Aydın Bəşirovun Xaçmazda torpaq davası
Aydın Bəşirovun
Xaçmazda torpaq davası
Qərib Məmmədov "gəmiçilik şefi"nə söz keçirə bilmir

Bu günlərdə maraqlı bir statistika açıqlandı. Həmin statistikaya görə, Azərbaycanda 2400 ailə 1996-cı ildən əvvəllər kolxoz və sovxozlara məxsus olmuş torpaqlardan pay alacağını gözləyir.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK) mütəxəssisləri bildirir ki, bunun obyektiv və subyektiv səbəbləri var. DTXK aparatının rəhbəri Rafiq Süleymanov deyib ki, bir sıra islahat aparılacaq torpaqlar sərhəd zonasındadır (iki kənd RF-lə sərhəddə). Ermənistanla cəbhə xəttində (Qazaxda kənd), eləcə də Goranboy, Tərtər və başqa rayonlarda təmas xəttində islahatlar qismən başa çatıb. Bir sıra rayonlarda (Astara və Lənkəran) özəlləşdiriləcək torpaqların bir hissəsi dövlət meşə fonduna aiddir.
DTXK-nin məlumatına görə, 2012-ci il dekabrın 31-i üçün 873 618 ailədən (3 438 625 nəfər) 871 220 ailə (3 428 136 nəfər) 1 393 274 ha torpağa sahibliyini sənədləşdirib. 1726 ha torpaq paylanmayıb. Mülkiyyət formasına görə torpaqların strukturu belədir: dövlət torpaqları 4 913,6 min ha (56,9%), bələdiyyə torpaqları 2 032,7 min ha (23,5%) və özəl torpaqlar 1 695,1 min ha (19,6%).
Biz bu mövzu ilə bağlı ilginc bir məlumat əldə etmişik. Həmin məlumata görə, Azərbaycanın şimal rayonlarının birində bir kəndin sakinlərinin torpaqsız qalmasının olduqca maraqlı səbəbi var.
Belə ki, Xaçmazın Müqtədir kəndində kəndlilərin torpaqsız qalması heç də obyektiv səbəbdən deyil. Səbəb kifayət qədər subyektivdir, səbəbkar isə ölkənin iri oliqarxlarından sayılan "gəmiçilik şefi" Aydın Bəşirovdur.
Məlumata görə, Müqtədir kəndindəki torpaq sahələrinin yerli əhaliyə paylanmasına məhz Aydın Bəşirov mane olur. Səbəb kimi isə onu göstərir ki, həmin torpaqlar Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin (XDGİ) yardımçı təsərrüfatına məxsusdur və bu səbəbdən də artıq uzun illərdir bu torpaqlar vətəndaşlara paylamaq üçün razılıq verməkdən imtina edilir.
Bizdəki bilgilərə görə, məsələyə şəxsən DTXK sədri Qərib Məmmədov da müdaxilə edib. O, Aydın Bəşirova bununla bağlı iradlarını çatdırıb və həmin torpaqların kənd sakinlərinə paylanmasına razılıq verməsini istəyib. Amma "gəmiçilik şefi" bundan imtina edib. DTXK mütəxəssisləri sözügedən torpaqlar üzərində XDGİ-nin "ağalığı"nın qanuni əsasları olmadığını bildirsələr də, bunu adıçəkilən idarənin rəhbərliyinə anlatmaq mümkün deyil, daha doğrusu, Bəşirovun idarəsi bunu anlamaq istəmir.
Nəticədə isə Xaçmazın bir kəndinin sakinləri torpaqsızdır. Vəziyyətin nə vaxtadək belə davam edəcəyini isə heç kim bilmir.
Ülviyyə Qasımlı