Türkiyə yığması Niderlanda qalib gəlib.

Unikal.org xəbər verir ki, futbol matçı İstanbul şəhərində keçirilib.

G qrupunda yer alan Türkiyə yığması əsas rəqibi sayılan Niderlandı Atatürk Olimpiya Stadionunda qəbul edib. Qonaqlar qrupun aşkar favoriti göstərilsə də, Şenol Günəşin yetirmələri ilk matçdaca gücünü göstəriblər. Burak Yılmazın qolları ilə birinci hissədə önə keçən “ay-ulduzlular” fasilədən dərhal sonra fərqi 3 topa çatdırıb.

Frank de Burun kollektivi sonlara yaxın iki dəqiqə ərzində 2 qol vuraraq rəqibi həyəcanlandırsa da, geridönüş edə bilməyib. Burak cərimə zərbəsindən gözəl qolla het-trikə imza atıb. Son dəqiqələrdə niderlandlılar penalti qazansalar da, Memfis Depayın zərbəsini dəf edən Uğurcan Çakır fərqin minimuma enməsinə imkan verməyib. Beləliklə, bol qollu alınan görüşdə qələbə qazanan Türkiyə millisi seçmə mərhələyə 3 xalla start götürüb.