Ermənistan mətbuatında ordunun baş qərargah rəisi Onik Qasparyanın həbs olunacağı və ya sadəcə vəzifəsi ilə vidalaşacağı təqdirdə onu kimlərin əvəz edə biləcəyi ilə bağlı versiyalar yayılıb.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, hazırda 4 namizədin adı gündəmdədir və geniş müzakirə olunur.

Onlardan biri hazırda baş qərargah rəisinin müvaini olan general-mayor Andranik Makaryandır. O, baş qərargahın Paşinyanın istefası tələbi ilə verdiyi bəyanata qoşulmayan hərbçilərdəndir. Lakin bildirilir ki, A.Makaryan Qasparyanın vəzifədən kənarlaşdırılmasına razı deyil və onun yerinə keçməyi etik saymır. General yaranmış böhranın sonlanmasından sonra istefa verəcəyini açıqlayıb.

Məlumata görə, Paşinyan hakimiyyətinin bu posta digər namizədi hazırda Ermənistan Müdafiə Nazirliyində yüksək vəzifə tutan general-leytenant Calal Arutunyandır. O da məlum bəyanata qoşulmayanlardandır. Son müharibə zamanı qondarma rejimin "müdafiə naziri" olmuş hərbçi ağır yaralanmışdı və hazırda da səhhətində ciddi problemlərin qaldığı deyilir.

Üçüncü namizəd kimi Ermənistan ordusunun keçmiş baş qərargah rəisi Artak Davtyanın adı müzakirə olunur. Qeyd edilir ki, hazırki hakimiyyət ona şübhə ilə yanaşsa da, A.Davtyanın bu vəzifəyə gətirilməsi gündəmdədir.

Həmçinin Paşinyan hakimiyyətinin ordunun baş qərargah rəisi postunda separatçı rejimin "müdafiə naziri" Mikael Arzumanyanı görmək istəməsi qeyd olunur. Bildirilir ki, M.Arzumanyanın siyasi proseslərə qarışmaması və ambisiyasız kimliyi ilə seçilməsi onu namizədlərdən biri edib.