Zəngilan rayonunda yerləşən Bəsitçay Dövlət Təbiət Qoruğunda qiymətləndirmə və bərpa işlərinin planlaşdırılması üçün Azərbaycan Milli Elmlər Akademiyasının mütəxəssislərinin iştirakı ilə ərazidə monitorinqlər aparılır.

Unikal.org-un məlumatına görə, bu barədə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupun iclasında bildirilib.

İclasda qeyd edilib ki, aidiyyəti qurumlar tərəfindən Qrupun sahəvi tədbirlər planının icrasına başlanılıb. Belə ki, ekoloji vəziyyətin qiymətləndirilməsi üçün işğaldan azad edilmiş rayonlarda kompleks monitorinqlər aparılır və transsərhəd çaylara nəzarət edilir.

Həmçinin, işğaldan azad olunmuş ərazilərdə radioloji və radioekoloji vəziyyətin öyrənilməsi məqsədilə aidiyyəti dövlət orqanları ilə birgə plan-proqram hazırlanıb və sahəvi plana əlavə olunub.