İcra başçılarından hökumətə "zərbə"
İcra başçılarından hökumətə "zərbə"

Onların iqtidara başağrısı yaradan "şıltaqlıqları"na qarşı nə etməli?

Əvvəlcə Quba, ardınca isə İsmayıllı üsyanları, hazırda isə İmişli və bəzi digər rayonlarda camaatın narazılığının artması gündəmdədir. Bir sözlə gündəmi indi onlar müəyyənləşdirirlər - özlərini icra başçısından çox, "kiçik padşah" kimi aparan rayon rəhbərləri.

Baş verən məlum proseslərin fonunda aydın görünür ki, artıq Azərbaycanda yerli icra hakimiyyətləri ilə bağlı yeni islahatlara ehtiyac var, icra başçılarının ənənəvi təyinat biçimi sonradan hökumət üçün başağrısı yaradır. Rəhbərlik etdikləri rayonları özlərinin şəxsi mülkiyyəti hesab edən, bir növ özəlləşdirən - özününküləşdirən yerli rəhbərlərin bir çoxu əksər vaxtlarda sabotajçı rolu oynayırlar. Başları büdcə vəsaitlərini boş yerə israf etməyə, rüşvət və korrupsiyaya, özləri üçün
fermer təsərrüfatları və biznes strukturları yaratmağa elə qarışır ki, əhalinin problemləri unudulur. Bir də onda ayılırıq ki, artıq cana doymuş və partlamaq üçün kiçik bir qığılcıma bənd olan sakinlər hardasa icra başçısının evinə od vurur, hardasa otelinə, hardasa bahalı maşınlarına.
Bununla da onlar hökumət əleyhdarlarının əlinə bəhanə vermiş olurlar. Xüsusən siyasi həssaslığın, ehtirasların artdığı dövrlərdə icra başçılarına qarşı camaatın etirazının alovlanması düşündürücüdür: sanki bununla adamlar hökuməti xəbərdar edirlər ki, mərkəzi hakimiyyət nə qədər ciddi sosial-iqtisadi tədbirlər həyata keçirmək niyyətində olsa da, onlar yerli icra hakimiyyətlərinin özbaşınalığı, qanunsuz əməlləri ucbatından hökumət əleyhdarı olmağa məcburdurlar!
Müşahidələr göstərir ki, əksər icra başçıları öz rayonlarında problemləri malalamaq, şikayətlərin "yuxarılar"a və ölkə mətbuatına çıxarılmasını önləməklə elə təəssürat yaradırlar ki, sanki rəhbərlik etdikləri rayonda hər şey qaydasındadır,
xalq xoşbəxt yaşayır, heç bir qayğısı yoxdur. Bu cür malalama siyasəti isə sonda ona gətirir ki, camaatın qəzəbi qəfil partlayır və real mənzərənin başqa olduğu ortaya çıxır.
Bax ona görə də hesab edilir ki, istər rayonlara icra başçısı təyinatında daha diqqətli olmaq, kadrları yüz ölçüb bir biçərək görəvə göndərmək vacibdir, həm də icra başçılarının məsuliyyətini, cavabdehliyini yüksəltmək qaçılmazdır. Onlar başa düşməlidirlər ki, "yuxarılar"a ünvanlanan şikayətləri ört-basdır etməklə, hansısa rayonda hansısa problemlə bağlı narazılığı cəmiyyətdən, mətbuatdan gizlətməklə heç nəyə nail olmaq mümkün deyil. Əksinə, sonradan bu, elə ağır fəsadlara yol aça bilər ki, - məsələn, Quba və İsmayıllıda olduğu kimi! - həm özləri "yanar", həm də hökumət çətin situasiyada qalar.
Hər dəfə hansısa rayonda xalq etirazı baş qaldırandan sonra başqa rayonlarda da icra başçılarının həyəcan keçirməyə başladığı, camaatın şikayətlərinə diqqətlə qulaq asdıqları, onlarla görüşləri intensivləşdirdikləri müşahidə edilir.
Məqsəd aydındır: özləri də camaatın ayağa qalxdığı rayonun başçısının aqibətini yaşamaq istəyir, bir növ, bununla önləyici tədbirlərə əl atırlar.
İndi soruşmaq pis olmazdı: axı olmazmı, vətəndaşların problemlərinin dinlənilməsi, həmin problemlərin həll edilməsi istiqamətində icra başçıları eyni canfəşanlığı, təşəbbüskarlığı elə başından bəri göstərsinlər ki, sonra da başağrısı yaşamasınlar, əl-ayağa düşmək məcburiyyəti hiss etməsinlər? Əlbəttə, olar, amma görünür bizim icra başçıları yalnız "başlarına gələndə başmaqçı olmağa" öyrəncəlidirlər.
Bax ona görə də yerli icra hakimiyyətləri institutu ilə bağlı islahatların zamanı gəlib çatıb. Təyinatlarda, kadr seçimində diqqətli olmaq, yeni meyar və prinsipləri müəyyənləşdirmək vacibdir ki, hökumət sonradan havayı yerə başağrısı ilə üzləşməsin.
Azər Aslan