Diplomat hesab edir ki, Dağlıq Qarabağ probleminin həlli üçün yüksək səviyyədə siyasi iradə ortalığa qoyulacaq
Diplomat hesab edir ki, Dağlıq Qarabağ probleminin həlli üçün yüksək səviyyədə siyasi iradə ortalığa qoyulacaq
“ABŞ-Azərbaycan münasibətləri yüksək səviyyədədir”

ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar Azərbaycan ilə ABŞ arasındakı münasibətlərə toxunaraq bildirib ki, ABŞ və Azərbaycan arasında əlaqələr 2012-ci ildə çox yaxşı olub. Ümidvaram ki, 2013-cü ildə də bu belə olacaq.
Biz bir çox sahələrdə, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlıq edirik. Biz Azərbaycana Əfqanıstanda öz qoşunlarını yerləşdirməklə bizə göstərdiyi köməyə, Əfqanıstana və oradan geriyə yüklərin daşınmasına, eyni zamanda, 2014-cü ildə Beynəlxalq Təhlükəsizlik Qüvvələrinin Əfqanıstandan çıxarılmasından sonra kömək göstərilməsi ilə bağlı üzərinə götürdüyü öhdəliyə görə təşəkkürümüzü bildiririk. ABŞ və Azərbaycan terrorizmlə mübarizə, İranla bağlı məsələlər və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə əməkdaşlıq edirlər.
Bundan başqa, biz artıq neçə illərdir ki, enerji sahəsində də əməkdaşlıq edirik. 2012-ci ildə bu sahədə bir sıra irəliləyişlər olub.
Biz demokratiya və insan haqları istiqamətində də əməkdaşlığımızın davam etdirilməsini səbirsizliklə gözləyirik. Dekabr ayında Azərbaycan dövləti tərəfindən əfv sərəncamının verilməsi bizi sevindirdi. Biz gələcəkdə bu sahədə də irəliləyişlərin olmasını gözləyirik.
Bu il Azərbaycanda seçki ilidir. Biz digər ölkələrdə olduğu kimi, Azərbaycanda da ədalətli və azad seçkilərin keçirilməsini səbirsizliklə gözləyirik və buna ümid edirik. Dövlət katibi Hillari Klintonun ötən il Azərbaycana səfəri zamanı dediyi kimi, bizim ən yaxşı əlaqələrimiz demokratiya və insan haqları sahəsində ən yaxşı nəticələr əldə edən ölkələrlədir. Biz bu sahədə əməkdaşlığı səbirsizliklə gözləyirik.
Səfir, daha sonra Qarabağ probleminin həllində rəsmi Vaşinqtonun da münasibətinə aydınlıq gətirib:-“ Mən Azərbaycanda Dağlıq Qarabağ məsələsi ilə bağlı mövcud olan məyusluğu anlayıram. Dağlıq Qarabağ məsələsinin bütün azərbaycanlılar üçün nə qədər ağrılı olduğunu anlayıram. Siyasi mövqeyindən asılı olmayaraq, Dağlıq Qarabağ məsələsi hər bir azərbaycanlı üçün narahatlıq doğuran məsələdir. Minsk qrupunun fəaliyyətinə gəldikdə, biz bu prosesi dəstəkləməkdə davam edəcəyik. Biz bütün bacardığımızı edəcəyik ki, danışıqlarda irəliləyişin olmasına kömək edək. Mən Azərbaycanın yüksək səviyyəli rəhbərliyi ilə sıx əməkdaşlıq şəraitində işləyəcəyəm ki, bu məsələdə irəliləyişə nail olaq. Bu proses Minsk qrupundan olan həmsədrlərlə əməkdaşlıq şəraitində aparılır. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması hər kəsin marağındadır. İnanıram ki, bu problemin həll olunması üçün yüksək səviyyədə siyasi iradə ortalığa qoyulacaq. Biz bunun üçün əlimizdən gələni edəcəyik.
Azərbaycan bölgədə terrorizmlə mübarizə sahəsində çox önəmli bir tərəfdaşdır və biz Azərbaycanla bir tərəfdaş kimi, enerji infrastrukturunun mühafizəsi, misal üçün, təlimlərin gücləndirilməsi sahəsində kömək göstərəcəyik. Güclü tərəfdaşlığımızı davam etdirmək niyyətindəyik.
Azərbaycan çox böyük potensiala malikdir - bura həm Azərbaycanın təbii resursları, həm də insan resursları daxildir. Prezidentin Nazirlər Kabinetində ilin yekunlarına dair keçirilən iclasda bildirdiyi kimi, korrupsiya çox ciddi məsələdir və bu problem aradan qaldırılmalıdır ki, bütün vətəndaşlar sabit cəmiyyətdə yaşaya bilsinlər və onlar üçün imkanlar yaradılsın.
Biz qeyd etdiyimiz məsələlər üzrə Azərbaycan ilə əməkdaşlığımızı səbirsizliklə gözləyirik. Azərbaycan bu addımları atsa, yalnız bu bölgədə deyil, həm də dünya səviyyəsində güclü dövlətə çevriləcək. Azərbaycan böyük imkanlara malikdir və ümid edirik ki, bu imkanlardan istifadə edəcəyik”.
Diplomat İrana tətbiq olunan sanksiyalarada toxunaraq bildirib ki, İrana qarşı sanksiyalar öz təsirini göstərib və təsirə malikdir. Prezident Obama öz bəyanatlarında dəfələrlə bildirib ki, biz sərt sanksiyalar siyasətini, eyni zamanda, diplomatiya siyasətini davam etdirəcəyik. Ümidvarıq ki, sanksiyalar və diplomatiya son nəticədə nüvə məsələsinin həllinə gətirib çıxaracaq və qeyd etmək istəyirəm ki, bu ayın sonlarında bu məsələ ilə bağlı bir görüşün baş tutması ehtimalı var. Və ümidvarıq ki, əgər bu görüş baş tutarsa, həmin məsələ ilə bağlı müəyyən razılıq da əldə oluna bilər. Bununla yanaşı, prezident Obama öz bəyanatlarında aydın şəkildə bildirib ki, nüvə silahına malik olan İran qəbuledilməzdir.
Fuad Əliyev