Azərbaycanda ailəiçi təcavüz necə "çiçəklənir"?
Azərbaycanda ailəiçi təcavüz necə "çiçəklənir"?

Ekspert ilginc məqamlardan danışdı

Övladlar valideynin üzünə ağ olmaqdan çəkinmir. Narkotika əldə etmək üçün kişi xanımın nişan üzüyünü satır. Evli xanımlar telefonda və ya sosial şəbəkələrdə başqa kişilərlə sevgi-məhəbbət romanı yazır. Evli kişilər də onlardan geri qalmır. Ən dəhşətlisi isə ata övladına təcavüz edir, qardaş öz bacısına.

Ailə müqəddəs bir məfhum olmaqdan çıxırmı? Bu sual cəmiyyəti narahat edir. Nəticəni doğuran müxtəlif səbəblər ortaya sürülür. Bir çox insanlar belə düşünür ki, ailə arasında baş verən təcavüz hallarının mətbuatda işıqlandırılması, adi informasiya kimi verilməsi bu cü halların daha da artmasına səbəb olur.
Qadın Böhran Mərkəzinin rəhbəri Mətanət Əzizova bildirdi ki, mərkəz açılandan-2001-ci ildən evdə uşaqlara qarşı təcavüzlə bağlı məlumatlar alıblar. Amma bu barədə cəmiyyətə açıq məlumat verməyiblər: "Artıq 2008-ci ildə ailədəki cinsi təcavüz halları ilə bağlı jurnalistlərə məlumat verəndə QHT nümayəndələri məni qınaq obyektinə çevirdilər. Onlar bu mövzunun bağlı olduğunu və bu haqda danışmağı doğru hesab etmirdilər. Bir tərəfdən bu doğrudur. Nə qədər çox informasiya gedərsə, jurnalist tərəfindən düzgün informasiya verilməzsə- dəhşətli bir problem kimi yox, hardasa bir sensasiya kimi verilərsə, bu bəzi insanların seksual fantaziyasını oyada bilər. Digər tərəfdən də mövzu ilə bağlı susduqca, problemlə qarşılaşan adam da istər-istəməz susacaq. Amma bu gün problem çox ciddidir. Böhran mərkəzinə gələnləri müşahidə edəndə görürdüm ki, çox hallarda analar bu haqda hüquq mühafizə orqanlarına müraciət etmək istəmirlər. Ya qurban özü məlumat verir, ya hansısa yolla məlumat çıxır. Məlumatın hüquq-mühafizə orqanlarına ötürülməməsində onlara inamın olmaması məsələsini bir tərəfə qoyuram. Digər tərəfdən isə ziyan çəkən insanlar məlumat verməkdən ona görə çəkinirlər ki, bu barədə qohumaların, qonşuların bilməsindən çəkinirlər. Sonradan uşağın daha böyük problemlərlə qarşılaşmasından, qınaq obyektinə çevrilməsindən qorxurlar. Onlar öz övladlarını belə bir üsulla cəmiyyətdən qorumaq istəyirlər. Amma ailənin özündə təcavüz edən insandan qorumaq istəmirlər. Bizə məlumat o vaxt gəlib çatır ki, ortada tamam başqa səbəbdən boşanma faktı varsa, qadın danışmağa başlayanda vaxtilə həyat yoldaşının öz övladına təcavüz etməsi faktını da açıqlayır".
Valideyn və
məktəb müəllimləri
ayıq olmalıdır

M.Əzizova düşünür ki, əgər ailədə uşağın təcavüzə məruz qalması faktı varsa, məktəb müəllimləri, rəhbərlik, məktəb psixoloqu və s. dərhal uşaqda bu dəyişikliyi hiss etməlidirlər. Çünki belə hadisələrdən sonra uşaqlarda dərhal dəyişiklik olur. Davranışlarında, dərsləri oxumalarında dəyişklik olur. Uşaqda özünəqapanma, qorxu hissləri olur. Bəzən uşaq məktəb adı ilə evdən çıxır, amma məktəbə getmir: "Ana və müəllim də uşaqda baş verən bu əlamətləri görməyi bacarmalı və araşdırma aparmalıdır. Bu məsələ ilə bağlı təcrübə keçmək üçün Estoniyaya getmişdk. Orada təcavüzə məruz qalan uşaqları danışdırmaq üçün xüsusi psixoloqlar işləyirlər. Məhkəmənin özündə də bütün məlumatları əldə etmək mümkün olur".
Mərkəz rəhbəri insan alveri qurbanları arasında uşaqlıqda təcavüzə məruz qalanların çox olduğunu deyir. Belə ki, insan alverinin qurbanları ilə bağlı araşdırma aparandan sonra məlum olur ki, onların çoxu uşaqlıqda ailədə təcavüzə məruz qalıblar. Zaman keçdikcə ailəsindən də qaçıb və sonra hansısa problemlərə görə artıq insan alverinin qurbanına çevrilib. M.Əzizova bildirdi ki, sovet dövründə də ailələrdə bu hallar olub. Sadəcə məlumatlar qapalı saxlanılıb. Eləcə də vaxtilə bu məsələ ilə bağlı mətbuatda məlumatlar az olduğu üçün hamı elə bilib ki, bu məsələ bizdə ola bilməz. Bu həm də adət-ənənəmizə ziddir: " Amma indi yeniyetmələr özləri də hüquq mühafizə orqanlarına müraciət etməyə başlayıblar. Bu gün problem həqiqətən də çox ciddi bir məsələdir. Müasir zamanda hər bir ana ailədə öz uşaqlarına görə məsuliyyət daşıyır. Uşağının hər bir addımını, hər bir hərəkətini müşahidə etməlidir".
Uşaqlara qarşı cinsi təcavüz edənlərin cəzalandırılmasına gəlincə isə, M.Əzizova bildirdi ki, əgər uşaqlara qarşı ailədə zorakılıq faktı varsa, ciddi cəza tətbiq olunur: " Çox insanlar fikirləşir ki, ailə üzvünə təcavüz edən insanlar xəstədir. Amma onlar xəstə deyillər. Çünki psixi xəstə olsalar, həm qeydiyyatda olarlar, məhkəmə zamanı əllərində sənəd olar. Cinayət Məcəlləsində uşaqlara qarşı cinsi təcavüz törədilirsə, orda həqiqətən də ciddi cəza var".
Mərkəz rəhbəri fikirləşir ki, problemin həllinə yardımçı olmaq üçün insanıların şüurunu dəyişmək, maarifləndirmə kompaniyaları aparmaq lazımdır. Eyni zamanda, valideynlər övladlarına nəzarət etməlidiirlər: "Bu gün çox böyük bir problemdir ki, valideynlərin öz uşaqları ilə ünsiyyətləri azdır. Ünsiyyət olsa, uşaqlar qorxmadan onlara qarşı olan təcavüzü yaxınlarına danışa bilərlər".

Ailə üzvünə təcavüz
edənlər xəstədirlərmi?

Psixoloq Asəf Kərimov bildirdi ki, ailəiçi təcavüz halları bütün dünyada mövcuddur: "İnsest (ailəiçi cinsi münasibətlər) halları seksual zorakılığın reabilitasiyası çox çətin olan halıdır. Bəs bu halların səbəbi nədir? Birinci növbədə informasiya vasitələrinin seksual münasibətlər və s. ilə bağlı informasiyaları çox verməsi. İkinci tərəfdə insanlarda olan psixoloji problemlər də var. O psixoloji problemlər ki, uzun müddət gizli saxlanılır. Bizdə ailələrdə qadın və kişi arasında münasibətlər olduqca qaranlıq, gizlin bir hssədə qalır ki, onu açıqlamaq olmur. Bu istəklər aktuallaşmayanda istər-istəməz müəyyən problemlərə gətirib çıxarır. Ümumiyyətlə, seksual zorakılıq təkcə təlabatla bağlı deyil". A.Kərimovun sözlərinə görə, cəmiyyət guya bu problemləri qınağa çevirir, antireklam gedir, amma bu yolla daha çox təbliğ olunur: "Əvvəllər də belə hallar olurdu, sadəcə çox gizli şəkildə qalırdı. Baş verənlərin daha bir səbəbi cəmiyyətin deqradasiyasıdır. Bu demək olar ki, cəmiyyətin bütün hissələrinə nüfuz edib. O şeylərə ki, mənəvi dəyər kimi baxılırdı, artıq onların hamısı aradan qalxır. Dəyərlərin aradan qalxması insanlara azadlıq vermir. Bu artıq insanların öz hisslərini idarə edə bilməməsidir. Tarixdə insanlar arasında insest halları olub. Məhz din, dəyərlər bunları qadağan edib. Belə insest halları qədim Misirdə, Romada, Yunanıstanda olub. Bəzən hətta belə hallar şərəf də sayılıb. Dini başçı, kahin öz qızı və yaxud gəlini ilə birinci yaxınlıq edib. Bu hal cəmiyyətin kökündə, daxilində, genetik yaddaşında qalıb. Zaman-zaman dəyərlər, xüsuslə dini dəyərlər yaxın qohumlarla nikahlar və cinsi münasibətləri qəti surətdə qadağan sayıb. Lakin bunlar şüuraltında yerləşir və qalır. Dəyərlərin aradan qalxması, insanların ideal hesab etdikləri şəxslərdən belə halların görülməsi bu məsələni adiləşdirir. Xüsusən dini şəxslər, keşişlərlə bağlı belə hallar özünü tez-tez əks etdirib. İranda bir mollanın məsciddə etdiyi hərəkətlər. Bu artıq insanlarda dəyərlərin sarsılmasıdır. Dəyərlərin sarsılması şüuraltında qalan gizlin hisslər üçün stimul rolunu oynayır".
Psixoloq işsizliyin, avara həyat tərzinin də bu kimi hallara gətirib çıxardığını deyir. İnsanların özlərini aktuallaşdıra bilməməsi problemi var: "Bura işsizlik, avaraçılıq, tüfeyliçilik, xeyirli bir işlə məşğul olmama, xüsusən alkoqol və narkomaniyadan istifadə etmək kimi adətlər daxildir. Artıq cəmiyyətdə narkotika və alkoqolun tüğyan etməsi, onların fəsadları belə hallarda özünü göstərə bilir".
Aygün