Gəncədə Müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönmü qeyd edilib.

Unikal.org-un məlumatına görə, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk və hüquq mühafizə orqanlarının rəhbərləri Ulu öndərin şəhərin baş meydanındakı abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər.

Ölkədə tədbiq olunan karantin rejimi qaydaları nəzərə alınaraq, Ümumilli lider Heydər Əliyevin abidəsi Gəncədə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri tərəfindən gün ərzində ziyarət olunacaq.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönmü münasibəti ilə Gəncədə ağacəkmə aksiyası da keçirilib. Aksiyada Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk, hüquq mühafizə orqanlarının, habelə şəhərdə fəaliyyət göstərən idarə müəssisə və təşkilatların rəhbərləri, eyni zamanda gənclər iştirak ediblər.

Ağacəkmə aksiyasında Heydər Əliyevin əbədiyaşar xatirəsinə ehtiram əlaməti olaraq 998 ağac əkilib. Əkilən ağaclar Gəncənin landşaftına uyğun, şəhərə yaraşıq verən, havanın oksigen ilə zənginləşməsində xüsusi rolu olan xan çinar, sərv, şamdan ibarət olub.

Aksiya iştirakçıları ağac əkməklə yanaşı, ərazidə təmizlik-abadlıq işləri aparıb, ərazini alaq otlarından, daşlardan təmizləyib, yeni əkilən ağacları suvarıb, əvvəllər basdırılan tinglərə aqrotexniki qulluq göstəriblər.