Vətəndaş itaətsizliyi siqnalı
Vətəndaş itaətsizliyi siqnalı

Cərimələri verməkdən imtina etdilər

İsmayıllıya dəstək üçün Bakıda yanvarın 26-da keçirilən aksiya zamanı cərimələnənlər cəriməni ödəməyəcəklərini bildiriblər. Əslində buna adi məsələ kimi yanaşmaq olmaz və belə bir təşəbbüsün arxasında ciddi proseslər olacaq.

İlk növbədə cərimələr verilməyəcəyi təqdirdə qanunvericiliklə məhkəmə qərarı ilə cərimələrin ödənilməsi üçün həmin şəxslərin əmlakı hərraca çıxarılmalıdır ki, buda beynəlxalq təşkilatlar tərəfindən normal qarşılanmayacaq. Digər tərəfdən belə bir təşəbbüs itaətsizlikdir və hazırda müxalifətin tutduğu taktikada ölkədə kütləvi itaətsizliyin yaradılması ilə bağlıdır. Çox maraqlıdır ki, bunu cərimələnən şəxslərin özləri də bilir və açıq şəkildə bəyan edirlər. Məsələn, AXCP sədrinin müavini Gözəl Bayramlı isə 2 min AZN cərimə olunub. O, cəriməni ödəməyəcəyini bildirib: "Əvvələr cərimə az idi, heç o vaxt da ödəmirdim. İndi də ödəmək fikrim yoxdur".
Müsavat başqanının müavini Tofiq Yaqublunun qızı Nərgiz Yaqublu 500 manat cərimə olunub. Gənc müsavatçı bildirib ki, ödəmək üçün maddi imkanı yoxdur: "Onlar bilirlər ki,əhalinin buna imkanı çatmayacaq. Bilə-bilə bu addımı atıblar".
Gənc fəal Bəxtiyar Hacıyev 600 manat cərimə olunub və cəriməni ödəmək fikrində olmadığını diqqətimizə çatdırıb: "Cəriməni ödəməməklə bərabər eyni zamanda Nəsimi rayon Polis İdarəsini məhkəməyə də verəcəm, çünki onlar aksiyada iştirak etmədiyim halda məni cərimələdilər. Bununla bağlı apellyasiya şikayəti verəcəyik. Həmin şikayətdən sonra qərar qüvvədə qalsa da, yenə də cəriməni ödəmək fikrim yoxdur".
Bəxtiyar Hacıyev, hətta aksiya iştirakçısı kimi cərimələnsəydi belə, yenə də məbləği ödəməyəcəyini əlavə edib.
Gənc fəal Zaur Qurbanlı isə 550 manat cərimələnib. O da digər cərimələnənlər kimi sözügedən məbləği ödəməyəcəyini bəyan edib: "Biz "vətəndaş itaətsizliyi" adlı kampaniyaya start vermişik.Bununla bağlı mətbuat konfransı da keçirdik və orda cərimələnən şəxslərin çoxu iştirak etdi və hamımız qərar verdik ki. Cərimələri ödəməyək, bu ölü bir qanundur".Maraqlıdır,bəs vətəndaş itaətsizliyini həyata keçirtmək nə qədər mümkün ola bilər? Qeyd edək ki, Azərbaycan tarixində vətəndaş itaətsizliyi 1988-91-ci illərdə tez-tez təkrarlanırdı və demək olar ki, məhz vətəndaş itaətsizliyi və kütləvi tətillərlə o zamankı rejimə ciddi zərbə vuruldu. İndiyə gəldikdə isə ekspertlər bildirir ki, dövlət büdcəsində olan təşkilatlarda çalışan insanlar müxalifətə o qədər də meyilli deyillər və bu səbəbdən onların belə bir prosesə qatılmaları mümkün deyil. Özəl sektorda çalışan şəxslərə gəldikdə isə onlarda bu prosesə qatılmayacaqlar və belə olan halda kütləvilik təmin olunmayacaq. Buna baxmayaraq belə bir prosesin başlanması müxtəlif fəsadlar yarada bilər. Məsələn, elə cərimələri ödəməkdən imtina, icazə verilmədən aksiyaların keçirilməsi vətəndaş itaətsizliyinin ilk rüşeyimləridir və bunu daha da qloballaşdırarlarsa mövcud hakimiyyət müəyyən addımlar atmalı olacaq. Bu addımlar isə sözsüz ki, cinayət məcəlləsi ilə sonunclanacaq ki, nəticədə beynəlxalq qurumlar məsələyə daha həssas yanaşacaqlar. Bunu da qeyd edək ki, artıq Avropa İttifaqı, Avropa Şurası kimi təşkilatlar cərimələrin artırılmasına ciddi etiraz ediblər və hazırkı vəziyyətdə bu etirazlar daha da sistemləşdirilə bilinər. Bununla yanaşı son zamanlar regionlarda baş verən prosesləri də unutmaq olmaz. Bakıda başlanan vətəndaş itaətsizliyi bölgələrə keçərsə bu artıq ciddi problemə çevrilə bilinər. İstər Qubada icra hakimiyyəti başçısının evinin yandırılması, istər İsmayıllıda otelin yandırılması, istərsə də Neftçalada məmur maşınının yandırılması əslində vətəndaş itaətsizliyinin ən sərt formasıdır. Düzdür, hadisələr baş verən kimi hakimiyyət əks addımlar atdı. Amma hadisələrin bu şəkildə inkişafı təsdiqləyir ki, sabah hadisələr daha qlobal hal ala bilər və belə olan şəkildə bunu inzibati yollarla həll etmək sadəcə mümkünsüz olar. Bunu da qeyd edək ki, qarşıdan prezident seçkiləri gəlir və vətəndaş itaətsizliyinə cəhd halları daha da artacaq. Buna görə bu gün aksiyalara görə vətəndaş itaətsizliyinə başlanan hazırlığa xüsusi diqqət yetirmək lazım olacaq.
Fuad Əliyev