Deputatların və məmurların biznes "tupik"i
Deputatların və məmurların biznes "tupik"i

Cinayət Məcəlləsinə əlavələr onlara həbs yolu aça bilərdi, amma...

Srağagün çoxumuzu təəccübləndirən bir xəbər yayıldı. Həmin xəbərdə deyilirdi ki, Azərbaycanda bizneslə məşğul olan məmurlar və deputatlar cinayət məsuliyyətinə cəlb olunacaq.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rafael Cəbrayılov məsələ ilə bağlı açıqlamasında bildirib ki, bununla bağlı komitənin iclasında Cinayət Məcəlləsinə əlavələr müzakirə olunacaq. Təkliflər arasında Cinayət Məcəlləsinə biznes fəaliyyətindən əldə etdiyi gəlirin müsadirə olunması ilə yanaşı, azadlığın 2 ilə qədər məhdudlaşdırılması ilə bağlı ayrıca maddənin əlavə olunması var.
R. Cəbrayılov isə deyir ki, azadlığın məhdudlaşdırılması məsələsi Cinayət Məcəlləsindən çıxarıldığına görə, başqa formada cinayət məsuliyyətinə cəlb olunma tətbiq olunacaq: "Çünki istənilən halda həmin deputat və məmur biznes fəaliyyəti ilə məşğul olursa, bu, cinayət məsuliyyəti yaradır".
Məsələ ilə bağlı R. Cəbrayılovun özünün mövqeyi bir qədər fərqlidir. O hesab edir ki, qeyd olunan ittihama görə şəxsi cinayət məsuliyyətinə yox, intizam məsuliyyətinə cəlb eləmək lazımdır: "Elə bu da Cinayət Məcəlləsi ilə təsbit olunur. Yəni onu tutduğu vəzifədən azad etmək və vəzifədə olduğu müddətdə həmin biznesdən qazandığı vəsaiti dövlət büdcəsi üçün müsadirə etmək lazımdır. İstənilən halda qəbul olunacaq layihənin məqsədi ölkədə bizneslə məşğul olan məmur və deputatları cinayət məsuliyyətinə cəlb etməkdir".
Əvvəla burada təəccüblü olan ən vacib məqamlardan biri açıqlama müəllifinin özünün ictimaiyyətdə və mediada biznesmen-millət vəkili kimi qəbul edilməsidir. Doğrudur, formal olaraq Cəbrayılovun özü indi hansısa biznes strukturuna rəhbərlik etmir, amma onun nəzarətində yaxın adamlarının idarə etdiyi biznes sahələrinin olduğu məlumdur. İndi belə çıxır ki, Rafael Cəbrayılov özü özünü cəzalandırmaq həvəsindədir?
İkincisi, Azərbaycanda deputatların və məmurların ilk baxışda bizneslə birbaşa əlaqəsi görünmür. Onlar bizneslə ailə üzvləri və digər yaxınları vasitəsi ilə məşğul olurlar. O zaman sual ortaya çıxır: məlum dəyişikliklər edildikdən sonra qanun necə işləyəcək? Əgər hansısa deputatın və ya məmurun özü birbaşa şirkət rəhbəri, başqa hər hansı biznes strukturu başçısı deyilsə, bu o deməkmi olacaq ki, onlar bizneslə məşğul deyillər? Elə isə həmin dəyişikliklər nəyə lazımdır?
Sabiq deputat, tanınmış iqtisadçı Nazim Məmmədov hələ xeyli əvvəl bəyan etmişdi ki, Azərbaycan parlamentində bizneslə əlaqəli 30-dək millət vəkili var. Elə bizim araşdırmalarımız da bunu təsdiqləyir və hətta 30-dan daha çox deputatın biznes imkanlarına malik olduğunu ortaya qoyur. Məsələn, deputat Əsabil Qasımov Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının saytında Ə.Qasımov "Karat Holding" şirkətinin direktoru kimi qeydiyyatdan keçib. Şirkətdən də təsdiqləyirlər ki, bu holdinq ona məxsusdur və günün çox hissəsini burada oturur. Deputatın qeyri-rəsmi rəhbərlik etdiyi müəssisələr arasında "Dimes-Qafqaz" şirkəti adı ilə fəaliyyət göstərən və məhsullarının satışı "Ramse" şirkəti tərəfindən həyata keçirilən "Dimes" meyvə şirələri zavodunun olduğu da deyilir. Ancaq o, bunların hamısını inkar edir.
Və yaxud Hüseynbala Mirələmov da biznesmen deputatlar sırasındadır. O, bir müddət əvvəl qəzetlərdən birinə "1001 gecə"-də baş verən məlum qanlı olay barədə danışarkən həmin obyektin ona məxsus olduğunu təsdiqləyib. Sitat: "Söz yox ki, obyekt mənimdir, amma orada müdir də, administrator da var".
Ərəstun Cavadov deputat olmaqla yanaşı Mərkəzi Univermağın İdarə Heyətinin sədridir. Əhməd Vəliyev də təkcə deputat yox, həm də "Odlar Yurdu" Universitetinin rektorudur. "Odlar Yurdu" özəl universitetdir. Bu baxımdan Əhməd Vəliyev də biznesmen deputatlar kateqoriyasına aid edilməlidir.
Çingiz Əsədullayev isə millət vəkili olmaqla bərabər həm də "Azəriqazbank"ın İdarə Heyətinin sədridir.
Əmlak Komitəsinin sədri Kərəm Həsənovun qardaşı Malik Həsənov "Azinko" şirkətinin rəhbəridir.
Cavanşir Feyziyev deputat olmaqdan çox ölkədəki dərman biznesinin aparıcı simalarından sayılır və apteklər şəbəkəsinə rəhbərlik edir.
Bundan başqa, Nəriman Əliyev, Xanlar Fətiyev, Fərhad Qəribov, Rüfət Quliyev kimi deputatlar da ayrı-ayrı sahələr üzrə biznes sahələrini idarə edirlər. İndi onların yeni dəyişikliklərlə cəzalandırılacağına inanmaq çətindir. Onlar bizneslərini ailə üzvlərinin, digər yaxınlarının adına rəsmiləşdirərək sanki artıq bizneslə heç bir bağlılıqlarının qalmadığına dair hüquqi zəmin yaradacaqlar. Reallıqda isə bunun belə olmadığını hamı biləcək. Elə isə Cinayət Məcəlləsinin məlum müddəasının işləklik qazanacağına heç bağça uşağı da inanmaz.
Biznesmen-məmurların həbs ediləcəyini isə ümumiyyətlə proqnozlaşdırmağa dəyməz. Azərbaycanda hansı iri məmurun hansı holdinq sahibi olduğunu hamı bilir, amma heç kim zərrəcə inanmır ki, Cinayət Məcəlləsinə məlum əlavələrlə onlar hansısa formada cəzalandırılacaq. İstənilən rayona gedin, orada icra başçısının hansı mülklərə, ticarət obyektlərinə sahib olduğunu sizə dərhal deyəcəklər.
Bu doğrudan da belədir, amma rəsmən onlar başqalarının adınadır. O zaman deməli, cəzalandırılmayacaqlar da, çünki rəsmi sənədlərə görə biznes əlaqələri yoxdur.
Bax belə bir absurd situasiyada Cinayət Məcəlləsinə əlavələr çox qeyri-ciddi təsir bağışlayır. Və hesab etmək olar ki, bu, camaatda guya biznesə girişən deputat və məmurlara qarşı hökumətin özünün mübarizə aparmaq istədiyi görüntüsü yaratmağa hesablanıb.
P.S. Və biz yazını çapa hazırlayarkən xəbər gəldi ki, təklif olunan əlavələr qəbul olunmayıb. Fikrimizcə, əlavə şərhə ehtiyac qalmır. Hər şey gün kimi aydındır.
Ülviyyə Qasımlı