Bolqarıstanda açılmayan güllənin qorxunc səsi
Bolqarıstanda açılmayan güllənin qorxunc səsi

Dünyanın gündəminə bomba kimi düşən hadisənin pərdəarxası

Yanvarın 19-da gözlənilmədən dünyanın diqqət mərkəzi bir anlığa da olsa, Bolqarıstana yönəldi. Söhbət müxtəlif sosial şəbəkələr və telekanallarda yayımlanmış video-görüntüdən gedir (168.az).

Məlum olduğu kimi, etnik türklərin yaratdıqları Hüquq və azadlıq uğrunda Hərəkat Partiyasının qurultayında Oqtay Yenimehmedov adlı şəxs qurumun tribunada çıxış edən lideri Əhməd Doğanın baş nahiyyəsinə iki dəfə atəş açmaq istədi. Xöşbəxtlikdən silah açılmadı. Əvəzində isə Bolqarıstandakı türk faktoru ilə bağlı söz-söhbətlərin qatı açıldı...
Ondan başlayaq ki, bolqarlarla türklər uzun və çətin müştərək tarixə malikdirlər. Osmanlı İmperiyasında orta əsr müsəlman dövlətləri kimi xristian təbəələrə qarşı da yüksək vergi siyasəti həyata keçirilirdi və onlar siyasi hüquqlardan məhrum vəziyyətdə idilər.
Ərazidə məskunlaşmış türklər Bolqarıstan müstəqilliyinə qovuşduqdan sonra əvvəlcə məişət zəminindəki qisaslardan əziyyət çəkdilər, sonra isə hökumətin siyasətindən. Bu mənada ən yüksək böhran ötən əsrin 80-ci illərində yaşandı. Həmin vaxt kommunistlər türkləri ölkənin etnik xəritəsindən tamamilə silməyə cəhd göstərdilər. Onları öz adlarını slavyan mənşəli adlarla dəyişdirməyə məcbur etdilər. Türk dilinin istifadəsi qadağan olundu. Böhranın kuliminasiya nöqtəsi isə 1989-cu ildə yaşandı. Həmin il ölkədən 300 min türkün məcburi şəkildə çıxarılması reallaşdırıldı ki, əslində bu siyasət Todor Jivkov rejiminin də iflasını gətirən səbəblərdən birinə çevrildi. Hüquq və azadlıq uğrunda Hərəkat
Partiyasının yaradılması da həmin təlatümlü dövrə təsadüf etdi. Beləliklə təkcə etnik türklərin deyil, eyni zamanda slavyan müsəlmanların da maraqlarının müdafiəsi işinə start verildi.
Hazırda isə Bolqarıstanda əhalinin 10 faizi özünü türk sayır. Onlar əsasən ölkənin şimal-şərqində yaşayırlar. Etnik, dil və din baxımından fərqlənənlərin sayca ikinci qrupunu təşkil edirlər. Türklərin Hüquq və azadlıq uğrunda Hərəkat Partiyası nüfuzlu siyasi qüvvə sayılır. Qurumun tərəfdarları daim parlamentdə təmsil olunurlar. Etnik türklər həmçinin Bolqarıstan hökumətində də vacib postları tuturlar.
Yanvarın 19-da türk hərəkatı liderinə qarşı sui-qəsd həyata keçirməyə çalışan müsəlman O.Yenimehmedov partiyanın gənclər təşkilatının üzvü imiş və bu üzvlük Oqtaya imkan verib ki, qurumun ali məclisinə qatılsın.
Polisin bildirdiyinə görə, kriminal keçmişə malik Yenimehmedov dəfələrlə cinayət məsuliyyətinə cəlb olunmuş adamdır. Bolqar saytları isə yazırlar ki, Oqtay üç il öncə özünün kriminal keçmişi ilə vidalaşaraq siyasətə qoşulmağa qərar verib.
Maraqlı məqam ondadır ki, Nikola Fiçeta adına memarlıq və tikinti peşə məktəbini bitirmiş Yenimehmedovu oxuduğu təhsil müəssisəsində əlaçı kimi xarakterizə ediblər. Hətta bildirilib ki, Oqtay bolqar dilinin qrammatikası baxımından həssas hərtərəfli biliyi ilə digər yoldaşlarından fərqlənirmiş. Məhz bu kimi keyfiyyətlərindən anlaşılır ki, türk liderinə qarşı sui-qəsd gerçəkləşdirmək istəyən şəxs rəsmi qurumların iddia etdiyi kimi, heç də tamamilə kriminal keyfiyyətlərə malik adam deyil. Bu barədə düşünməyə Oqtayın evindən tapılmış məktub da əsas verir: “Mən Əhməd Doğanın manipulyasiyalarına son qoymalıyam və etdiyim hərəkətə görə peşman deyiləm!”.
Daha bir maraqlı məqam Oqtayın Hüquq və azadlıq uğrunda Hərəkat Partiyasının keçmiş sədri Qasım Dala simpatiyasıdır. Dal ötən ilin əvvəlində partiyanı tərk edərək daha millətçi təmayüllü Xalq Azadlıq və Ləyaqət Partiyasını yaradıb. Özünü Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın tərəfdarı kimi qələmə verən Dal həmçinin pantürkçü baxışları ilə də seçilir. Təsadüfi deyil ki, Ərdoğan sözügedən qurumun yaradılması ilə bağlı Qasım Dala təbrik məktubu da ünvanlayıb. Bolqarıstanın baş naziri Boyko Borisov belə bir təbrik məktubunu nə üçün göndərmişdi, hələ də məsələ maraqlı qalır. “Qoy bu, Bolqarıstanın demokratik inkişafında daha bir addım olsun”, -deyə baş nazirin təbrik məktubunda bildirilirdi.
Beləcə aydın olur ki, sui-qəsdin motivləri sırasında türk milli hərəkatı içərisindəki mübahisələr başlıca yer tutur. Bolqar müşahidəçilərinin fikrincə, parlament seçkisi ərəfəsində türk milli azlığı üçün daha az iş görən, amma çox danışan adamın mövcudluğu qatı pantürkçülərin xoşuna gəlməyib. Məsələn, Doğan hələ də dövlət telekanalında türk dilində on dəqiqəlik xəbərlər proqramının verilməsinə nail ola bilməyib. Yəqin elə buna görədir ki, bolqar bloggerləri türk gəncləri içərisində “Mən Doğana nifrət edirəm!” adlı qrupların da yarandığını vurğulayırlar. Oqtay isə onların maraqlarının müdafiəsi öhdəliyini öz üzərinə götürərək Doğanı tamamilə sıradan çıxarmaq fikrinə düşüb.
Bəs Əhməd Doğan kimdir? Şübhəsiz ki, Bolqarıstanın ən nüfuzlu ictimai-siyasi xadimlərindəndir. Hüquq və azadlıq uğrunda Hərəkat Partiyasına qurumun formalaşmağa başladığı vaxtdan, yəni 1990-cı ildən rəhbərlik edir. Kommunistlərin hakimiyyəti dövründə etnik təmizləmə siyasətinə qarşı çıxdığı üçün həbsxanalarda yatıb. Sonra məlum olub ki, Doğan əslində Bolqarıstan “KQB”sinin casusu imiş. Son zamanlar hərəkat sol koalisiyada iştirak edirdi və 2001-2009-cu illərdə sosialist hökumətin formalaşmasında aktiv rol oynamışdı. Hazırda isə sözügedən koalisiya müxalifətdədir.
Qeyd edək ki, hakimiyyət baş vermiş hadisə ətrafındakı ajiotajı azaltmağa çalışır. Rəsmilərin dediklərinə görə, Oqtayın əlindəki silah qaz tapançası olub. Doğan da ciddə xəsarət almayıb. Buna görə də saxlanılmış şəxs adam öldürməyə cəhddə deyil, daha çox dələduzluqda ittiham olunacaq. Müxalifət bildirir ki, belə bir aksiya Hüquq və azadlıq uğrunda Hərəkat Partiyasının parlament seçkisi öncəsi reytinq qazanmaq niyyətindən irəli gəlib. Ancaq nəyəsə görə Əhməd Doğan sui-qəsd cəhdindən bir neçə saat sonra səhnəyə çıxaraq 23 il ərzində rəhbəri olduğu partiya sədri vəzifəsindən istefa verdiyini vurğulayıb.
Bolqar millətçi partiyası olan “ATAKA”nın lideri Volen Siderov isə bildirib ki, hər bir halda belə bir aksiya etnik türkələrin konsolidasiyasında mühüm rol oynayacaq. Hakimiyyətin Oqtay Yenimehmedovun hərəkətini müxalifətin piarı kimi qələmə verdiyi bir vaxtda sıravi bolqarların əksər hissəsi məsələyə çox ciddi yanaşır. Onların fikrincə, ölkədə artmaqda olan türk millətçiliyinin fəsadları böyük ola bilər. Əlbəttə, bu mənada daha irəliyə gedənlər də var. Belələri ikinci enozisin baş verməsindən qorxurlar Hesab edirlər ki, Şimali Kiprdə olduğu kimi, Türkiyə ordusu etnik türklərin müdafiə adı altında Bolqarıstan ərazisinə girə bilər.
Təbii ki, Bolqarıstandakı türk millətçilərinin fəallaşaraq qeyri-adekvat hərəkətlərə yol vermələri, eləcə də təxribatlara çəkilmələri ilə türklərin ölkədən çıxarılmasını istəyən qüvvələrin də aktivləşməsi mümkündür.
Günel Əkbər