Bakıda polisin qadını güllələməsi və daha sonra intihara cəhd etməsi faktı ilə bağlı cinayət işi başlanıb. 

Bu barədə Unikal.org-a Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə bildirib. 

O qeyd edib ki, faktla bağlı Baş Prokurorluğun istintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb: 

“Hazırda Baş Prokurorluğun istintaq idarəsinin, eləcə də Kriminalistika şöbəsinin və Yasamal rayon Prokurorluğunun əməkdaşları hadisə yerindədir”. 

G.Səlimzadə onu da qeyd edib ki, bu barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.

***

14:51

Bu gün – mayın 20-də günorta saatlarında Yasamal rayonu ərazisində rayon polis idarəsinin əməkdaşı, 1995-ci il təvəllüdlü Həsən Osmanov qısqanclıq zəminində tabel silahından atəş açaraq, tanışı 1996-cı il təvəllüdlü Fatimə Hüseynovanı qətlə yetirmiş, özü isə intihara cəhd etmişdir. 

DİN-nin Mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, H.Osmanovun sağlamlıq durumu ağır qiymətləndirilir. 

Faktla bağlı cinayət işi qaldırılıb, zəruri istintaq və əməliyyat tədbirləri həyata keçirilir.

***

14:46

Daxili İşlər Nazirliyinin əməkdaşı özünü və sevgilisini xidməti silahla öldürüb. 

Unikal.org "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında, Yasamal rayonu ərazisində qeydə alınıb. 

Yasamal rayon Polis İdarəsi 29-cu Polis Bölməsinin Həsən adlı təhqiqatçısı idarənin yaxınlığında yerləşən hündürmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən mənzildə xidməti silahla sevgilisini qətlə yetirib. Daha sonra həmin silahla özünü güllələyərək intihar edib. 

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb edilib. Faktla bağlı araşdırma aparılır.