"Novruz bayramı ərəfəsində Azərbaycanda koronavirus təhlükəsinin qarşısını almaq üçün preventiv tədbirlər görülməlidir".

Bunu Unikal.org-a açıqlamasında Türkiyənin Hacəttəpə Universiteti Xəstəxanasının Anesteziologiya və Reanimasiya şöbəsinin həkimi Turanə Rəsulova bildirib. O, qeyd edib ki, koronavirusun yeni şatmmının sürətlə yayılmaması üçün qapanma zəruridir:

"Son zamanlar Azərbaycanda koronavirusla bağlı rəqəmlər sürətlə artır. Əslində buna mutant virusun yayılması demək olar. Azərbaycanda yeni virusun analizinin aparılıb-aparılmadığını deyə bilmərəm. Düşünürəm ki, Azərbaycanda virusun belə sürətlə yayılması ictimai nəqliyyatda olan problemlərlə bağlıdır. Nəzərə alsaq ki, 9 günlük bayram tətili ərzində insanlar daha çox hərəkətdə olacaq və bir-birinə qonaq gedəcəklər. Bu dönəmdə qapanmanın olması toplum üçün faydalı olar. Mən Novruz Bayramı ərəfəsində qapanmanın tərəfdarıyam. Tam qapanma olmasa belə müəyyən məhdudiyyətlər tətbiq olunmalıdır. Düşünürəm ki, bu yoluxanların sayının azalmasına təsir edəcək. Əks halda koronavirusa yoluxanların sayı 2-3 minə qədər yüksələ bilər. Bu da xəstəxanalarda yer çatışmazlığına gətirib çıxarır. Hətta mutant virus yayılarsa, ölüm halları arta bilər. Yenə krizis yaşanmaması üçün qapanmanın olması mütləqdir".

Həkim həmçinin insanları gigiyenik qaydalara əməl etməyə səsləyib:

"Vaksin bu virusa qarşı silah hesab olunsa da, biz yenə də gigiyenik qaydalara əməl etməliyik. Mütləq sosial məsafə gözləməli, bir yerə toplaşmamalıyıq, əl gigiyenasına, tibbi maskaya üstünlük verməliyik. Vaksinasiya olunan şəxslər belə virusa yoluxur, yüngül keçirir. Buna baxmayaraq vaksin vurulanlar yenidən maskadan istifadə etməlidir. Vacib olmadıqca evdən çölə çıxmayın, ictimai nəqliyyatdan mümkün qədər az istifadə etməyə çalışın. Hər kəsə bu tövsiyyələrə əməl etməyi məsləhət görürəm".

Famil Fərhadoğlu