Fəzail Ağamalı AXCP Müsavat birliyinə inanmır
Fəzail Ağamalı AXCP Müsavat birliyinə inanmır

Ana Vətən Partiyası müxalifətin prezident seçkilərinə vahid namizədlə getməsini mümkünsüz hesab edir.

Partiya sədri, deputat Fəzail Ağamalı bildirib ki, ümumiyyətlə, müxalifətdə yaranan birliklər daxili çəkişmələr səbəbindən nəticəsiz qalıb.
Ağamalı deyib: "Baxın, indi müxalifətin İctimai Palata deyilən qurumunda nələr baş verir. Orada sözün həqiqi mənasında Müsavat ilə AXCP bir-birlərinə qarşı "silahın bütün növlərində atəş açırlar".
O qeyd edib ki, bu, hər zaman belə olub, bu gün də belədir, gələcəkdə də belə olacaq, çünki onlar arasındakı münasibətlərdə platforma yoxdur, vahid istiqamət yoxdur, onların hər biri çalışır ki, o birisinin imkanlarından istifadə edib özünü daha qabağa apara bilsin.
AVP sədri qeyd edib ki, İctimai Palatanın qərarını gözləmədən İsa Qəmbərin öz namizədliyini irəli sürməsi AXCP tərəfindən top-tüfənglə qarşılandı.
Partiya sədri bildirib ki, "Məhz İsa Qəmbərin tələsdiyini, İctimai Palata ilə razılaşmadığını ortalığa ataraq İsa Qəmbəri bundan çəkindirmək və Əli Kərimlinin namizədliyinin vahid namizəd kimi qəbul edilməsi haqqında xülyalar AXCP-ni Müsavata qarşı qaldırıb".
Partiya sədri hesab edir ki, bu taktikanın arxasında həm də belə bir niyyət də dayana bilər ki, yaranmış situasiyadan istifadə edərək AXCP bir tərəfdən iqtidarı, başqa bir tərəfdən İsa Qəmbəri ittiham edərək ümumiyyətlə, seçkilərdə iştirak etməsin.
"Bu da gözləniləndir. İsa Qəmbərin də qarşıdan gələn prezident seçkilərində imkanları ümidverici deyil, onun məğlubiyyəti qaçılmazdır. Ona görə ki, aparılan müşahidələr birmənalı şəkildə belə bir faktı ortalığa qoyur ki, bütövlükdə müxalifətin sosial bazası 20 faizdən yuxarı deyil. Nəzərə alsaq ki, müxalifət çoxqütblüdür, deməli, həmin 20 faiz də onların arasında bölünəcək, parçalanacaq", - Ağamalı deyib.
Müstəqil politoloq Zərdüşt Əlizadənin "Unikal"a söylədiyinə görə, "Həm Azərbaycan Xalq Cəbhəsi Partiyası, həm də İsa Qəmbərin başçılıq etdiyi Müsavat Partiyası hər şeyini çoxdan uduzub. Bir qədər düşünəndə bu partiyaların liderlərinə və funksionerlərinə deyil, onların ardınca gedənlərə mənim yazığım gəlir. Çünki həm İsa Qəmbər, həm də Əli Kərimli siyasətlə deyil, siyasi kommersiya ilə məşğuldurlar. Və mən onların hər ikisini başa düşürəm - ailə başçısıdırlar və onlar da hansısa yolla çörək pulu qazanmalıdırlar. Amma mən onların "elektorat" adlandırdıqlarını və sıravi ardıcıllarını heç cür anlaya bilmirəm. Görəsən, onların qazancları nələrdir?"
Politoloqun sözlərinə görə, "AXCP və Müsavat yaxın perspektivdə heç nəyə nail ola bilməyəcək. Çünki bəlli standartlar baxımından yanaşanda onların təşkilati strukturları çox zəifdir, maliyyələri yoxdur və auditoriya qazanmaq baxımından da imkanları məhduddur. Bu partiyaların qarşıdan gələn prezident seçkilərində nəyəsə nail ola biləcəklərini düşünmək və ya güman etmək sadəlövhlük olardı".
Zərdüşt Əlizadənin fikrincə, "Azərbaycan cəmiyyəti də bu siyasi partiyalara etimadını tamamilə itirib. Daha doğrusu, onların özləri bu etimadı tamamilə xərcləyib qurtarıb və hazırda da əliboş qalıblar. Necə deyərlər, arxada uduzulmuş keçmiş, qarşıda isə ümidsizlik zolağı var".
Politoloq hesab edir ki, "Hər cür siyasi perspektivdən məhrum olan bu partiyaların bircə çıxış yolu var - siyasi səhnədən birdəfəlik çəkilmək. Onlar bunu etməyə özlərində səmimiyyət və iradə tapa bilsələr, Azərbaycan cəmiyyətinə və Azərbaycan müxalifətinə böyük bir xidmət göstərmiş olarlar. Amma onlar bunu etməyə də qabil deyillər. Mən bu iki partiyanın, daha doğrusu, ictimai Palatanın liderlərini yaxşı tanıyıram. Xalq Cəbhəsini yaradanlardan biri də mən olmuşam. Bunlara yaxşı bələdəm. Onlar xalqın ümidlərini hər dəfə qırıblar. Xalqın onlara inamı azalan kimi ziyalılara müraciət edirlər. Ziyalılarda onların təklifini qəbul edir. Görəndə ki ayaqları yer tutdu, yəni özlərində bir az güc tapdılar, ziyalıları kənara tullayırlar. Onlar nə vaxtdan ziyalı və savadlı insanların məsləhətinə qulaq asıblar? Özlərini hamıdan ağıllı hesab edirlər. Düzgün hesablanmış hərəkət etmək keyfiyyəti bunlarda yoxdur. Bu dəfə də belə olacaq. Xalqın ümidini yenədə çilik-çilik edəcəklər. Yenədə kənara atdıqları və məsləhətlərinə qulaq asmadıqları ziyalılara müraciət edəcəklər ki, xalq arasında itmiş nufuzlarını bir qədər artırsınlar. Bu proses indiyə kimi davam edib. Sonsuza qədər də davam edəcək".

Sadiq