Vətən müharibəsinin 400-ə yaxın qazisinə əlillik verilib.

Unikal.org-un məlumatına görə, bunu Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin direktoru Cavid Əbdülqədirov bildirib.

Onun sözlərin görə, ölkədə 4000-ə yaxın Vətən müharibəsi qazisi ilə görüş keçirilib. Onlardan 600-ə yaxını ağır yaralıdır: "400-dən artıq qaziyə əlillik təyinatı aparılıb. Əlillik geridönməz hallarda (əzaların amputasiyası, sağalması mümkün olmayan ağır xəstəliklər və s) müddətsiz təyin edilir, bu şəxslərin əlilliyi ömürlük müəyyən olunur. Qazilərə əlillik təyin olunması üçün ilk növbədə onlar Müdafiə Nazirliyinin Tibb idarəsi tərəfindən şəhadətləndirilməlidir. Şəhadətnamədə travmanın, yaralanmanın müharibə ilə səbəb əlaqəsi müəyyənləşdirilir və bu sənədə əsasən də yekun mərhələ olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyin qiymətləndirilməsi aparılır".

Agentlik sədri bildirib ki, reabilitasiya infrastrukturunun müasirləşdirilməsi işləri davam etdirilir. Fevral ayında Şağan Reabilitasiya Pansionatının istifadəyə verilib, Qəbələ və Şəmkir şəhərlərində tikilən uşaq reabilitasiya mərkəzləri isə bu il istifadəyə veriləcək.