Son dövrlər Ermənistan tərəfi Azərbaycan sərhədini pozmaqda, təxribat törtəməkdə davam edir. Əsgərlərimizin həyata keçirdiyi əks-əməliyyat nəticəsində bir neçə dəfə ayrı-ayrılıqda erməni diversant qrupları zərərsizləşdirilib, əsir götürülüb. Bu və ya digər məsələlərlə bağlı “Unikal” qəzetinə müsahibə verən siyasi şərhçi Zəlimxan Məmmədli mühüm məqamlara toxunub.

-Zəlimxan bəy, Azərbaycan-Ermənistan sərhədində baş verən gərginlik nəyin nəticəsidir, ermənilər indi nə istəyirlər?

 -Birmənalı hər kəsə bəllidir ki, son 2 əsrə yaxındır ki, erməni kartı Rusiyanın və bəzi qərb dövlətlərinin əlində oynadılan siyasi  kapitaldır. Əsas hədəf Azərbaycanı buxovlamaq və Türk dünyasının, konkret olaraq Azərbaycan- Türkiyə birliyinə əngəl olmaqdır. İndiki halda baş vermis və baş verən hadisələr Rusiyanın strateji maraqlarının təmininə yönəlib. Rusiya Ermənistandakı seçkilərdə nökəri Köçəryanın reytinqini artırmaq üçün əsas rəqibi və Rusiyanın qırmızı xəttini tapdalamış Paşinyanı elektoral bazadan məhrum etməyə yönəlmiş addımlara şərait yaradır. Sərhəddə baş verənlər daha çox Rusiya-Kocaryan cütlüyünun diversiyalarına bənzəyir.

-Türkiyə-Azərbaycan münasibətlərinin daha da sıxlaşdırılmasının tərəfdarı kimi çıxışlar edirdiniz. Hazırkı Türkiyə-Azərbaycan münasibətlərini necə qiymətləndirirsiniz?

-Bir şey həll olunub ki, Türkiyə bölgəyə, Azərbaycana daxil olub. Mübarizə müstəvisi daha çox Rusiya-Türkiyə müstəvisində cərəyan edir. Azərbaycan siyasi hakimiyyətinin rusofillərlə zənginliyi Türkiyənin ölkəmizlə daha sürətli və rasional inteqrasiyasını əngəlləyən ən ciddi maneədir.

-Türkiyə-Azərbaycan yaxınlaşması bəzi dövlətləri qıcıqlandırır. Bu barədə nə düşünürsünüz?

- Hətta mən deyərdim ki, Türkiyə- Azərbaycan yaxınlaşması dünyanın əhəmiyyətli hissəsini, xüsusilə də güc mərkəzlərini narahat edir. Bir həqiqəti dərk edənlər çoxalır ki, yeni dünya düzənində yeni güc mərkəzi - Türkiyə-Azərbaycan mərkəzli yeni güc mərkəzi yaranmaqdadır. Burada Türkiyə siyasi sisteminin cəsarəti xüsusi qeyd edilməlidir.

-Zəlimxan bəy, düşünürdük ki, müharibədən, qələbədən sonra ölkədə problemlər öz həllini tapmağa başlayacaq. Amma məmurların həbsi, narazılıqların davam eləməsi problemin həll olmadığını göstərir. Məsələ odur ki, Prezident də özbaşınalıqlara və qanunsuzluqlara qarşı daha sərt reaksiya verir. Son dəyişikliklər, həbslər də buna sübutdur. Amma görünən odur ki, nəticə çıxaran yoxdur. Sizcə, məmurlar necə seçilməlidir ki, belə hallar yaşanmasın?

-Azərbaycan hakimiyyətindən fərqli olaraq xalqımız və siyasi qüvvələr çıxış yolunun demokratiyadan olması həqiqətini bilirlər. Azərbaycanın 5-ci kalonla zəngin iqtidarı isə bu həqiqəti görməkdə kordur, kardır. Azad-ədalətli seçki islahatları bu utanc gətirən idarəetmə sistemindən dövlətimizi azad edər. Xalqın iradəsi hakimiyyətə daşınmasında ağıl istismar olunacaq, ağıl istismar olunduqca əxlaq istismar olunacaq. Ağıl və əxlaq istismar olunduqca millət bölünəcək. Hakim satın alındıqca Ədalət öləcək. Ədalət öldüsə, dövlət çökəcək. Bu Fatih Sultan Mehmetin formuludur. Göründüyü kimi, xalqın iradəsinin hakim olması əsas şərtdir. İslahat adı ilə baş qatmalar zaman-zaman sınanmış, amma iflası mütləq olan oyunbazlıqdan, cəmiyyəti aldatmaqdan başqa bir şey deyildir.

-Belə bir məqamda müxalifətin üzərinə hansı məsuliyyət, hansı yük düşür?

-Demokratiyaya, demokratiyaya keçid üçün yenə də etimad ideyası əsasında təmərküzləşmək, bəs verənlərə duyğusal, emosional müstəvidən deyil, daha dolğun siyasi-strateji müstəvidən yanaşmaq tələb olunur. Millətimiz isə öz qurduğu dövlətə seyrçi kimi deyil, bu dövlətin sahibi kimi yanaşmalı, təşkilatlanmalı, siyasi proseslərə müdaxilə üçün cəsarətlənməlidir.

- Bəs bunun üçün nə çatmır?

-Ənənəvi münasibətlər sisteminin qüsurlu olmasını əsas maneələrdən hesab edirəm. Düşünürəm ki, yeni siyasi reallıqlar, yeni siyasi mühiti və uyğun olaraq münasibətlər sistemini diqtə edir. Fikrimcə, yeni, daha münbit siyasi proseslər ərəfəsində yaşayırıq. Çoxluğun bu reallığı doğru dəyərləndirəcəyinə inanıram. Təmsil olunduğum partiyanın bu istiqamətdə daha dolğun təkliflərinin olacağı da yaxın gələcəyin yeniliklərindən biri ola bilər.

Z.Məmmədli