Türkiyə Super Liqasında 2020/2021 mövsümünün qalibi müəyyənləşib.

Unikal.org xəbər verir ki, "Beşiktaş" komandası tarixində 21-ci dəfə ölkə çempionu olub.

XLII turda "qara qartallar" səfərdə "Göztəpə" üzərində 2:1 hesablı qələbə qazanıb. Hesabı 10-cu dəqiqədə Domaqoy Vida açıb. 24-cü dəqiqədə Adem Büyük bərabərlik qolunu vursa da, 69-cu dəqiqədə Raşid Gezzal penalti ilə yekun nəticəni müəyyənləşdirib.

Bu qələbə sayəsində "Beşiktaş" xallarını 84-ə çatdırıb.

"Qalatasaray" da öz meydanında "Yeni Malatyaspor"a 3:1 hesabı ilə qalib gəlib. İlk qolu qonaq komandadan Adem Büyük 39-cu dəqiqədə vurub. 53-cü dəqiqədə Halil Dervişoğlu, 60-cı dəqiqədə Rayan Babel, 90+3-cü dəqiqədə isə Oqulkan Çalayan fərqlənərək, "sarı-qırmızılar"ın qalibiyyətini təmin edib.

Lakin "Beşiktaş" top fərqində "Qalatasaray"dan öndə olduğu üçün birinci pillədə qalıb və 4 ildən sonra qızıl medallara yiyələnib. "Sarı-qırmızılar" gümüş medalla kifayətlənib.

"Fənərbağça" isə səfərdə "Kayserispor"la 1:1 hesablı heç-heçə edərək, bürünc medala sahib olub. Meydan sahiblərinin qolunu 18-ci dəqiqədə "Qarabağ"ın sabiq futbolçusu Pedro Enrike vurub. 58-ci dəqiqədə Xose Sose penaltini yerinə yetirə bilməsə də, 90-cı dəqiqədə Enner Valensiya bərabərlik qolunu vurub. Bununla da "Fənərbağça" 80 xalla 3-cü olub. Xalını 42-yə çatdıran "Kayserispor" isə 17-ci pilləyə yüksəlib və I Liqaya enməkdən qurtulub. Əvəzində "Trabzonspor"a səfərdə 1:2 hesabı ilə uduzan "Gənclərbirliyi" 38 xalla 20-ci yeri tutub və Superliqa ilə vidalaşıb.