AMEA İdarəetmə Sistemləri İnstitutu  (İSİ) ilə elmi-texniki əməkdaşlıq çərçivəsində “SİNAM”  şirkətinin yaratdığı videokonfranslar, kollektiv onlayn müzakirələr və müxtəlif növ kütləvi onlayn tədbirlərin keçirilməsi üzrə virtual platforma kimi istifadə imkanlarına malik olan, müasir tələblərə cavab verən, xüsusilə ilk yerli istehsal olan “MEETADORE” proqram təminatı sınaqdan  keçirilib. Sınaq videokonfransı institutun rəhbərlyi, elmi şura üzvləri və “SİNAM”  şirkətinin nümayəndə heyətinin birgə iştirakı ilə keçirilmişdir.

Unikal.org xəbər verir ki, konfransda “SİNAM” şirkətinin direktoru Əbülfət Rəhmanov proqram təminatının geniş imkanlarını iştirakçılara nümaiş etdirmiş və istifadəyə tam hazır olduğunu qeyd etmişdir. Ə.Rəhmanov “Meetadore” sisteminin səsli və görüntülü danışığı təmin edən video konfrans proqram təminatı olduğunu bildirdi. O, sistemin COVID-19 və digər bu kimi problemlərlə üzləşən təşkilatların daha çevik və effektiv kommunikasiyası üçün geniş perspektivlər açdığını və müasir tələblərə cavab verməklə yanaşı, dünyadakı digər analoqlarından fərqli olaraq milli təhlükəsizlik baxımından daha əlverişli olduğunu qeyd etdi.

Ə. Rəhmanov “Meetadore” sisteminin  video-konfrans şəklində danışıqların təmin olunması ilə yanaşı, görüşlərin yaradılması, iştirakçıların əlavə edilməsi, görüşdən sonra videoyazının saxlanması, keçirilən görüşün protokolunun hazırlanması proseslərini də özündə əks etdirdiyini iştirakçıların diqqətinə çatdırdı. O, bu sistemin təkcə onlayn deyil, həmçinin oflayn görüşlər üçün də nəzərdə tutulduğunu bildirdi. Ə.Rəhmanov sistemin oflayn görüş növündə iştirakçılara görüşün tarixi və yeri haqqında məlumat vermək, görüşdən sonra protokol, videoyazı və fayl yükləmək imkanlarına malik olduğunu vurğuladı. Sınaq zamanı həm sistemin video-konfrans zamanı müəyyən məsələlərin səsverməyə çıxarılması, görüş iştirakçıları tərəfindən gizli və ya açıq səsvermənin nəticələrinin görüş monitorunda əks olunması, görüş iştirakçılarının görüşün gedişinə mane olmadan hamıya və ya hər hansı bir iştirakçıya məlumat göndərməklə çat şəklində yazışması imkanları da nümayiş olundu.

Ə.Rəhmanov “Meetadore” sisteminin daha bir mühüm imkanından danışdı. Sistem əvvəlcədən tərtib olunmüş “gündəlik” (agenda) əsasında hər bir çıxış etməsi planlaşdırılan iştirakçı üçün onun çıxışa başladığı vaxtdan başlayaraq çıxışın davametmə müddətini əks etdirməklə  reqlament əsasında çıxışların idarə olunmasını təmin edir.

Sonra İSİ-nin baş direktoru, akademik Əli Abasov çıxış edərək xarici analoqları ilə eyni, həmçinin ölkəmizin spesifik tələblərinə uyğun əlavə funksiyaları istifadəçilərinə təqdim edən, informasiya təhlükəsizliyi baxımından daha əlverişli olan bu sistemin Azərbaycanda onlayn konfranslar üçün optimal platforma hesab edilə biləcəyini söylədi.  O, "Meetadore"sisteminin müəssisədaxili onlayn və oflayn görüşlərin idarə olunmasında daha çevik və effektiv imkanlar təmin etməsi üçün geniş perspektivlər yaradacağını xüsusi qeyd etdi.

Sonra konfrans iştirakçılarının sualları cavablandırıldı və "Meetadore" sisteminin təqdim olunan funksionallığı İSİ nümayəndələri tərəfindən yüksək qiymətləndirildi və sistemin Azərbaycanda və xarici ölkələrdə stifadəyə tam yararlı olduğu qərara alındı.