21 aprel 2021-ci il tarixində  “Xəzər bölgəsinin inkişafında universitet-müəssisə əməkdaşlığını həyata keçirmək üçün istehsalat müəssisəsi pilot kursları, PICASP” Avropa Komissiyası tərəfindən maliyyələşdirilən Eramus+ KA 2 layihəsi çərçivəsində tərəfdaşı ölkə üzvü olan Qazaxıstan Beynəlxalq Biznes Universiteti tərəfindən “Mədəni irs turizmi sahəsində peşəkar səriştələrin inkişaf etdirilməsi üçün” Qazaxıstan regional sahibkarları və assosiasiyaları ilə dəyirmi masa baş tutdu.

ATMU-dan Unikal.org-a verilən məlumata görə, dəyirmi masanın əsas məqsədi turizm təhsili sahəsində Qazaxstan turizm sənayesi sahəsində gözləntilərin öyrənilməsi və layihə çərçivəsində maraqlı tərəflərin cəlb olunması üçün imkanların araşdırılmasıdır.  Zoom tətbiqi vasitəsilə onlayn formatda həyata keçirilən görüşdə ATMU-nu Elm və innovasiya şöbəsinin “Elmi innovasiya” bölməsinin rəhbəri Faina Qaçabəyova ATMU-nu təmsil etdi. Görüş zamanı ATMU üzrə PICASP layihəsinin koordinatoru tərəfindən qeyd  olundu ki, ATMU konsorsiumun digər tərəfdaşları, o cümlədən Qazaxıstan, Rusiya, eləcə də Avropa İttifaqı ölkələri ilə birgə proqramların inkişafı və təlimlərin keçirilməsi, o cümlədən mövcud layihə üzrə qarşıya qoyulan məqsədlərə birgə nail olmağa hazırdır və bu kimi təşəbbüsləri daim dəstəkləyir. 

Həmçinin,  Qazaxıstan turizm sənayesinin yerli nümayəndələri, Xəzər Universitetinin Tədris və öyrənmə mərkəzinin direktoru Ülkər Bayramova və layihənin tərəfdaşları olan İtaliya, Litva, Qazaxıstan və Rusiya ali təhsil müəssisələrinin nümayəndələri də sözügedən görüşdə iştirak edib fikir mübadiləsi etdilər.  

Qeyd olunmalıdır ki,  ATMU Avropa Komissiyası tərəfindən maliyyələşdirilən PICASP Erasmus+ KA2 layihəsinə 2021-ci ildən qoşulub və konsorsium üzvləri ilə birgə turizm və sahibkarlıq mövzusunda sənayenin gözləntilərinə cavab verən praktiki onlayn kursların təşkilini hədəfləyir.