İsmayıllıdakı etirazların ilginc pərdəarxası
İsmayıllıdakı etirazların ilginc pərdəarxası

Ələkbərovlar qardaşlarının rayonu "özəlləşdirməsi" partlayışa yol açdı

Ölkə gündəminin baş mövzusu İsmayıllıda baş verən etirazlardır. İki gün ərzində davam edən və olduqca ciddi narahatlıqlar yaradan bu etirazların əslində yalnız hansısa xuliqanlıq hərəkətindən doğduğunu düşünmək sadəlöhvlükdür. Bu, adıçəkilən rayonda uzun müddətdən bəridir davam edən məmur özbaşınalığının məntiqi sonluğudur: hansısa xırda bir hadisə burada təkan rolunu oynayıb, səbəbləri isə İsmayıllının Ələkbərov qardaşlarının nəzarəti altında uzun müddətdir korrupsiyadan, rüşvətxorluqdan, işsizlikdən, yoxsulluqdan, məmur süründürməçiliyindən əziyyət çəkməsində axtarmaq lazımdır.

Həqiqət ondan ibarətdir ki, İsmayıllı əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun kurasiyasındadır; rayona onun qardaşı Nizami Ələkbərov rəhbərlik edir. İnternet üzərindən aparılan kiçik bir araşdırma kifayətdir ki, təkcə son bir neçə ildə İsmayıllı rayonunda yerli sakinlərin ən müxtəlif səpkili şikayətləri ilə qarşılaşasan, onların məmur özbaşınalığından bezdiyinə, dolanışıqlarını təmin etməkdə çətinlik çəkdiyinə, rayondakı torpaqların və meşələrin Ələkbərov qardaşları, onların yaxın adamları və digər iri məmurlar tərəfindən zəbt edilməsi, "şəxsi mülkiyyətə çevrilməsi" barədə etirazları, narazılıqları barədə oxuyasan, tanış olasan.
Gəlin müxtəlif vaxtlarda müxtəlif media səhifələrindən İsmayıllıda hökm sürən ağır sosial-iqtisadi durumun ümumi mənzərəsini göz önümüzdə canlandıraq:
- Kəndlərdə hələ də mavi yanacaq yoxdur. Əhalinin işsizlik səviyyəsi aşağıdır. İşsizlikdən gənclərin çoxu vaxtlarını çayxanalarda səmərəsiz keçirir. Rayonda toxuculuq, misgərlik, kənd təsərrüfatı kimi sahələrin inkişafı üçün əlverişli imkanların olmasına baxmayaraq, bu gün İsmayıllı cavanlarının 70-80 faizi, bəlkə də daha çoxu işsizdir. Meşələri qəddərcasına qırırlar. Vəzifəli şəxslər torpağı hasara alırlar, nəticədə heyvandarlığın inkişafına ciddi əngəl yaranır və s. və i.a.
Rayon rəhbərliyi isə illərlə ancaq bununla məşğul olub ki, İsmayıllıda ciddi iqtisadi-sosial inkişaf getdiyi barədə təsəvvürlər yaratmağa çalışsın, problemləri malalamaqla əhalinin əslində yağ-bal içində üzdüyünü, heç bir taleyüklü probleminin qalmadığını nümayiş etdirsin. Bu da axırı! Pafoslu və populist "inkişaf yalanları" indi Ələkbərovları acı reallıqla qarşı-qarşıya qoyub. Hansı ki, bu, onların hər ikisinin - həm nazir, həm icra başçısı qardaşın karyerası, əllərində topladıqları sərvətin gələcəyi baxımından ciddi təhlükədən xəbər verir.
Bəlkə bir çoxları unudub; amma biz yaxşı xatırlayırıq - cəmi 7-8 ay əvvəl İvanovka kəndinin bir qrup sakini prezident administrasiyası qarşısına toplaşaraq yerli rəhbərliyin əmməllərinə etirazlarını bildirdilər. Onlar son 5 ildə çoxlu qanunsuzluqlarla üzləşdiklərini dedilər, özlərinə rahat yaşamağa, işləməyə imkan verilmədiyini bildirdilər. Sakinlərin tələbi açıq idi: "Biz istəyirik bizi sıxışdırmasınlar, bizə işləmək imkanı versinlər. Son 5 ildə orda böyük pozuntulara yol verilir. Bizə ölkə rəhbərliyi su kəməri ayırıb, biz isə hələ indiyədək suyu görməmişik".
Bakıya gəlməmişdən əvvəl ivanovkalıların rayonun özündə də az etiraz aksiyaları olmamışdı. Digər kəndlərin sakinləri də zaman-zaman ölkə mətbuatına üzləşdikləri problemlərlə bağlı şikayət xarakterli müraciətlər ünvanlayırdılar.
Yəni əslində son illərdə rayon sakinlərinin kütləvi narazılığının İsmayıllının icra başçısına və onun nazir qardaşına qarşı üsyana hazırladığı aydın görünürdü. Nazir Füzuli Ələkbərovun İsmayıllı meşələrindən birində dəbdəbəli mülkü var, o bu mülkə əyləncə üçün gəlir, ov edir, motosikllə gəzir, həyatın dadını çıxarır. Bunu görən işsiz, sosial problemlərlə, yoxsulluqla üzləşən ismayıllıların qəzəbinin bir gün kür kimi daşması qaçılmaz idi.
Bir sözlə, Füzuli Ələkbərovla Nizami Ələkbərov bu gün İsmayıllıda "əkdiklərini biçirlər", illərdir rayonda yaranan və həll edilməyən problemlər bolluğunun altını çəkirlər. Bunun onlara xalqın küçə etirazlarından başqa nəyə başa gələcəyini isə qısa zamanda görəcəyik.
Ülviyyə Qasımlı