Sabiqlər Ziyalılar Forumunun qərarını gözləyir
Sabiqlər Ziyalılar Forumunun qərarını gözləyir

Eks yüksəkçinlilərin 2013-lə bağlı öz planları var

Son günlər bu ilin oktyabrında keçiriləcək prezident seçkiləri ilə bağlı müxalifət düşərgəsində fərqli tendensiyalar müşahidə olunmaqdadır. Cəmi 10-15 gün əvvələdək hakimiyyət opponentlərinin seçkiyə həmişəki kimi dağınıq, pərakəndə gedəcəyi yönündə əhval-ruhiyyə güclü idisə, indi atmosfer dəyişib; artıq YAP nümayəndələrinin də ilkin reaksiyalar verdiyi təzə ideya ortaya çıxıb.
Bu ideya barədə ilk olaraq Ziyalılar Forumunun həmtəsisçilərindən biri Rüstəm İbrahimbəyov bəyan etmişdi. İbrahimbəyov srağagün internet resurslarında yayılan bir bəyanatında isə həmin ideyanın müəyyən detallarını açıqladı: "2013-cü ilin oktyabrında yeni prezident seçkisi olacaq. Öz siyasi ambisiyaları olmayan Ziyalılar Forumu Milli Şuranın yaradılması ideyasını irəli sürüb. Şuraya əsas demokratik qüvvələrin, partiyaların və hərəkatların nümayəndələri daxil olacaq. Şərqdə ilk Respublikaya, Azərbaycan Xalq Cumhuriyyətinə başçılıq edən Milli Şuradan 95 il sonra, yeni yaradılan Şura qarşıdan gələn prezident seçkilərində vahid namizəd irəli sürməklə birləşdirici missiyasını yerinə yetirəcəkdir".
Milli Şurada AXCP və Müsavatın da ən yüksək səviyyədə təmsil olunacağı yönündə xeyli dəqiqləşmiş informasiyaların gəlməsi bu ideyanın reallaşacağı təqdirdə prezident seçkilərinə aylar qalan ölkənin ictimai-siyasi həyatında yeni aura formalaşdıracağı istisna edilmir.
Bizə bu istiqamətdə konkret təxminlərlə çıxış etməyə həm də əldə etdiyimiz ilginc bir informasiya təhrik edir; həmin informasiyada bildirilir ki, artıq bir çox tanınmış eks-məmurlar da Ziyalılar Forumunun konkret qərarını gözləyirlər, 2013 seçkilərində iştirak, təmsilçilik hüquqlarını həmin qərara uyğunlaşdırmağı planlayırlar. Onların da gözlənilən Milli Şura ilə hər hansı bağlarının qurulması qətiyyən istisna olunmur.
Məlumatlara görə, bu iri məmurlar arasında keçmiş maliyyə naziri Əvəz Ələkbərov, Əlixan Məlikov,keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev, Penitensiar Xidmətin keçmiş rəisi Aydın Qasımov, və digərləri var. Onlar Ziyalılar Forumunun digər həmtəsisçisi Eldar Namazovla vaxtilə eyni komandada işləyiblər və yaxşı münasibətlərə malikdirlər. Sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin isə Rüstəm İbrahimbəyovun özü ilə birbaşa və dərin əlaqələrinin olması onun da Ziyalılar Forumunun 2013 prezident seçkiləri ilə bağlı qərarına stavka etmək ehtimalını yaradan və artıran məqamdır.
Həmin eks məmurların uzun müddətdir hakimiyyətdən yeni görəv təmənnasında olduqlarını, amma bu istəklərinin reallaşmadığını və artıq reallaşa biləcəyinə dair inamlarını itirdiklərini diqqətə çatdıran bəzi informasiyalı mənbələr deyirlər ki, hazırki hakimiyyət komandasının keçmiş üzvlərinin artıq ümidlərini Ziyalılar Forumunun da təmsil olunacağı yeni hakimiyyətə bağlamaları anlaşılandır. Onlar Rüstəm İbrahimbəyovun qurumunun 2013 seçkilərində uğur şansını yüksək dəyərləndirdikləri üçün öz gələcəkləri adına ona meyllənmək ehtiyacı hiss edirlər.
Maraqlıdır ki, ortaya bu cür iddiaların çıxdığı bir vaxtda ekslərin xüsusi simpatiya duyduqları keçmiş komanda yoldaşları Eldar Namazov maraqlı açıqlama ilə çıxış etdi. O, bir neçə gün əvvəl bəyan etdi ki, hakimiyyətə gələcəkləri təqdirdə indiki hakimiyyətdə təmsil olunmuş və olunan bəzi vəzifəlilərlə əməkdaşlıq mümkün olacaqdır, yəni onların yeni iqtidarda da görəvləndirməsi mümkündür. Oxşar düşüncəni dolayı şəkildə İsa Qəmbər də müxtəlif zaman kəsimlərində bu və ya digər formada dilə gətirib. Onun fikrincə, hakimiyyətdə təmiz imicli və bacarıqlı kadrların potensialından yeni hakimiyyətin də yaranmasında qəbahət yoxdur.
Bax bu ümumi atmosferin içində müxtəlif vaxtlarda indiki iqtidarın sıralarından vurulmuş məmurların ümidlənmələri, Ziyalılar Forumunun öndərliyindəki müxalif hərəkata "stavka" etmələri, etməyə çalışmaları nə qəribə, nə də təəccüblü görünməməlidir.
Amma burada önəmli bir məqam da diqqətdən qaçmamalıdır: həmin sabiq məmurların bu və ya digər şəkildə müəyyən gəlir mənbələri qalır, müxtəlif dövlət orqanlarında heç də çox aşağı sayılmayacaq vəzifələrdə çalışan yaxınlarının da olması sirr deyil. Belədə isə istər-istəməz sual yaranır: onların gizli və ya aşkar formada 2013 prezident seçkiləri ilə bağlı müxalif hərəkata doğru meyllənmələri, onlara "stavka" etmələri həmin gəlir mənbələrinin və ya vəzifəli yaxınlarının təhlükə altına düşməsinə gətirib çıxara bilərmi? Və yaxud 2013 seçkilərində hədəflədikləri məqsədə çatmasalar, bu, onların gələcəklə bağlı bütün ümidlərinin sonu anlamına gələrmi? Axı indi prosesdən kənarda qalmaqla onlar heç olmasa, müəyyən ümidlərini qoruyurlar, özlərini siyasi mənada "yandırdıqları" zaman həmin ümidləri də bir növ yandırıb külə çevirmiş olacaqlar.
Hər bir halda bunlar onları düşündürməli olan məsələlərdir, biz sadəcə əlimizə çatan informasiyanı bölüşdürmək istədik. Adlarını çəkdiyimiz və çəkmədiyimiz keçmiş məmurların 2013 seçkiləri ilə bağlı Ziyalılar Forumundan gözləntilərinin nə qədər reallaşıb-reallaşmayacağını isə yəqin ki, yaxın həftələrdə, uzağı aylarda görəcəyik.

Azər Aslan