Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Qida və Nəzarət Baş İdarəsinin mütəxəssisləri ilə görüş keçirilib.

AQTİ-dən Unikal.org-a verilən məlumata görə, görüşdə İnstitutun fəaliyyət istiqamətləri barədə nümayəndə heyətinə ətraflı məlumat verilib. Türkiyəli qonaqlarla qida təhlükəsizliyinin daha səmərəli təşkilini təmin etmək baxımından bitki və heyvan sağlamlığı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üzrə perspektivlər müzakirə olunub, eləcə də təcrübə mübadiləsinin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Türkiyəli mütəxəssislər iş prinsipini öyrənmək və müayinə metodları ilə tanışlıq məqsədilə AQTİ nəzdində fəaliyyət göstərən laboratoriyalara da baxış keçiriblər. Onlara laboratoriyaların fəaliyyəti və beynəlxalq təşkilatlarla əməkdaşlığı, maddi-texniki bazası, həmçinin qida məhsullarının təhlükəsizlik və minimum keyfiyyət göstəriciləri üzrə müayinə üsulları, ekspertiza və tədqiqat xidmətləri barədə məlumat verilib.