İsmət Abbasovun büdcədən payı kəsilə bilər
İsmət Abbasovun büdcədən
payı kəsilə bilər

Rəqibləri kənd təsərrüfatı "şef"inə müdhiş həmlə hazırlayır?

Azərbaycanın dövlət büdcəsindən aqrar sektora ayırmaların məbləği artdıqca kənd təsərrüfatındakı göstəricilərin aşağı düşməsi hökumətdə müzakirələrə səbəb olub. Kənd Təsərrüfatı Nazirliyinin dövlət ayırmalarını düzgün istiqamətləndirmədiyinə inananların sayı çoxaldıqca isə nazir İsmət Abbasova iradlar da çoxalır.

Artıq nazirin rəqibləri bundan ona qarşı istifadə etmək niyyətindədirlər. Əldə etdiyimiz məlumatlara görə, artıq hökumətin bəzi kulislərində aqrar sektora ayırmaların yeni yaradılacaq qurum tərəfindən yönləndirilməsinə dair təkliflər səslənməkdədir. Bu təkliflərə əsasən İqtisadi İnkişaf Nazirliyinin tərkibində Aqrar Sektorun İnkişafı Xidməti yaradılacaq və bu qurum kənd təsərrüfatına yönəldilən büdcə vəsaitlərinin xərclənməsini həyata keçirəcək. Bir sözlə, aqrar sektorun idarəetməsi nazir İsmət Abbasovda qalsa da, bu sahəyə ayrılacaq dövlət vəsaitləri onun nəzarətindən çıxarılacaq (nazirliyin öz xərcləri əlbəttə ki, bura daxil deyil).
Əslində İsmət Abbasovun iqtidar içindəki rəqiblərinin təsiri altında olan təklif müəlliflərinin məqsədi daha çox kənd təsərrüfatı nazirini pulsuz qoymaq olsa da, onların mülahizələri heç də əsassız sayılmamalıdır. Məlum olduğu kimi, 2013-cü ilin dövlət büdcəsində aqrar sektorun payına düşən vəsait 494,3 milyon manatdır. Bu isə ötən ilə nisbətən 4,6 faiz çoxdur.
Rəqəmlərə görə, kənd, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi xərcləri üzrə ayrılmış vəsaitin 196,6 milyon manatı müvafiq dövlət proqramlarının və ünvanlı tədbirlərin maliyyələşdirilməsi üçün nəzərdə tutulur. "2008-2015-ci illərdə Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın həyata keçiriliməsi üçün isə bu il 125 milyon manatın ayrılması qərara alınıb.
Qeyd edək ki, ötən il üçün sözügedən istiqamətdə 112 milyon manat ayrılmışdı. Lakin bu proqram üzrə hökumət indiyədək hansı işlərin görməsi barədə heç bir hesabat təqdim etməyib. Bu günün mənzərəsi ondan ibarətdir ki, 2008-ci ildə proqram qəbul olunandan sonra kənd təsərrüfatı məhsullarının istehsalı daha da azalıb, ölkə idxaldan daha da asılı vəziyyətə düşüb. Bunun müqabilində son beş ildə büdcənin cari xərclərində kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi xərcləri 26,6 faiz artıb.
Kənd təsərrüfatı mütəxəssislərin fikrincə, ərzaq təhlükəsizliyi ilə bağlı dövlət proqramının icrasında şəffaflıq yoxdur. Dövlət proqramı çərçivəsində ayrılan vəsaitin nəyə xərcləndiyi məlum deyil. Hökumət konkret olaraq göstərməlidir ki, bitkiçilik və heyvandarlığın inkişafı ilə bağlı nə qədər iş görülüb.
Məsələn, bir faktı diqqətə çatdıraq. Büdcədə kənd təsərrüfatı üzrə ətraf mühitin mühafizəsi, torpaqların şoranlaşmadan qurtarılması üçün vəsait ayrıldığı göstərilir. Lakin bununla bağlı yerlərdə hökumət nümayəndələri ilə bağlı görüşlər keçirərkən onlar özləri də etiraf edirlər ki, bu istiqamətdə onlara pul ayrılmayıb, daha doğrusu, ayrılan pullar onlara gəlib çatmayıb. Bu cür qeyri-şəffaflıq isə şübhəsiz ki, dəqiq təhlillərin aparılmasına imkan vermir.
Ekspertlərin fikrincə, indiyədək aqrar sektora ayrılan vəsait az da olsa, səmərəli istifadə edilsəydi, mütləq müsbət effekt verərdi. Əgər həmin effekt yoxdursa, deməli, xərcləmə şəffaf deyil və əsasən korrupsiya predmetidir.
Daha bir fakta göz ataq: ötən il subsidiyalar üçün 111 milyon manat ayrılmışdı. Onun yarısı fermerlərə nəğd pul şəkilində verilib. Amma nəticə - yoxdur! Çünki subsidiyaların daha çox korrupsiya ünvanlı olması səmərəliliyin qarşısına canlı sədd çəkib. İsmət Abbasov və onun rəhbərlik etdiyi Kənd Təsərrüfatı Nazirliyində isə heç kim açıqlamaq istəmir ki, niyə aqrar sektora ayrılan büdcə vəsaitləri ildən-ilə vəsait artırılsa da, bu, məhsuldarlıqda əks olunmur? 2008-ci ildən bəri taxılçılıq faktiki olaraq idxaldan asılı vəziyyətə düşüb, pambıqçılıq tənəzzülə uğrayıb, üzümçülükdə ciddi irəliləyişlər yoxdur. Əldə etdiyimiz məhsulların keyfiyyət göstəriciləri çox aşağıdır. Dövlət Proqramı qəbul olunana qədər çayçılığın inkişafı yaxşı idi. İndi isə onun ancaq süqutundan danışmaq mümkündür.
Təsəvvür edin: 2008-ci ilə 181 min ton süd və süd məhsulları idxal olunduğu halda, 2011-ci ildə bu rəqəm 679 min tona çatıb. 2008-ci ildə 4 milyon dollarlıq ətlik diri mal idxal olunurdusa, keçən il bu rəqəm 13 milyon dollara qalxıb. İdxal olunan mal-qaranın 50 faizi Gürcüstandan gətirilib. Qonşu ölkənin bizdəki qədər dövlət maliyyəsi olmadığı halda Azərbaycanın ətlə təminatında çox əhəmiyyətli rol oynayır. Bizdə isə aqrar sektora ayrılan milyonlar ilbəil artdıqca idxaldan asılılığımız da artır. İsmət Abbasov və nazirliyi isə bu absurdu izah etməkdə acizdir; sadəcə, ümumi, bəzəkli cümlələrlə hansısa inkişafdan danışılır.
Bütün bunlardan sonra rəqiblərinin ortadakı faktları İsmət Abbasova qarşı çevirməsini başa düşmək çətin deyil. Uzun müddətdir müstəqil mətbuat və iqtisadçı-ekspertlər kənd təsərrüfatına ayrılan dövlət vəsaitlərinin səmərəsizliyi, effektsizliyi barədə onun nazirliyini xəbərdar edirlər, təəssüf ki, bu xəbərdarlıqlardan indiyədək heç bir nəticə çıxarılmayıb və müsbət dönüşə nail olmayıb.
Nəticədə rəqiblərinin əlinə aqrar sektorun "patron"unu pul sarıdan "vurmaq" üçün yaxşı bəhanələr keçib. İndi qalır onların yuxarıdakı təkliflərinin yeni ilədək (kənd təsərrüfatı nazirinə qarşı müdhiş plan 2014-cü ilin büdcəsinə hesablanıb) gerçəkləşib-gerçəkləşməyəcəyi. Yaşayıb görərik.

Ülviyyə Qasımlı