"Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində Zəngəzur dəhlizinin yaradılmasının bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verdiyini, bu dəhlizin gələcəkdə ölkəmizin qlobal logistik-tranzit qovşağı ilə bağlı mövqeyini daha da möhkəmləndirəcəyindən əminliyini ifadə edərək bildirdi ki, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır".

Unikal.org xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov deyib:

"Dövlətimizin başçısı regionun social-iqtisadi inkişafı, sabitlik və təhlükəsizliyi üçün bütün tərəflərlə Azərbaycanın konstruktiv əməkdaşlığa hazır olduğunu diqqətə çatdırdı. Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat regiondakı bütün ölkələr üçün real əməkdaşlıq imkanları yaradıb. Üçtərəfli bəyannamənin 9-cu maddəsi bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunmasını nəzərdə tutur. Elə həmin maddəyə əsasən, Ermənistan Azərbaycanın qərb bölgəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Zəngəzur dəhlizi vasitəsilə nəqliyyat əlaqəsinə zəmanət verir.

Zəngəzur dəhlizi uzun illər blokadada olan Naxçıvan Muxtar Respublikasını bu vəziyyətdən çıxarmaqla yanaşı, qədim Zəngəzurun qapılarını da uzun həsrətdən sonra böyük türk dünyasının üzünə açır. Zəngəzur dəhlizinin yaradılması əməkdaşlıq və nəqliyyat baxımından Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanmış sənədlər arasında ən mühüm element hesab edilir və bu, Ermənistan da daxil olmaqla, bütün region ölkələrinin maraqlarına xidmət edir. Azərbaycan da öz növbəsində, bu dəhlizin yaradılması və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı öhdəliklərinə sadiqdir. Zəngəzur dəhlizinin bölgə dövlətləri üçün təqdim etdiyi bütün imkanlar onu göstərir ki, bu layihənin reallaşması regional nəqliyyat şəbəkələrinin genişlənməsinə səbəb olacaq və bölgə ölkələri arasında qarşılıqlı iqtisadi əlaqələri stimullaşdıracaq. Yeni reallıqlar Azərbaycanın geosiyasi və geostrateji mövqeyini daha da möhkəmləndirir. Artıq Azərbaycanın və regionun inkişafında yeni dövr, yeni era başlayır. Bu layihələrin gerçəkləşməsi isə regional inkişaf, əməkdaşlıq, bağlılıq üçün daha əlverişli imkanlar yaradacaq. Tezliklə xarici investorların da azad edilmiş torpaqlarımızda yeni layihələrə sərmayə yatırmaları, əlbəttə ki, iqtisadiyyatımızın daha da yüksəlişini təmin edəcək. Azərbaycan həm Qarabağın şöhrətini özünə qaytaracaq, həm də iqtisadi dividendlər qazanacaq. Bütün bunlar isə Azərbaycanın Cənubi Qafqaz regionunda ən sabit, ən qüdrətli və lider ölkə statusunun, mövqeyinin daha da möhkəmlənməsini şərtləndirəcək".