Akademikdəm şok açıqlama
Akademikdəm şok açıqlama

Əhliman Əmiraslanov elm mafiasına müharibə elan etdi

Son zamanlar Azərbaycanda maraqlı bir proses baş verir. Belə ki, bir sıra vəzifəli məmurlar öz kapitallarına güvənərək elmi ad almaq üçün yarışa çıxıblar. Hər hansı məmur bugünki Azərbaycan reallığında hansısa yollarla əldə etdiyi maddi sərvətin çox kiçik bir hissəsini xərcləyərək rahatlıqla elmi dərəcə sahibi ola bilir. Doğrudur, elə son vaxtlarda bu cür "elmi" işlər və "alimlər" barədə tədbirlər görülməsi də intensivləşib, amma proses davam edir, üstəlik, əvvəlki illərdə kapitalı hesabına elmi dərəcələrə yiyələnənlər də hələ ki, buna görə hər hansı məsuliyyətə cəlb edilməyiblər.

Hansı ki, əgər biz Azərbaycan elminin inkişafını istəyir, onun gələcəyini düşünürüksə, əvvəlcə elmimizi belə saxta elmlər doktorlarından, elmlər namizədlərindən mümkün olduğu qədər təmizləməyə çalışmalıyıq.
Bir müddət əvvəl Respublika Təhsil Şurasının sədri, tanınmış alim-pedaqoq Əjdər Ağayev əslində olduqca sensasion sayıla biləcək bir açıqlama vermiş və Azərbaycanda müdafiə olunan elmi işlərin 80 faizinin saxta, plagiat olduğunu demişdi. Bu, dəhşətli bir rəqəmdir . İndi isə bu saxtakarlığı Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya və Tibb Elmləri Bölməsinin akademik katibi Əhliman Əmiraslanov şok açıqlamalarla ifşa edib. Məsələn, akademik qeyd edir ki, "Xaricdə müdafiə olunan elmi işlərin keyfiyyəti bizi çox narahat edir. Təsəvvür edin ki, əvvəl Moskvada yaşaya-yaşaya 8-10 ilə doktorluq dissertasiyası, 5-6 ilə namizədlik dissertasiyası yazıb müdafiə edirdik. İndi isə 1-2 ilə doktorluq diplomu gətirirlər. Bu, bizi narahat edir".
Onun sözlərinə görə, 1-2 ilə doktorluq dissertasiyası yazmaq olmaz: "Sözsüz ki, bu işləri onlar özləri yazmır. Bu adamlar hətta Ali Attestasiya Komissiyasının (AAK) Ekspert Şurasının tərkibinə düşürlər. Özü dissertasiya yazmamış bir adam müdafiə şuralarında təmsil olunur. Bunlar artıq həqiqi işlərə rəy verirlər. Bizim faciəmiz bundan ibarətdir".
Ə.Əmiraslanov deyib ki, tibb elmləri üzrə daxil olan dissertasiya işləri çox ciddi filtrdən keçirilir: "Biz xüsusi qurum yaratmışıq. Dissertasiyalar müdafiəyə buraxılmazdan əvvəl gizli rəyə göndərilir. Hətta şuraların sədrləri deyirlər ki, siz bizim hüquqlarımızı pozursunuz. Bu elmi işlər bizə gələnə qədər siz onları ayrı yerə göndərirsiniz. Bu universitetin rəhbəri mənəm. Bilməliyəm ki, Elmi Şuraya getməzdən qabaq bu işin keyfiyyəti necədir. Əgər hər hansı çatışmazlıq varsa, gedib onu düzəltsinlər. Biz demirik ki, işi geri qaytarırıq".
Bunu da qeyd edək ki, həqiqətəndə bu gün elə millət vəkilləri və ya dövlət məmurları var ki, iki il ərzində nəinki namizədliyi, hətta doktorluğuda müdafiə ediblər. Görünür məmurların elmə bu basqını akademiki üsyan etməyə sövq edib. Akademikin bu fikirlərinə Riyaziyyat üzrə fəlsəfə doktoru Əlövsət Osmanlı "Unikal"ın əməkdaşına münasibət bildirərərk deyib ki, :- "Mən vaxtilə akademik Əhliman Əmiraslanovu kəskin şəkildə tənqid etmişəm. Azərbaycanda ikinci tibb universitetinin açılmasına qarşı çıxdığı üçün. Çünki azad rəqabət olmayan yerdə əsil elm və təhsildən söhbət gedə bilməz. Amma akademikin bu gün Azərbaycan elmindəki plagiatçılıqla bağlı etdiyi çıxışı dəstəkləyirəm. Hazırda Azərbaycan elmində plagiatçılıq geniş şəkildə yayılıb və fərdi təşəbbüslərlə bu faciənin qarşısını almaq mümkün deyil".
Osmanlının sözlərinə görə, "Vəziyyət o həddə gəlib çatıb ki, plagiatçılığa elmi dairələrdə hətta rəvac verənlər, plagiatçıları himayə edənlər dəstəsi meydana çıxıb. Belə bir şəraitdə plagiatçılığa qarşı mübarizə aparmaq çox müşkül məsələyə çevrilib".
Fəlsəfə doktrunun iddiasına görə, "Ölkədə hətta plagiatçılara vəzifələr və fəxri elmi adlar verilir. Məsələn, Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Fərrux Rüstəmov ölkədə ad çıxartmış plagiatçılardan biridir. Bunu hamı bilir və onun plagiatçılığını Azərbaycan Dillər Universitetinin professoru Nurəddin Kazımov faktlarla sübut edib. Professor Kazımov hətta bu barədə müvafiq rəsmi instansiyalara da məktub göndərib. Əvəzində nə oldu? Fərrux Rüstəmovu ADPU-nin müdafiə şurasına sədr müavini təyin etdilər. Sonradan isə ona "əməkdar elm xadimi" adı da verdilər".
Osmanlının sözlərinə görə, "Plagiatçılıq Azərbaycan elmində adi hala çevrilib. Hətta alimlərdən biri etiraf edir ki, müdafiə edilmiş, on elmi dissertasiyadan səkkizi plagiatçılığın məhsuludur. Bu faktdan da göründüyü kimi, elmi plagiatçılıq artıq milli faciəyə çevrilməyə başlayıb".
Alimin dediyinə görə, "Başqa ölkələrdə plagiatçılıq faktı ortalığa çıxanda bu hadisə geniş ictimai rezonansa səbəb olur və kəskin ictimai qınaqla üzləşir. 2010-cu ildə Almaniyanın müdafiə naziri Qutenberq on il əvvəl müdafiə etdiyi elmi işində kiçik bir plagiatçılığa yol verdiyinə görə nazir postundan istefa verməli oldu. Almaniyada 20 minə qədər alim bu fakta görə kəskin etiraz ifadə etdilər. İstefa vermiş nazir hətta ölkəni tərk edərək Amerikaya köçdü və yazılanlara görə, indi orada fermerliklə məşğuldur. Bizdə isə plagiatçılara vəzifə verilir".
Bunu da qeyd edək ki, əslində Əhliman Əmiraslanov bu açıqlaması ilə həm də elm sahəsində az qala mafia yaradan dəstəyə savaş elan edib. Çünki məmurlara saxta adların verilməsinin arxasında kifayət qədər nüfuzlu bəzi məmurlar var.

Orxan Həsənli