İlqar Məmmədovla Tofiq Yaqublu həbs olundu
İlqar Məmmədovla Tofiq Yaqublu həbs olundu

Kütləvi itaətsizliyə qarşı sərt addım

REAL hərəkatının sədri İlqar Məmmədov İsmayıllı hadisələri ilə bağlı həbs edildi. Onun barəsində Cinayət Məcəlləsinin iki maddəsi ilə ittiham irəli sürülərək (233- İctimai qaydanı pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə - və 315.2 - hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamaq müqavimət göstərmək maddələri ilə) barəsində ik ay həbs qərarı verilib.

Bunu da qeyd edək ki, Müsavat partiyasının sədr müavini Tofiq Yaqubluda eyni maddə ilə ittiham edilərək, haqqında iki aylıq həbs qəti imkan tədbiri seçilib. Maraqlıdır, belə bir məqamda bu həbslərin həyata keçirilməsi hansı effektləri verə bilər? Ekspertlər bildirir ki, əslində belə addımın atılması gözlənilirdi. Çünki Quba hadisələrindən sonra İsmayıllı olayının baş verməsi cəmiyyətdə birmənalı qarşılanmadı. Çünki az qala bu olaylar adət halına çevrilirdi və bu dalğanın başqa rayonlara da şamil olunacağı gözlənilirdi. Buna görə hakimiyyətin iki yolu qalırdı. Birinci yol güzəştə getməli və belə hadisələr baş verən zaman maksimum dərəcədə dözümlülük nümayiş etdirməli idi. Bunu da qeyd edək ki, Quba hadisələri baş verən zaman hakimiyyət bu yoldan istifadə etdi. Belə ki, icra hakimiyyəti başçısı işindən azad edildi, nəqliyyat naziri və millət vəkilləri rayona gedib, hətta icra hakimiyyəti başçısının adından üzr də istədilər. Amma toplum bunu geriyə çəkilmə kimi dəyərləndirdi və bir sıra şərtlərdə səsləndirdilər. Bundan sonra hakimiyyət ikinci yolu seçdi. Bu isə qanunun tam gücü ilə təmin edilməsidir. Məhz bu yolu seçəndən sonra hadisəni törədənlərə qarşı cinayət işləri açıldı. Bununla paralel olaraq aydın oldu ki, hadisələrin baş verməsində kənar qüvvələrində rolu böyükdür. Hətta bununla bağlı konkret dövlətlərin təhlükəsizlik xidmətlərinin adı da çəkilir. Hadisənin arxasında başqa qüvvələrin olması isə artıq hakimiyyəti məcbur edir ki, məsələyə siyasi məsələ kimi yanaşsın və bunun qarşısını alsın. Ekspertlər bildirir ki, konkret olaraq iki siyasinin həbs olunmasında həm də məqsəd kütləvi itaətsizlik ovqatını aradan qaldırmaqla bağlıdır. Məlumunuz olduğu kimi bölgələrdə baş verənlər ümumilikdə kütləvi itaətsizliyə yol açır və artıq Bakıda gənclər arasında da belə bir təbliğat aparılırdı ki, kütləvi itaətsizliyə, vətəndaş itaətsizliyinə başlamaq lazımdır. Belə halın baş verməsi isə bir sıra məqamları ilə təhlükəlidir. İlk növbədə ona görə ki, qarşıdan prezident seçkiləri gəlir və kütləvi itaətsizliyin olması ümumiyyətlə seçkilərin keçirilməsini belə əngəlləyə bilər. Digər tərəfdən isə kütləvi itaətsizlik baş verərsə kənar dövlətlər asanlıqla maraqlarını Azərbaycanda təmin edə bilərlər. Məlum həbslərin olmasının başqa səbəbi isə müxalifət qüvvələrinin hadisələrə təsir etmə həvəsinin qarşısını almaqla bağlıdır.Qeyd edək ki, Quba hadisələri baş verən zaman ənənəvi müxalifət bir müddət proseslərə müdaxilə etmədilər və hadisə baş verəndən bir neçə gün sonra sadəcə olaraq bəyanatla çıxış etdilər. Daha sonra isə yanlış addım atdıqlarını düşünərək bölgələrlə əməkdaşlığı genişləndirməyə qərar verdilər. Müsavat başqanı İsa Qəmbərin Lənkərana getmək istəyi də bu kompaniyanın tərkib hissəsidir. İndi isə qayıdaq İsmayıllı hadisələrinə müxalifətin reaksiyasına. Hadisə baş verəndən bir neçə saat sonra bəzi müxaliflər dərhal rayona getdilər və hadisənin iştirakçısına çevrildilər. Bununla da çalışdılar ki, İsmayıllı hadisəsi kifayət qədər siyasiləşsin və uzunmüddətli bir aksiyaya çevrilsin. Həbs olunan siyasilər də məhz bu prosesin içində idilər və aparılan araşdırmalardan sonra belə bir addım atıldı. Ekspertlər bunu da qeyd edir ki, seçkilər yaxınlaşdıqca aqressiyada o qədər artacaq və demək olar ki, hakimiyyət qanunun qorunması üçün bu cür addımlar atmağa sadəcə məcbur qalacaq. Amma bunu da xüsusi olaraq qeyd edəyin ki, bu həbslər Azərbaycanın Avropa Şurasındakı durumunuda ağırlaşdıracaq. Bunu da qeyd edək ki, bir müddət öncə Azərbaycandakı siyasi məhbuslarla bağlı müzakirələr olmuşdu və ehtimal edilir ki, bu müzakirələr yaxın vaxtlarda yenidən təkrarlanacaq.
Fuad Əliyev