“Vətən müharibəsi Azərbaycanın hər cəhətdən güclü dövlət olduğunu bütün dünyaya sübut etmiş oldu. Ölkəmizin iqtisadi gücünün olması isə parlaq Zəfərimizi təmin edən əsas amillərdən biri hesab edilə bilər. Çünki iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”.

Bu fikirləri Unikal.org-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib. O bildirib ki, Azərbaycanın iqtisadi cəhətdən güclü olmasını postmüharibə dövründə də görmək mümkündür: “Belə ki, müharibənin yaratmış olduğu mənfi təsirlərin aradan qaldırılması istiqamətində görülən işlər, şəhid ailələri və müharibə əlillərinə dövlət tərəfindən davamlı diqqətin göstərilməsi ölkəmizin iqtisadi gücünə bağlıdır. Azərbaycan sosialyönümlü dövlətdir və ölkə başçısı, cənab Prezident İlham Əliyev hər zaman qeyd edir ki, mənim siyasətimin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bütün bu əsasda dövlətimiz tərəfindən ölkə vətəndaşlarının sosial-rifah halının yaxşılaşdırılması üçün davamlı olaraq tədbirlər həyata keçirilir. Postmüharibə dövründə  dövlətimizin sosial siyasətinin əhatə dairəsi daha da genişlənib.  Belə ki, şəhid ailərinin hərtərəfli dövlətin təminatına götürülməsi, müharibədə yaralanan hərbiçilərimizin müayinə-müalicə, reablitasiya kursları keçmələri, eyni zamanda yüksək texnoloji protez və avadanlıqlarla təmin olunmaları bu istiqamətdəki işlərin bir qismidir. Bundan əlavə şəhid ailələri və müharibə veteranlarına mənzil və avtomobillərin verilməsi də dövlətimizin sosial siyasətinin əsasını təşkil edir”. 

Deputat onu da qeyd edib ki, bu günə qədər 2862 şəhidin 7314 ailə üzvünə 13333 sosial ödəniş (pensiya, müavinət, təqaüd) təyin edilib, bütün mülki şəhid ailələrinə təyinatlar yekunlaşdırılmış, 252 müharibə əlilinə sosial ödənişlər təyin edilib: “2021-ci ilin planı üzrə artıq 260 mənzil şəhid ailələri və müharibə əlillərinə verilmişdir. Eyni zamanda keçmiş məcburi köçkünlər üçün inşa olunmuş 6365 mənzilin şəhid ailələrinə verilməsi üçün işlər aparılır ki, məhz ilk mərhələdə Bakı, Sumqayıt, Abşeron üzrə 2600 mənzil şəhid ailələrinə veriləcəkdir.

Postmüharibə  dövründə məşğulluq və özünüməşğulluq məsələləri dövlətimizin diqqət mərkəzindədir. Məşğulluq və özünüməşğulluq proqramları çərçivəsində 7293  nəfərlə ümumi iş aparılmışdır ki, onlardan da 5 412  nəfərin məşğulluğu təmin olunub”.

C.Osmanovun sözlərinə gööörə, istər müharibə dövründə, istərsə də postmüharibə dövründə maaş, təqaüd və müavinətlərin ödənişlərində heç bir gecikmələr olmayıb və ölkə üzrə təqaüdlərin ödənişləri hər ayın 15-nə kimi həyata keçirilib: “Ölkədə sosial müdafiə tədbirlərinin gücləndirilməsi, pensiyaçıların rifahının yaxşılaşdırılması məqsədilə Prezident İlham Əliyevin 5 fevral 2021-ci il tarixli Sərəncamı ilə Əmək pensiyalarının indeksləşdirilməsi həyata keçirilmiş və artımlar 2021-ci ilin 1 yanvar tarixindən tətbiq olunmuşdur. Cənab İlham Əliyev  25 yanvar 2021-ci il tarixdə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncam imzalamışdır ki, bununla da Sərəncamda qeyd olunan kateqoriyadan olan şəxs və ailələrin 2021-2025-ci illər ərzində mənzil və ya fərdi yaşayış evləri ilə təmin edilməsi həyata keçiriləcəkdir. Şəhidlər, müharibə əlilləri və veteranların dəqiq uçotun aparılması və operativliyi təmin etrmək üçün  elektron reyestrin yaradılması planlaşdırılır ki,  bu  məqsədlə  də Azərbaycan Respublikası qanunlarına dəyişikliklərin edilməsi üçün Milli Məclisdə müzakirələr aparılır. Şəhid ailələri və müharibə əlilləri məhz bundan sonra da dövlətin diqqət mərkəzində olacaq və onların sosial-rifah halının davamlı olaraq yaxşılaşdırılması üçün lazimi tədbirlər həyata keçiriləcək”.

Murad İbrahimli