"İlqar İsmayılov 2007-ci ildə "İdeal" şirkətini yaradıb. O, uzun müddət bu şirkətin həm təsisçisi, həm də direktoru olub. Bu müddət ərzində başqa bir şəxslə şərik olub".

Bunu Unikal.org-a açıqlamasında "İdeal" mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun vəkili İlhamə Həsənova deyib.

O bildirib ki, həmin vaxt İ.İsmayılovla şəriki arasında mübahisələr yaranıb:

"İlqar İsmayılov 2017-ci ildə öz şirkətinin əmlakını mənimsəmədə ittiham olunub və saxlanılıb. O, həbsdən azad olunduqdan sonra şirkətdəki bütün payını digər təsisçiyə ötürüb. Bundan sonra isə məhkəmədə şirkətdəki payının və əmtəə nişanının geri qaytarılması tələbilə çoxsaylı iddialar qaldırıb. Həmin iddialar üzrə icraatlar davam edir. Aprelin 5-də İ.İsmayılov Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə dəvət olunub və ona 2013-2014-cü illərdə "İdeal" şirkətinin 600 min manat vəsaitini mənimsəməsi ilə bağlı ittiham elan edilib. Bu ittiham məhkəməyə göndərildi və onun barəsində 1 ay 22 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Həmin qərardan apellasiya şikayəti vermişik. 

İ.İsmayılova irəli sürülən ittihamları əsasssız hesab edirik. Çünki Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində özgə əmlakını mənimsəmə nəzərdə tutulur. Sözügedən zamanlarda isə o, "İdeal" şirkətinin sahibi olub. Heç bir şəxs öz əmlakını mənimsəməkdə təqsirli bilinə bilməz. Hazırda həmin qərardan apellasiya şikayəti vermişik".

Famil Fərhadoğlu