"Salam verdim, rüşvət deyildir deyə almadılar"
"Salam verdim, rüşvət deyildir deyə almadılar"

Azərbaycanda ötən il etik davranış qaydalarını pozan 339 nəfər dövlət qulluqçusu barədə intizam tənbeh tədbiri görülüb

İndi oxuyacağınız yazının başlığına çıxardığımız ifadə dahi Azərbaycan şairi Məhəmməd Füzuliyə məxsusdur. Füzuli bu ifadəni, təxminən, 500 il əvvəl özünün məşhur "Şikayətnamə" əsərində işlədib.

...Sultanın onun üçün ayırdığı təqaüdü (indiki dildə desək, pensiyanı) almaq üçün dövlət idarəsinə üz tutan qoca şair ağlına sığdıra bilmədiyi ədəbsizliklə üzləşir. Məmurlar, sadəcə, onu ələ salırlar: salamını almırlar, çünki bu salam rüşvət deyilmiş. Şair gəlişinin məqsədini açıqlayanda daha ziləf bir cavab alır: "Bu təqaüdü sənə ona görə təyin ediblər ki, bu idarəyə gəlib, pis sifətlər görüb rəncidə olasan".
Və aşağıda oxuyacağınız məlumata (ötən il etik davranış qaydalarını pozan dövlə məmurları barədə) rast gələndə istər-istəməz düşünməli olduq. Düşündük və öz-özümüzdən soruşduq: görəsən, bu beş yüz ildə bizim məmurlar nə dərəcədə dəyişiliblər?
Dəyişilməyinə dəyişiliblər, amma pis istiqamətdə....
Necə deyərlər, "başları qarpıza işləyib"...
Sözün təmizi budur ki, hansısa bir müşküllə bağlı bizim dövlət idarələrinə girəndə insanı xoşagəlməz bir energetika bürüyür. Bu da ondan irəli gəlir ki, həmin idarələrdə əyləşən məmurlar insanlara qarmağa yaxınlaşan sadəlövh balıqlar kimi yanaşırlar: "Tilova düşəcəkmi? Görəsən, pulu var, ya yox? Bundan nə qopartmaq olar?"
Və bu düşüncələrlə bərabər məmurlarımızın içində bir xof da yaşayır - tabeliyində olduğu müdirlərə, rəhbərlərə yarınmaq qabiliyyətinin səviyyəsi və tutduğu postu itirməmək barədə narahatçılıq.
Etiraf edin ki, bu iki təzadlı hissin arasında qalmış məmur potensial təhlükə mənbəyidir və istənilən anda özündən asılı olmadan sizi acılaya və alçalda bilər. Və əgər onun bu aqressiv reaksiyasından sonra siz də özünüzdə təpər duyub onun üslubunda cavab qaytarsanız, batdınız...
Ona görə batdınız ki, mətləbiniz hasilə gəlməyəcək... Dərdinizi də deyə biləcəyiniz bir instansiya yoxdur. Daha doğrusu, var, amma bir el məsəlində deyildiyi kimi, "....."
Olmaya-olmaya bir az da dirəşsəniz, həmin dəqiqə sizin ədəbsizliyinizi aktlaşdırıb göndərəcəklər fələyin dəminə... "Get, bala, get!"
Bəlkə də, buna görədir ki, bizim dövlət idarələrinə daxil olanda nəsə bir qaranlıq əhvali-ruhiyyə hiss edirsən, xoflanırsan və çalışırsan ki, müşkülü həll eləyincə buradan tez bir zamanda aralanasan...
Bu sətirlərin müəllifi Türkiyədə və Rusiyada dövlət idarələrində olub (Yəqin ki, oxucuların da çoxusu). Sözün düzü bu idarələrə girib çıxandan sonra özündə rahatlıq və vətəndaş ləyaqəti duyursan. Çünki onlar insanı mədəni və səmimi şəkildə qarşılayıb yola salırlar. Və bayıra çıxanda köksünü ötürürsən: "Kaş bizdə də belə olaydı..."
Kaş ki...
Amma nə yazıq ki, belə deyil...
Aşağıda oxucuya təqdim edəcəyimiz rəsmi məlumat da bir daha bu acı reallığı təsdiqləyir...
Azərbaycanda ötən il etik davranış qaydalarını pozan 339 nəfər dövlət qulluqçusu barədə intizam tənbeh tədbiri görülüb. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın hüquq sektorunun müdiri Vüqar Əsgərovun bildirdiyinə görə, etik davranış qaydalarının pozulması halları əsasən mərkəzi və yerli icra hakimiyyəti orqanlarında qeydə alınıb. Qaydaların pozulması halları daha çox Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qeydə alınıb. Bu qurum üzrə etik davranış qaydalarının pozulması üzrə 75 fakt baş verib. Bunun üçün də müvafiq nizam intizam tədbirləri həyata keçirilib.
O deyib ki, ötən il etik davranış qaydalarını pozan 279 nəfərə töhmət elan edilib, 31 nəfər dövlət qulluğundan azad olunub, 15 nəfərin vəzifə maaşı azaldılıb, 14 nəfərə isə digər intizam təhbeh tədbirləri görülüb.
V.Əsgərov vurğulayıb ki, mərkəzi icra hakimiyyəti orqanları üzrə 263 nəfərə (bunlardan 217 nəfər töhmət, 17 nəfər dövlət qulluğundan azad edilmə, 15 nəfər isə maaşın azaldılması), yerli icra hakimiyyəti orqanları üzrə isə 76 nəfərə (62 nəfərə töhmət, 14 nəfər isə dövlət qulluğundan azad edilmə) intizam tənbeh tədbirləri tətbiq edilib.
Seymur Quliyev