yaradılması həm də onu təsdiqləyir ki, hakim düşərgədə son zamanlar bir gözləmə müşahidə olunur və bu qüvvələr şəraitdən maksimum dərəcədə yararlanmağa çalışır. Ən qəribəsi isə odur ki, hakim düşərgədə elə qüvvələr var ki, onların fəaliyyətinə mənən dəstək olurlar. Hətta buda gözləniləndir ki, onlara maddi dəstəkdə verilsin. Bəs bunlar kimlərdir? Müşahidəçilər bildirir ki, bu gün iti çaplı elə məmurlar var ki, onların Rusiyada kifayət qədər böyük biznesləri var və onlar bu bizneslərini qorumaq üçün Azərbaycanın maraqlarını hər zaman Rusiyaya qurban verə bilərlər. Bununla yanaşı son zamanlar müşahidə olunur ki, keçmiş komsomolçu düşərgədə aktivləşməyə başlayıb və bu qüvvənin hər zaman açıq şəkildə Rusiyaya bir maraqları olub. Bu qüvvənin də səfərbər olması gözləniləndir.
Beləliklə çıxarılan nəticə budur ki, Rusiya artıq Azərbaycanda seçki oynuna başlayıb və qələbə qazanmaq üçün bu oyunu açıq müstəviyyə gətirməkdədir. Belə həssas məqamda qərbin və ABŞ-in tutacağı mövqedə kifayət qədər maraqlı olacaq.

Mehdi Əli