Xankəndi hava limanı müzakirəyə çıxarılır
Xankəndi hava limanı müzakirəyə çıxarılır

Xarici işlər nazirləri bir araya gəlir

Ermənistanın Xankəndi hava limanı ilə bağlı iddiası deyəsən regionda ciddi gərginlik yaradacaq. Belə ki, rəsmi Yerevan bəyan edir ki, yaxın günlərdə Dağlıq Qarabağdakı hava limanını işə salacaq. Azərbaycan tərəfi isə bəyan edib ki, belə bir addım atılarsa dərhal hərbi gücdən istifadə olunacaq. Buna görə də məsələ hələ də açıq olaraq qalır və Ermənistanın bu təxribatı get-gedə ciddiləşir.

Görünür bu səbəbdən ATƏT-in Minsk qurupu konkret addım atmağa çalışacaq. Belə ki, Dağlıq Qarabağdakı aeroport məsələsi çox güman ki, gələn həftə Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupu həmsədrləri ilə görüşündə müzakirə olunacaq.Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bildirib.
"Biz öz tərəfimizdən tərəfləri regionda gərginliyin artmasına səbəb ola biləcək və danışıqlara mane olacaq addımlardan çəkinməyə çağırmışıq. Həmsədrlərin qeyd etdiyi kimi, bu kimi addımlar xeyirli ola bilməz. Ümidvaram ki, Dağlıq Qarabağdakı aeroport məsələsi Parisdə müzakirə olunacaq və diplomatik məcrada öz həllini tapacaq".
Maraqlıdır, bəs bu danışıqlar hansı nəticələr çıxara bilər? Ekspertlər bildirir ki, məsələyə yanaşma bir mənalı deyil. Məsələn, ABŞ-in Ermənistandakı səfiri bir müddət öncə bəyan etdi ki, məlum hava limanı dinc məqsədlər üçün istifadə oluna bilər. Bu isə aşkar şəkildə Ermənistanın maraqlarına cavab verir. Bununla yanaşı Rusiya və Fransada məsələyə başqa cür yanaşır. Hər iki ölkə rəsmiləri də zaman-zaman bəyan ediblər ki,məlum hava limanının fəaliyyət göstərməsinə belə həssas yanaşmaq olmaz. Amma məsələnin başqa tərəfləri də var ki, gəlin bunlara aydınlıq gətirək. Öncəliklə bunu qeyd edək ki, məlum hava limanı bundan öncədə fəaliyyət göstərib və Ermənistandan Dağlıq Qarabağa uçuşlar həyata keçirilib. Amma indi məqsəd başqadır. Belə ki, Ermənistan bu hava limanından beynəlxalq statuslu hava limanı kimi istifadə etməyə çalışır. Belə olan halda isə bir məsələ anlaşılmaz olaraq qalır. Söhbət ondan gedir ki, beynəlxalq uçuşların həyata keçməsi üçün sənədlərdə Dağlıq Qarabağ ya Ermənistanın tərkib hissəsi kimi göstəriləcək, yada müstəqil subyekt kimi . Bu isə Azərbaycanın ərazi bütövlüyünün pozulması deməkdir. Buna görə də Azərbaycan təpkilərini kifayət qədər artırıb. Çox maraqlıdır ki, Avropada da məsələyə baxış eyni deyil. Məsələn, Almaniyanın Azərbaycandakı səfiri bəyan edir ki, bu hava limanı o zaman fəaliyyət göstərə bilər ki, buna Azərbaycan razılıq versin. Çünki Dağlıq Qarabağa uçuşlar Azərbaycanın hava məkanına daxil olacaq və bir ölkə öz hava məkanından istifadəyə icazə vermirsə, deməli bununla barışmaq lazımdır. İndi isə qayıdaq ATƏT-in Minsk qurupunun nəzərdə tutduğu görüşə və nəticələrə. Ekspertlər bildirir ki, bu görüşdə prinsipial razılıq əldə olunmayacaq. Çünki məsələ kifayət qədər şişib və burda həm də bir psixoloji savaş gedir. Belə ki, tərəflərdən hansı güzəştə gedəcəksə bu Dağlıq Qarabağ probleminin həllinə də bir başa təsir edəcək. Məsələnin digər mürəkkəb tərəfi isə budur ki, erməni lobbisi Avropada hava limanının istifadəyə verilməsi üçün ciddi kompaniya təşkil edib və demək olar ki, Azərbaycanı ağır sınaqlar gözləyir. İlk növbədə güman edilir ki, Avropa Şurası səviyyəsində məsələ gündəmə gətiriləcək və sözsüz ki, AŞ-in məsələyə loyal baxışını təmin etməyə çalışacaqlar. Bunu da qeyd edək ki, Ermənistan bu ildən Avropa Şurasına sədrlik edəcək və imkan yaranacaq ki, məsələni müzakirəyə çıxartsınlar. Bunu da qeyd edək ki, son zamanlar Ermənistan Avropa Şurasında ciddi lobbiçiliklə məşğuldur və öz xeyirlərinə qərar qəbul etdirməyə gücləri çata bilər. Buna görə də ekspertlər hesab edir ki, Azərbaycan çalışmalıdır ki, bu məsələnin müzakirəsi ATƏT-in Minsk qrupu çərçivəsində qalsın. Çünki ATƏT səviyyəsində aparılan müzakirələri istənilən an dayandırmaq mümkündür. Bununla yanaşı həm də ekspertlər hesab edir ki, iki ölkənin xarici işlər nazirlərinin görüşündə çox ehtimal ki, hava limanının fəaliyyətə başlamasının ləngidilməsi razılığı olacaq. Ən azından hər iki ölkədə prezident seçkilərinin sona çatmasına qədər.
Mehdi Əli