Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Mərmərə Universitetində dərs keçəcək. ADU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Kamal Abdulla Mərmərə Universiteti Rektorluğunun Beynəlxalq Məsləhətçilər Şurasının fəxri üzvü seçilib.

ADU-dan Unikal.org-a verilən məlumata görə, universitetin rektoru Erol Özvar bununla bağlı həmkarına məktub ünvanlayıb və onu rəhbərlik etdiyi ali təhsil ocağında dərslərə dəvət edib. Məktubda bildirilib ki, “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı universitetin təşkil etdiyi dərslər 28 aprel-28 may aralığında olacaq:

“Türk ədəbiyyatı tarixində “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı apardığınız tədqiqatlar hər iki ölkədə, o cümlədən, beynəlxalq elmi dairələrdə böyük şöhrət qazanıb. Sizi Mərmərə Universiteti Rektorluğunun Beynəlxalq Məsləhətçilər Şurasının fəxri üzvü kimi “Kitabi-Dədə Qorqud” düşüncəsinin öyrənilmə imkanları haqqında bir həftəlik ustad dərsləri verməyə dəvət edirik. Sizi Mərmərə Universitetində qarşılamağı arzu edirik. Dəvətimizi qəbul etsəniz, şəxsim və universitetimiz adına böyük qürur duyarıq”.