Gürcüstan Azərbaycan münasibətlərində heç nə dəyişməyib
Gürcüstan Azərbaycan münasibətlərində heç nə dəyişməyib

Gürcüstan höküməti yüz günlüyünü tamamladı

Gürcüstanda yeni hökümətin fəaliyyətə başlamasının yüz günü tamam oldu. Yüz gün öncə iş adamı İvanişvili partiya yaradaraq seçkilərə qatıldı və qələbə qazanaraq Gürcüstanın baş naziri oldu. Maraqlıdır, bu yüz gündə yeni hökümət Azərbaycanla bağlı hansı siyasəti yürütdü və iki ölkə münasibətləri hansı səviyyədədir? Öncəliklə bunu qeyd edək ki, hələ seçkilər zamanı o Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı xoş bəyanatlar verdi və bəyan etdi ki, insanların sosial problemlərini həll edəcək.

Amma seçkilərdən sonra Azərbaycana münasibət kimi Gürcüstanda yaşayan azərbaycanlılara da münasibət yaxşı olmadı. Hətta bir neçə azərbaycanlı ailəsinə silahlı basqınlarda təşkil edildi. Ümumi vəziyyətə gəldikdə isə bu günə qədər azərbaycanlılara hansısa formada yeni hökümət heç bir dəstək verməyib. "Gürcüstanda yaşayan azərbaycanlıların problemləri çoxdur. Bu problemlər tədricən həll ediləcək. Ən başlıcası odur ki, etnik azərbaycanlılar maksimal olaraq gürcü ictimaiyyətinə inteqrasiya olunmalıdır".
Bu sözləri Gürcüstanın baş naziri Bidzina İvanişvili jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, azərbaycanlılar digər vətəndaşlarla eyni hüquqlara malikdir: "Azərbaycanlılar da yeri gəldikcə müxtəlif vəzifələrə təyin olunacaqlar. Biz Azərbaycanla strateji tərəfdaşıq. Azərbaycanlıların torpaq problemlərinə gəlincə, bu problemlər yavaş-yavaş tənzimlənəcək. Beş dəqiqəyə bu problemi həll etmək mümkün deyil".
Gördüyünüz kimi baş nazir yenə də sadəcə olaraq vədlərlə kifayətlənir. Azərbaycana yanaşmada isə baş nazirin mövqeyi ilk vaxtlar heç də yaxşı olmadı və demək olar ki, strateji məsələlərdə xoşagəlməyən mövqe tutdu. O bir tərəfdən Rusiya ilə münasibətləri qaydaya salacağını bəyan etdi, bu biri tərəfdən isə Bakı-Qars dəmiryolunun çəkilməsinin əleyhinə bəyanat Verdi. Daha sonra isə Azərbaycanın Gürcüstana qazı baha qiymətə satdığını açıqladı. Bu isə sözsüz ki, kifayət qədər sərt bəyanat idi. Amma Azərbaycana səfərindən sonra baş nazir bəyanatlarından imtina etdi. Amma Rusiya ilə münasibətlərin qaydaya salınması üçün indidə müəyyən addımlar atır. "Abxaziya dəmiryolunun bərpası istiqamətində irəliləyiş yoxdur. Çünki Gürcüstanın yeni hökuməti hələ cəmi üç aydır ki, fəaliyyət göstərir." Bu sözləri də Gürcüstanın baş naziri Bidzina İvanişvili deyib. O, Rusiya ilə münasibətlərdə yeni addımlar atmaq barədə düşündüklərini bildirib: "Lakin çox ehtiyatla hərəkət etmək istəyirik. Ümumiyyətlə, dəmir yolu dövlət üçün çox xeyir verən bir sahədir".
B. İvanişvili Abxaziya dəmir yolunun bərpası üçün siyasi qərar lazım olacağını da söyləyib: " Bu məsələ yüksək səviyyələrdə hərtərəfli müzakirə edilməli və onun həlli üçün bütün tərəflərin razılığı olmalıdır. Məsələni elə həll etmək lazımdır ki, heç bir problem yaranmasın".Bunu da qeyd edək ki, məlum dəmir yolunun açılması Azərbaycanın maraqlarına cavab vermir. Çünki bu dəmir yolu açılarsa bundan ən çox Ermənistan yararlana biləcək. Bundan başqa Gürcüstan tərəfi bu addımı atmaqla Rusiyanın Gürcüstana daha da yaxınlaşmasını təmin edəcək ki, bununda qarşılığında Azərbaycan Gürcüstandakı gücünü itirəcək. Ümumilikdə götürəndə Gürcüstandakı yeni hökümət hələ ki, heç bir işi ilə yadda qalmayıb. Yalnız müşahidə olunan budur ki, Saakaşvilidən fərqli olaraq baş nazir daha çox Rusiya ilə təmaslara çalışır. Artıq bununla bağlı görüşlərdə təşkil edilib və yaxın günlərdə Avropa ölkələrindən birində növbəti görüş olacaq. Azərbaycana gəldikdə isə qeyd olunmalıdır ki, hazırda Gürcüstan Azərbaycandan asılı durumdadır və bu səbəbdən də hələ ki, Azərbaycanın maraqlarına cavab verməyən addımların atılmasından qaçırlar. Amma Rusiya ilə münasibətlər qaydaya salınarsa o zaman Azərbaycana yönəli siyasətin şahidi ola bilərik. Ekspertlər isə hesab edir ki, İvanişvili höküməti uzun müddət davam edə bilməz. Və qarşıdan prezident seçkiləri gəlir və Saakaşvili çalışacaq ki, bu seçkilərdə qələbəsini təmin etməklə yenidən aktiv fəaliyyətə keçsin. Saakaşvilinin özüdə bunu etiraf edərək bildirib ki, hazırda ona görə kənara çəkilib ki, yeni hökümətin heç nə edə bilmədiyini cəmiyyətə göstərsin.
Fuad Əliyev