Ələkbərov qardaşları cətin durumda
Ələkbərov qardaşları cətin durumda

Yandırılan otellə bağlı yalanın faş edilməsi onların durumunu daha da pisləşdirib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov və onun icra başçısı olan qardaşı Nizami Ələkbərovun durumu bir az da ağırlaşıb. Bu, qardaşların İsmayıllı rayonundakı yandırılan "Çıraq" otelinin onlara məxsusluğunun sənədlərlə isbatlanmasından sonra baş verib. Məlumatı etibarlı mənbədən almışıq.

Qeyd edək ki, İsmayıllıdakı olayın səbəbkarı kimi Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərov qeyd edilsə də, yerli rəsmilər bunu yalan olduğunu bildirdilər. Hətta icra başçısı Nizami Ələkbərov qardaşı oğlu Vüqar Ələkbərovun hadisə yerində olmadığını söylədi. Bu azmış kimi bildirdi ki, yandırılan "Çıraq" hotelinin Ələkbərovlara heç bir aidiyyəti yoxdur.
Ancaq Mədəniyyət və Turizm Nazirliyinin saytından götürülən məlumat tam əksini ortaya qoydu. Dünənki sayımızda da xəbər verdiyimiz kimi, nazirliyin saytında qeyd olunub ki, Ismayıllı şəhəri Nizami küçəsində yerləşən "Çıraq" oteli "VAFI" MMC-yə məxsusdur, MMC-nin təsisçisi isə Ələkbərov Vüqar Füzuli oğludur. Məlumat sosial şəbəkələrdə geniş yayılandan sonra nazirliyin saytından yığışdırılıb.
Bundan başqa Vüqar Ələkbərovun "Facebook" sosial şəbəkəsində profili üzə çıxıb. Vüqar Ələkbərov profilinin albom səhifəsində "Çıraq" hoteli ilə bağlı müxtəlif şəkillər qoyub. Bu da üzə çıxandan sonra səhifə bağlanıb.

Ələkbərovların
başqa hansı
obyektləri var imiş?

Dünənsə məlum olub ki, Vergilər Nazirliyinin rəsmi saytında da yazılıb ki, "Çıraq" otelinin sahibi "VAFI Turizm" MMC-dir. Məlumatda deyilir ki, "VAFI Turizm"ə "Çıraq" otelini işlətmək üçün ötən il dekabrın 26-da lisenziya verilib. Təsisçisi Həsən İsmayılovdur. "Həmin saytda oxşar adla "VAFI Region" MMC haqda da məlumat yerləşdirilib. Bu qurum da İsmayıllı şəhərində fəaliyyət göstərir.
İddialara görə, həmin MMC-lərin də Ələkbərov qardaşlarına aidiyyatı var. Çünki rəsmi sənəddə həmin MMC-nin təsisçisinin Vüqar Füzuli oğlu Ələkbərov olduğu bildirilir. "VAFI Region"un hüquqi ünvanı Ismayıllı şəhəri M.Orucov 100 göstərilir.
Ancaq həmin ünvanda yaşayan Ruhiyyə Cavadova 2009-cu ildən burda yaşadığını, belə bir MMC-dən xəbərsiz olduğunu deyib. "VAFI Region" isə 2010-cu il avqustun 4-də qeydiyyatdan keçib.
"Unikal"ın əldə etdiyi məlumata görə, "Çıraq" oteli tikilərkən onun ətrafına çəkilən hasarın, eləcə də işçilərin geyimlərinin üzərində "Improtex Real Estate" MMC-nin adı yazılıb.
Vergilər Nazirliyinin saytındakı məlumatda isə həmin kommersiya qurumunun təsisçilərindən biri "REY" MMC və Ələkbərova İradə Cəlal qızıdır. Burda da Vüqar Füzuli oğlu Ələkbərovun adı keçir, "REY"in qanuni təmsilçisidir. Yəni inşaatı da elə Ələkbərovların öz şirkəti aparıb.
Vergilər Nazirliyinin sənədlərində Vüqar Ələkbərovun "VAFI CONSTRUCTION" MMC-nin də təsisçisi olduğu barədə məlumata da rast gəlinir.
Ələkbərovlara
yanğından sonra
yalan zərbəsi

İsmayıllı hadisələrinin ilk günlərində ictimai rəyi çaşdırmaq məqsədi ilə yandırılan otelin onlarla bağlılığını inkar edən Ələkbərovların yalanının üstünün açılması həm nazir, həm də icra başçısı olan qardaşın durumunu qəlizləşdirib. Artıq onların vəzifələrində saxlanmaq ehtimalı çox aşağı qiymətləndirilir.
Xüsusən icra başçısı olan Nizami Ələkbərovun vəzifədən kənarlaşdırılacağına əksəriyyət şübhə etmir, onun nazir qardaşı, eyni zamanda himayədarı Füzuli Ələkbərovun da cəzalandırılacağı aydın məsələdir: bu cəza özünü ən müxtəlif formalarda göstərə bilər - Ələkbərovun görəvindən alınması da, indiyədək sahib olduğu sərvəti itirməsi də realdır. Amma ən real odur ki, onun kurasiya etdiyi İsmayıllı rayonu əmək və əhalinin sosial müdafiəsi nazirinin nəzarətindən çıxarılacaq. Bu qətidir.

Əslində
nə baş vermişdi?

Ələkbərovlar belə bir təəssürat yaratmağa çalışırlar ki, rayonda yaşananlar sırf məişət xarakterlidir və iki nəfər arasında hansısa xuliqan xarakterli hərəkətin məhsuludur. Amma bunun belə olmadığını elə yuxarıda nazir və icra başçısının İsmayıllını sözün həqi mənasında şəxsi mülkiyyətə çevirdiyini göstərən sənədli-sübutlu faktlar da təsdiqləyir.
Digər tərəfdən, yerli əhalinin qəzəbinə tuş gələn nazir oğlunun obyekti, icra başçısına məxsus mülkün həyətindəki "Hammer" və motosikletlər də olayın daha çox İsmayıllıda camaatın sosial qəzəbinin son həddə çatmasının işarəsi kimi qəbul edilməlidir. Rayonda həmin "Hammer" və motosikletlərdən nazirin oğlunun, əmisi uşaqlarının İsmayıllı meşələrində, dağlarında kef məclislərinə qalxmaq, ov əyləncələri qurmaq üçün yararlandığını demək olar ki, bilməyən yoxdur; ona görə də hiddətlənmiş kütlənin onları oda verməsini həm də Ələkbərovlara qardaşına mesaj saymaq mümkündür: "Elə başa düşməyin ki, biz yoxsulluq, işsizlik girdabında çabalayarkən sizin rayonda özünüzə necə kef, eyş-işrət məclisləri qurduğunuzdan məlumatsızıq!"

İsmayıllıdan gələn son xəbərlər nə deyir?

Rayonda baş verənlərin məişət hadisəsi kimi qələmə verilməsinin yanlışlığını son məlumatlar da təsdiqləyir: İsmayıllıda həm təzə həbslər həyata keçirilir, həm də camaatın yeni aksiyalar keçirə biləcəyinə dair siqnallar verilir.
Bunlar da təsdiqləyir ki, orada baş verənlər heç də bir neçə nəfərin arasındakı "şəxsi razborka" deyil, bu baş verənlərin dərin ictimai və sosial kökləri var. Artıq İsmayıllıda adamlar Ələkbərov qardaşlarının at oynatmasına dözmək fikrində deyillər, onlar rayonun rüşvət, korrupsiya, məmur özbaşınalığı və bürokratik süründürməçilik yuvası kimi qalmasını istəmirlər.
Yəqin ki, hökumətin aidiyyatı çevrələrində bütün bunlar dərin təhlil edildikdən sonra əmək və əhalinin sosial müdafiə naziri ilə onun icra başçısı olan qardaşının taleyi haqqında yuxarıda bəhs etdiyimiz variantların hər biri üzrə gərəkən siyasi qərar veriləcək.

Ülviyyə Qasımlı