Müharibə olarsa...
Müharibə olarsa...
Rəsmi Kremlin istəyi

"Moskva ilə Bakının münasibətlərinin müvəqqəti soyuqlaşmasına heç vaxt düşmənçilik deyilə bilməz". Bu fikirləri rusiyalı politoloq, beynəlxalq siyasət üzrə ekspert, Qloballaşma və sosial hərəkat İnstitutu Beynəlxalq Siyasi Analizi Mərkəzinin rəhbəri Mixail Neyjmakov bildirib.
Onun sözlərinə görə, effektiv beynəlxalq vasitəçinin münaqişə tərəflərindən biri ilə açıq düşmənçilik əlaqələri olmamalıdır: "Vasitəçiyə hər iki maraqlı tərəfdən hörmət olunmalı və onun tərəflərdən ən azı birinə mühüm təsiri olmalıdır. Rusiya bu meyarlara malik vasitəçidir. Moskva ilə İrəvanın hərbi sahədə əməkdaşlığı isə Ermənistanın 1992-ci ildə Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatına qəbul edilməsi ilə başlayıb. İki ölkə arasında hərbi əməkdaşlığın uzun bir tarixi var və bu gizli deyil. Rusiya KTMT çərçivəsində eyni ilə digər ölkələrlə, məsələn Tacikistan və Qırğızıstanla da hərbi əməkdaşlıq edir. Bu onu göstərir ki, bütün bu tədbirlər Cənubi Qafqazla məhdudlaşmır. Bu Moskvanın KTMT-nin dəstəyi ilə həyata keçirdiyi tədbirlər paketinin bir hissəsidir. Rusiyanın siyasi və hərbi bloklarda tərəfdaş kimi çıxış etməsi, onun digər ölkələrə düşmənçiliyi demək deyil".
Politoloq Rusiya ilə Ermənistan arasında hərbi sahədə əməkdaşlığın gücləndirilməsi Qarabağda müharibə başlayacağı təqdirdə Rusiyanın tərəf olmasına işarədirmi sualını belə cavablandırıb: "Əgər müharibə yalnız Dağlıq Qarabağ ərazisində, yəni Ermənistanın ərazisinə keçmədən getsə, onda Rusiya çox güman ki, konfliktə bir başa müdaxilədən qaçmağa çalışacaq. Əksinə, müharibə Ermənistanın ərazisində getsə, onda Moskvanın müharibəyə müdaxilə ehtimalı ciddi şəkildə artacaq. Bununla yanaşı, rəsmi Moskva Minsk Qrupunun həmsədr ölkələri arasında münaqişənin qarşısının alınmasında daha maraqlı tərəfdir. Çünki münaqişənin baş verəcəyi region Rusiyanın sərhədindədir. Bakı və İrəvanın iştirakı ilə hərbi qarşıdurma Rusiya ilə Azərbaycanın münasibətlərini poza bilər. Türkiyə ilə də əlaqələrin pisləşməsi ehtimalı böyükdür. Ermənistanın Rusiyadan olan dəstəyi yetərsiz hesab etməsi yekunda İrəvanın ABŞ-a meyl etməsi ilə nəticələnəcək. Ona görə də, Rusiya maksimal dərəcədə səy göstərəcək ki, Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilməsin".
"Rusiyanın Ermənistanda hərbi gücünü artırmasını onun Cənubi Qafqaz planının tərkib hissəsi saymaq olarmı" sualı cavablandıran M. Neyjmakov bildirib ki, Rusiya qoşunlarının 2007-ci ildə Gürcüstandan çıxarılması, daha sonra Rusiyanın Qəbələ RLS-i tərk etməsi rəsmi Moskvanın Ermənistanda olan hərbi gücünü daha da qüvvətləndirməyə sövq edib: "Belə ki, bütün bu hadisələrdən sonra rəsmi Moskva Ermənistandakı hərbi kontingentini artırmaq barədə qərar qəbul edib. Ermənistan təkcə Azərbaycanla deyil, həm də İranla həmsərhəddir. Qərbin İranla mümkün müharibə ehtimalı və Yaxın Şərqdə baş verənlər, Suriya böhranı Gümrüdəki Rusiya hərbi bazasının Moskva üçün önəmini daha da artırır".
Politoloq Rusiya-Azərbaycan arasındakı münasibətlərdə müvəqqəti gərginliyin olmasına baxmayaraq, hər iki ölkənin yaxınlaşmağa kifayət qədər stimullarının olduğunu söyləyib: "Misal olaraq göstərmək olar ki, Moskva üçün Azərbaycan qaz ehtiyatları olan ölkə, Azərbaycan üçün isə Rusiya - qeyri-karbohidrogen məhsullarının satış bazarıdır. Lakin iki ölkə arasındakı münasibətləri isitmək üçün daha mühüm əsas var. Bakı üçün strateji mənada Moskva - Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində beynəlxalq vasitəçilərdən biridir. Moskva Ermənistana qarşı daha çox təsir rıçaqlarına malikdir və Azərbaycanla əməkdaşlıqda daha çox maraqlı ölkə kimi mahiyyət daşıyır. Rusiyada Cənubi Qafqazda söz sahibi olmaq üçün hansı rəqabətin getdiyini çox gözəl baş düşürlər. Siyasət də təbiət kimidir. Boşluğa dözümü yoxdur. Rusiya haranı tərk etsə, ora ABŞ, ya da Moskvanın digər geosiyasi rəqibləri gələ bilər. İrəvan Rusiyanın strateji tərəfdaşıdır. Lakin rəsmi Moskvanın Cənubi Qafqaz siyasəti Ermənistanla məhdudlaşa bilməz. Rusiyanın bu regionda siyasəti "təkayaqlı" ola bilməz. Ona görə də, münasibətlərdəki müvəqqəti gərginliklərdən sonra yeni istiləşmə gəlməlidir.".
Azərbaycan Nazirlər Kabinetinin ölkənin hava məkanında qanunsuz uçuşların qarşısının alınmasına dair qərarını M. Neyjmakov belə şərh edib: "Əgər nəzərə alsaq ki Xocalı hava limanının açılışı əvvəllər də təxirə salınırdı, ortaya böyük sual çıxır - aviareyslər nə vaxt açılacaq və onların intensivliyi necə olacaq? Yəni prinsipcə Qarabağın səmasında münaqişə vəziyyəti nə vaxt yaranacaq? Həmçinin qeyd etmək lazımdır ki, Azərbaycan Nazirlər Kabineti tərəfindən qəbul olunan qaydalar ilk növbədə rəsmi Bakının icazəsi olmadan uçuşları yerinə yetirən mülki təyyarələrin enməyə məcbur edilməsini nəzərdə tutur. Yəni əgər biz sovet keçmişindən analogiyaları yada salsaq, Qarabağ üzərində 1983-cü ildə baş vermiş hadisə yox (o zaman təyyarə məhv edilib), 1978-ci ildə Cənubi Koreyaya məxsus olan "Boing" təyyarəsinə başına gələn hadisə təkrarlana bilər (o zaman təyyarə enməyə məcbur edilib). Çox güman ki, "səma üzərində mübarizə"də fatal nəticələrdən qaçmaq mümkün olacaq".
Fuad Əliyev