Erməni diplomatiyasının gizlinləri
Erməni diplomatiyasının gizlinləri

Azərbaycan diplomatiyasının gerçəklikləri

Son illər erməni lobbisinin Azərbaycana yönəli siyasətində yeni çalarlarla üz-üzə qalmaqdayıq.Öncələr erməni lobbisi fəaliyyətini aşağıdakı prinsiplər üzrə qurmuşdu.

1. Türkiyəyə qarşı erməni “soyqırım”ı kompaniyasından yararlanmaqla ümumilikdə türkdilli dövlətləri beynəlxalq təzyiq altında saxlamaq
2. Türkiyə “soyqırım”ının bu gün Azərbaycan və Gürcüstanda Cavaxetiya tərəfindən aparılmasını göstərmək
3. Regionda ermənilərin toplum olaraq sıxışdırılmasında onların xristian olması və ətraf dövlətlərin müsəlman olmasını nümayiş etdirmək
4. Dağlıq Qarabağ ermənilərinin özmüqqədaratını həll etmələrinə qarşı Azərbaycanın hərbi təzyiqlərinin olmasını iddia etmək

Yeni xətt

İndi isə durum tamam fərqlidir. Dünənə qədər erməni lobbisi əsasən ABŞ müstəvisində aktivlik göstərib və daha çox erməni-türk qarşıdırmasını nümayiş etdirirdisə, indi erməni lobbisi diqqəti daha çox cəlb etmədən beynəlxalq təşkilatların xətti ilə Azərbaycan və ya Türkiyəni hədəfə gətizdirir. Bu erməni lobbisinin fəaliyyətində ki, yenilikdir. Digər tərəfdən dünənə qədər Kremldə ki, erməni lobbisi son söz sahibi kimi çıxış edir və hadisələrə daha tez reaksiya verib, yönəldirdisə indi Kreml lobbisi də kölgəyə çəkilib. Bunun qarşılığında isə Avropa erməni lobbisi demək olar ki, bütün resursları öz əllərində cəmləşdiriblər. Buna görə son bir neçə il ərzində kilsə də siyasiləşmədən kənara çəkildi. Çünki təkrar edirik əsas məqsəd artıq Avropa ilə türk dünyasını üz-üzə qoymaqdır. Bu baxımdan Fransa parlamentinin erməni “soyqırım”ı ilə bağlı qərar çıxartmaq cəhdini xüsusi olaraq vurğulamaq yerinə düşər. Və ya Türkiyə-İsrail münasibətlərində yaranan gərginliyə erməni lobbisinin mənfi təsir göstərməsi bunların əyani misaldır. Azərbaycana yanaşmada isə ortaya çıxan yeni hesabat kifayət qədər maraqlı detalları aşkarlayır.

Erməni izi

Təhlükəsizlik, geosiyasət, iqtisadiyyat və digər sahələrdə məlumatların toplanması və təhlilində ixtisaslaşan, Brüsseldə yerləşən nüfuzlu Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi 2013-cü ilin yanvar ayında “Erməni işi” adlı hesabat açıqlayıb. Sənəd erməni lobbisinin fəaliyyətinin, o cümlədən bu fəaliyyətin anti-Azərbaycan aspektinin tədqiqinə həsr edilib.
Hesabatın 2012-ci ildə Azərbaycanda keçirilmiş “Avroviziya” mahnı müsabiqəsi ilə bağlı Erməni lobbiçilik fəaliyyəti barədə bölməsində vurğulanır ki, Avropa mətbuatının bu tədbirə olan diqqəti Ermənistan və onun lobbisi üçün rəsmi Bakının imicinə hücum etməkdə böyük fürsət olub. Belə ki, hesabatın müəlliflərinin fikrincə “Yerevan Bakının real və ya ehtimal olunan törətdiyi insan hüquqları pozuntusu məsələlərini vurğulamağa və özünün eyni problemlərini kiçiltməyə çox həvəslidir. Beynəlxalq ictimai rəyə təsir etmək məqsədi ilə natamam və ya hətta təhrif olunmuş məlumatın yayılması həmin strategiyanın bir hissəsidir”.
Hesabatda qeyd olunduğu kimi, Erməni lobbisinin Azərbaycanın dövlət imicinə hücumların təşkil edilməsi ilə bağlı fəaliyyəti Avropa Parlamenti və Avropa Şurası kimi təşkilatların Azərbaycana qarşı ikili standart yeridən bəzi üzvlərinin fəaliyyəti ilə üst -üstə düşüb.
Hesabatın müvafiq hissəsini diqqətinizə çatdırmaq istərdik. Belə ki, hesabata görə, “Bundestaq üzvü, Cənubi Qafqazla əlaqələr üzrə Parlament Dostluq qrupunun sədr müavini Viola fon Kramon-Taubadel (İttifaq 90/Yaşıllar) da Avroviziya məsələsini Bundestaqın gündəliyinə salmaq istəyini dilə gətirərək, ikili standart tətbiq etdi. “Mən Avroviziya 2012-ni boykot etməsi üçün Avropa İttifaqı ölkələrinə müraciət etməyə çalışacağam”, - deyə o bildirdi. Qeyd etmək lazımdır ki, onun mövqeyi Azadlıq naminə Fridrix Naumann Fondu, Konrad Adenauer Fondu və Fridrix-Ebert-Ştiftunq daxil olmaqla, Almaniyada bir sıra siyasi partiyalar, elmi mərkəzlər və özəl fondların başladığı anti-Azərbaycan kampaniyasına qoşulmuş Yaşıllar Partiyasının yeni ideoloji istiqamətinə birbaşa uyğundur. Bütün bu təşkilatlar Azərbaycanda müxalifət qruplarını açıq dəstəkləməyi davam etdirirlər.
Eyni zamanda, Viola fon Kramon-Taubadel bir neçə dəfə Ermənistana səfər etmiş və bu ölkəyə dostluq və heyranlığını açıq ifadə edib. O, həmçinin Yerevan Dövlət Universitetinin Bundestaqın “Beynəlxalq Parlament Təqaüdü”ndə iştirakının fəal müdafiəçisi olmuşdur. Həqiqətən də Viola fon Kramon-Taubadel 2011-ci ilin noyabrında Ermənistanda elm və təhsil sektorunun nümayəndələri ilə bu proqram çərçivəsində görüş keçirmişdir. Maraqlıdır ki, 2011-ci ildə Ermənistandan 15 təqaüdçünün gəlməsinə baxmayaraq, proqram Azərbaycan tələbələri üçün açılmamışdı. Nəhayət, xatırlatmağa dəyər ki, 2011-ci ilin sentyabrında o, Bundestaqın və Ermənistan milli konqresinin digər üzvləri ilə birlikdə Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanla görüşüb.
Eyni fikri Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Kristof Ştrasser barəsində də demək olar. Ştrasser də insanları Bakıda keçiriləcək Avroviziya mahnı müsabiqəsinin keçirilməsini boykot etməyə çağırmışdı, belə ki, “Azərbaycanda insan hüquqları pozulur”. O həm də iddia edib ki, “vizaya müraciət üçün zəruri hökumət dəvəti ala bilmədiyinə görə” Azərbaycana səfər edə bilməmişdi. Xatırlatmaq lazımdır ki, Azərbaycan hökuməti bütün Avropa vətəndaşlarının ölkədə yaxşı qarşılandığını bildirmişdi.
Keçmiş Alman kansleri və “Qazprom”-un məsul rəsmisi Qerxard Şröderin yaxın müttəfiqi Kristof Ştrasser Azərbaycana münasibətdə açıq düşmən mövqe tutmuşdur. Bir çox ekspertlərin fikrincə, onun mövqeyi Avropa enerji bazarına çıxışı maneə məqsədi daşıyan strategiya kimi təhlil edilə bilər. Xatırladaq ki, Şröder “Şimal axını” qaz kəmərinin güclü tərəfdarıdır. Əslində Şröder konsorsium layihəsinin rəhbəri təyin edilmişdi. Bu səbəbdən Kristof Ştrasserin Cənubi Qafqazla bağlı siyasi fəaliyyəti “Şimal axını” layihəsi ilə Azərbaycandakı digər potensial enerji təchizatçıları arasında kommersiya rəqabətinin bir hissəsi hesab edilməlidir” .

İlkin nəticələr

Aydın oldu ki, “Erməni izi” layihəsinin həyata keçirilməsində onlara bəlkədə bilməyərəkdən dəstək verən kifayət qədər qüvvələr olub. Məsələn, mahnı müsabiqəsi öncəsi Azərbaycan əleyhinə kompaniyanın təşkili, müsabiqənin baş tutmaması üçün hətta terrora belə əl atmaq istəyənlərin mövcudluğu danılmazdır. Və buda aydın oldu ki, bu qüvvələrin İran İslam Respublikası ilə bir başa əlaqəsi var. Bunu da unutmayaq ki, İran-Ermənistan münasibətləri kifayət qədər normaldır. Burdan belə nəticə çıxır ki, erməni lobbisi həm də Azərbaycana zərbə vurmaq üçün kənar güclərin imkanlarından məharətlə bəhrələnə bilir. Bu periodda aydın olan başqa maraqlı məqam isə bəzi beynəlxalq təşkilatların tutduğu mövqe oldu. Belə ki, mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsinə etiraz kompaniyalarının təşkil edilməsi üçün müxalifyönlü ölkədaxili bəzi təşkilatlara yüz minlərlə manat dəyərində qrand pulları ayrıldı. Bu isə sübut edir ki, erməni lobbisi ölkədaxili siyasi proseslərə təsir etmək üçün donor təşkilatlarının imkanlarından maksimum dərəcədə yararlana bilir.

Əks həmlə

“Eurovision” Mahnı Müsabiqəsi zamanı buda aydın oldu ki, bir zamanlar Azərbaycanla az qala müttəfiqlik münasibətində olan bəzi təşkilatlarda geri çəkildilər. Xatırlayırsınızsa həmin zaman belə bir iddia ortaya atıldı ki, bəzi beynəlxalq qurumlar və siyasilər Azərbaycan hakimiyyətindən qiymətli hədiyyələr aldıqları üçün susur və ya onlara dəstək olurlar. Çox maraqlıdır ki, bu iddiaya “kürü diplomatiyası” devizi ilə Azərbaycanda da dəstək verənlər tapıldı. Nəticədə müttəfiq dediyimiz simalarda kənara çəkildilər. Aydın oldu ki, əslində Azərbaycan meydanda çox təkdir. Buna görə hesab etmək olar ki, Azərbaycan tərəfi də artıq erməni lobbisinin həyata keçirtdiyi siyasətə uyğun yox, qabaqlayıcı formatlı layihələrə start verməlidir.

Xocalı arqumenti

Son iki il ərzində aydın oldu ki, erməni lobbisinin iddialarına qarşı Azərbaycan asanlıqla Xocalı soyqırımını çıxara bilər və bununla dünya ictimaiətinə həqiqəti rahatlıqla çatdırmaq mümkün olar. Bunu da qeyd edək ki, bir il ərzində aparılan kompaniya nəticəsində bir neçə ölkənin parlamenti Xocalı faciəsini soyqırım olaraq tanıdı. Məhz Xocalı soyqırımı kompaniyası erməni lobbisini həmin zaman çaş-baş duruma salmışdı. Ekspertlər hesab edir ki, Azərbaycan diplomatiyası bu səbəbdən məlum məsələyə kompaniya şəkilində yanaşmamalı, sistemli iş qurmalıdır.

Mehdi Əli