Britaniyanı qarışdıran qalmaqal
Britaniyanı qarışdıran qalmaqal

Əlahəzrət kraliçanın məxfi səlahiyyətləri üzə çıxdı

Britaniya haqqında əksər turist-bələdçi kitabları - Birləşmiş Krallığın konstitusiyalı monarxiya olduğunu və kraliçanın ölkənin həyatındakı rolunun yalnız mərasimlərlə məhdudlaşdığını bildirir. Britaniyanın məktəb dərsliklərində də buna bənzər şeylər söylənir.

Lakin indi, bircə məhkəmə qərarı ilə açıqlanmış sənədlərdən görünür ki, Britaniya monarxı qüdrətinə görə Səudiyyə krallarından geri qalmırmış.

Bu səlahiyyətlərdən
seçilmiş bəndələrin də
xəbəri yoxmuş

Maraqlıdır ki, bunu indiyədək nəinki sadə təbəələr, hətta seçilmişlər - millət vəkilləri də bilmirmişlər. Sənədlərdən bəlli olub ki, bir sıra mühüm qanun layihələri üçün kraliçanın razılığı alınırmış.
Söhbət, həm də əlahəzrətin öz şəxsi mülkiyyətinə aid qanun layihələrindən gedir.
Britaniya mediası xəbər verir ki, qanunların qəbulunda və mühüm qərarların çıxarılmasında, bəzi hallarda təkcə kraliçanın yox, onun böyük oğlu, vəliəhd şahzadə Charles-ın da rəyi nəzərə alınırmış. Təkcə son vaxtlar 39 belə qanun layihəsinə əlahəzrətin xeyir-duası üçün müraciət edilibmiş.
Britaniya hökumət dəftərxanasından məhkəmə qərarına əsasən açıqlanmış sənədlər toplusundan bəlli olub ki, baş nazir və nazirlər əvvəllər güman edildiyindən daha çox məsələlərdə əlahəzrətin və vəliəhdin fikrini öyrənməliymişlər.
Məsələn, son vaxtlarda ali təhsil, atalıq dekreti (çağaya atası baxdığı hallarda ödənilən müavinət), vətəndaşlıq vəsiqəsi kimi qanunların qəbulundan əvvəl 2-ci Elizabetdən və Çarlzdan icazə alınıb.

Kraliça baş komandanlığı əldən vermir

Ancaq "uşaqpulu" kimi məsələlər boş şeydir. Heç demə, kraliça 1999-cu ildə İraqa qarşı Hərbi Əməliyyat haqqında qanun layihəsinə veto qoyubmuş. Heç də ona görə yox ki, əlahəzrət İraqa qarşı müharibənin əleyhinə olub. Sadəcə, həmin qanun müharibəyə başlamaq qərarının verilməsi səlahiyyətini monarxdan alaraq parlamentə verməliymiş.
2004-cü ilin Vətəndaş Nikahı haqqında qanun qəbul olunarkən də kraliça ilə məsləhətləşmə aparılıb. Üstəlik, bu qanunun onun özünə də dəxli varmış. Çünki Edinburq şahzadəsi Filip kral yox, kraliçanın əri sayılır.
Ancaq "kraliçanın əri" termini heç vaxt işlədilmir. Qəzetlər yazır ki, şahzadə Philip belə bir statusdan o qədər bezibmiş ki, bir vaxtlar, cavanlığında, Baş nazir Cörçilə şikayətlə müraciət edib. Kraliçanın əri uşaqlarından heç olmasa birinə öz soyadının verilməsini istəyirmiş.

Parlamentdən üstün?

"Bu, kraliçanın yalnız mərasim funksiyasına malik olduğunu düşünənlərin gözlərini açan informasiyadır", - Liberal Demokrat Partiyasından millət vəkili Andrey Georgi deyib. O daha sonra əlavə edib: "Bu, o deməkdir ki, kraliça və ailəsi demokratik prosesdə fəal rol oynayır. Bizə burda, parlamentdə daha çox şəffaflıq lazımdır ki, baxaq, görək bu təsir səlahiyyətləri və veto haqqı nə dərəcədə məqsədəuyğundur. Bu xəbəri biz nə vaxt alsaydıq, təəccüblənəcəkdik və düşünəcəkdik ki, heç demə, parlament bizim düşündüyümüzdən daha az qüdrətə malik imiş".
Veto hüququ vəliəhd şahzadə Çarlz tərəfindən on dəfələrlə istifadə olunub.
Dövlət dəftərxanasının qaydalarına görə, dövlət qulluqçuları qəbul ediləcək bütün qanun və qərar layihələri barədə əlahəzrəti xəbərdar etməyə borcludurlar. Hətta qanunlara əlavə və düzəlişlər də, bu baxımdan, istisna təşkil etmir.
Hüquqşünas-alim Con Kirkof informasiya azadlığı uğrunda uzun illər mübarizə aparıb. O deyir ki, burada söhbət hesabatı heç kəsə verilməyən real səlahiyyətlərdən gedir.
Bu məsələ Britaniya parlamentində çox ciddi narahatlığa səbəb olub. Nazirlərdən əlahəzrət və onun oğlu ilə məsləhətləşdirilmiş bütün qanun layihələrinin siyahısı tələb edilib.

Kraliçanın razılığı öz mülkiyyəti barədə əsasdır

Qaydalara görə, kraliçanın razılığı əsasən onun şəxsi mülkiyyətinə, şəxsi və ailə maraqlarına toxunan qanun layihələrinin müzakirəsi zamanı lazımdır.
Ailə üzvlüyünə rəsmən şahzadə Çarlzın xanımı Kornvol baronessası da daxildir. Beləliklə, onun mülkiyyəti də parlament tərəfindən yüksək məqamın xəbəri olmadan müzakirə edilə bilməz. Ümumilikdə, bu, o deməkdir ki, öz mülkləri və onlardan gələn gəlirlər barədə qərarlarda əlahəzrət kraliça parlamentdən yüksək səlahiyyətlərə malikdir.
2-ci Elizabet Lankaster qraflığındakı 19 hektar torpaqdan və 10 qəsrdən gəlir götürür.
Şahzadə Çarlzın Kornvol qraflığından illik gəliri 18 milyon funt sterlinqdir.

Kraliçanın istifadə
etmədiyi veto hüququ

Bukinqem Sarayı hay-küyü sakitləşdirməyə çalışıb. Saray sözçüsü deyib ki, tarixən əldə olunmuş konvensiyaya görə, parlament taxt-tacın maraqlarına toxunan qanunların qəbulu zamanı əlahəzrətlə məsləhətləşmə aparmalıdır. O, əlavə edib ki, kraliça hətta bu hallarda da qanunlara veto qoymur.
O, eyni fikirləri şahzadə Çarlza da aid edib və bildirib ki, vəliəhd Kornvol qraflığına dair hər hansı qanunlara indiyədək etiraz etməyib.
Seçilmiş dövlət başçısı uğrunda "Respublika" kampaniyasının rəhbəri Qraham Smit bütün bənzər sənədlərin açıqlanmasını tələb edir. Onun fikrincə, elə təkcə müharibəyə başlamaq qərarının kraliça ilə müzakirəsi nəyə desən dəyər. İndi bu məsləhətləşmə nəticəsində qanunun hansı dəyişikliyə uğradığı məsələsi araşdırılmalıdır.
Hökumət administrasiyası sözügedən 30 səhifəlik daxili "təlimat"ın ictimaiyyətə açıqlanmaması üçün uzun müddət mübarizə aparıb, lakin məhkəmədə uduzub.

Təbəələr sosial
şəbəkələrdə nə yazırlar?

Bu məsələ Britaniyanın sosial şəbəkələrində çox hay-küylü şəkildə müzakirə olunur.
Yeri gəlmişkən, demək lazımdır ki, bu məlumat ilk dəfə sosialist və anti-monarxist sentimenti ilə seçilən "The Guardian" qəzetində dərc olunub. Qəzet öz oxucularına məqaləyə istədikləri qədər şərh yazmaq imkanı verib.
Belə şərhçilərdən biri yazır: "Hazırda hökumət sosial təminat müavinətlərini kəsməyi planlaşdırır. Təklif edirəm ki, bu işə monarx ailəsindən başlasınlar".
Bir çox şərhlərdə, müəlliflər bu məsələnin onların heç vecinə də olmadığını yazırlar.
Bu arada Britaniyada royalist - yəni monarxiyapərəst sayılan "The Daily Telegraph" qəzeti Kraliça və Çarlzla məşvərət olunmuş qanun layihələrinin sayını dərc edib.
Bunlardan 20-si 2-ci Elizabetin və daha 20-si Uels şahzadəsinin payına düşür.

Konstitusiyalı monarxiyada elə belə də olmalıdır

"Adam" nikli oxucu isə yazır: "Bir çox adamlar başa düşmürlər ki, parlamentdən keçən hər bir qanun layihəsi xeyir-dua üçün əlahəzrətin masası üstünə qoyulur. "Monarx razılığı" adlanan bu proses bütün qanunları əhatə edir. Əslində, 1707-ci ildən bəri kral ailəsinin heç bir üzvü heç bir qanunu əngəlləməyib. Burda heç bir məxfi qəsd yoxdur. Bu, konstitusiyalı monarxiyadır!".
Liverpul şəhərindən Kristofer Munro diqqəti belə bir məqama çəkir ki, bütün bu qalmaqalın içərisində ən ciddisi monarxın müharibə əmri hüququnun parlamentə verilməsini nəzərdə tutan qanun layihəsinə veto qoymasıdır. "Biz indi tələb etməliyikmi ki, o da parlament komitəsi qarşısında İraq müharibəsinin məqsədəuyğunluğu barədə hesabat versin?" - Munro yazır.

Zülfüqar Rüfətoğlu