Məmurlar əmlaklarını satışa çıxarır
Məmurlar əmlaklarını satışa çıxarır

Əyalətlərdəki xalq qəzəbi onların gözünü qorxudub

Azərbaycanın bəzi bölgələrində yerli camaatın son bir ildə yerli məmurlara qarşı qəzəbinin üsyan həddinə çatması istər həmin, istərsə də narazılığın yüksək olduğu digər bölgələrin vəzifəli şəxslərində əndişə yaradıb. Artıq bir çox bölgələrdə yerli rəhbərlərin, onlara yaxın adamların əl-ayağa düşdüyü və önləyici tədbirlər görmək üçün hərəkətə keçdiyi barədə məlumatlar gəlməkdədir.

"Unikal"a daxil olan belə məlumatların birində qeyd olunur ki, son günlər bəzi rayonlarda icra başçıları və onlara yaxın olan şəxslər rəhbərlik etdikləri rayonların ərazisindəki şəxsi mülklərini və ticarət obyektlərini satışa çıxarırlar. Məqsəd həm mümkün xalq etirazı zamanı onların İsmayıllı və Qubada olduğu kimi, yerli əhalinin qəzəbinə tuş gələrək yandırılıb külə döndərilməsini önləmək, həm də satışdan götürələcək vəsaitlə təhlükəsiz yerlərdə yeni əmlaka sahib olmaqdır. "Təhlükəsiz yerlər" deyərkən daha çox başqa rayonların ərazisində (hansı ki, orada mülk və obyekt sahibinin kənar şəxs olması onları xalq qəzəbindən sığortalaya
bilər) və qonşu ölkələrdə daşınmaz əmlaka sahib olmaq nəzərdə tutulur.
Qeyd edək ki, dövlət qulluğunda çalışan vəzifəli şəxslərin hazırkı əmək haqqı orta statistik azərbaycanlının yaşayışı üçün normal, hətta əla sayıla biləcək məbləğdədir. Lakin orta və yüksək vəzifəli bu şəxslərin orta aylıq əmək haqqı ilə tərs mütənasiblik təşkil edən real sosial və iqtisadi imkanları, hətta dünya miqyaslı zənginlərlə müqayisə oluna bilər. Sadə camaat Azərbaycanın nüfuzlu sənaye, istehsal, ticarət obyektlərinin böyük əksəriyyəti, eləcə də dəbdəbəli malikanələrin çoxunu dövlət məmurlarının adı ilə bağlayır. Bu malikanələrin bəziləri icarəyə verilir, bəziləri aylarla bağban və ya qarovulçuların ümidinə qoyulur, az bir qismi isə sahibinin real yaşayış ünvanına çevrilir.
Ola da bilər ki, hansısa dəbdəbəli villaları və yaxud yüksək gəlirli ticarət obyektlərini vəzifəli şəxslərin özləri yox, başqa şəxslər tikdiriblər. Bu, hansısa təsadüfi imkansız adam da, adlarını hallandırdığımız şəxslərin yaxın qohumları da ola bilər. Amma fakt budur ki, yerli sakinlər mal-mülk sahibi kimi yalnız həmin vəzifəli şəxsləri tanıyırlar. Tanıyır və son on ildə orta aylıq əmək haqqı 300-350 dollardan artıq olmayan hər hansı bir məmurun özünə dəbdəbəli həyat tərzi qurduğunu görəndə içərisində ona qarşı kin yaranır. Həmin kin isə sonradan avlovlanan xalq qəzəbinin bir nömrəli hədəfi olur. Biz bunu əvvəl Qubada, sonra İsmayıllıda baş verən kütləvi etirazlar zamanı gördük. Həmin ünvanların sabah harada baş verəcəyini isə
təxmin etmək çətindir, çünki digər bölgələrdə də vəziyyət adıçəkilən rayonlardan fərqli deyil.
Fərqli deyilsə, deməli, həmin bölgələrdə də günlərin bir günü məmurların korrupsiya yolu ilə varlanmasından, onların özbaşınalığından, süründürməçiliyindən, haqsızlığından boğaza yığılmış, sadə vətəndaşların isə bir qarın çörək üçün min bir zillətə qatlanmasından bezmiş geniş kütlələri hərəkətə gətirə, üsyana sövq edə bilər. Məhz bunu nəzərə alaraq biz artıq bir çox rayonlarda yerli iri məmurların əl-ayağa düşərək öz əmlaklarını təminat altına almaq məqsədi ilə müxtəlif variantlara baş vurmasında təəccüblü heç nə görmürük.
Amma bu zaman belə bir sual da aktuallıq qazanır: əmlaklarını satışa çıxarmaq, rəhbərlik etdikləri rayondan kənarlaşdırmaq həmin məmurlar üçün yeganə çıxış yolu deməkdirmi? Olmazmı ki, artıq öz cibi üçün işləməkdən vaz keçib bir az da sadə camaatın maraqları adına çalışsınlar, rüşvətdən, korrupsiyadan axır ki, vaz keçsinlər, fəaliyyətlərini qanunların aliliyi prinsipi üzərində qursunlar və beləliklə hər hansı əndişəyə, əl-ayağa düşməyə, səksəkə içində də yaşamağa ehtiyac qalmasın?
Bu, doğrudanmı, sizin üçün çox çətindir, ey cənab məmurlar?!
Azər Aslan