Azərbaycanın büdcə pulları hara gedir?
Azərbaycanın büdcə pulları hara gedir?

Ekspert: "Əgər biz istəyiriksə, kənd təsərrüfatı sahəsində sıçrayış olsun, böyük investisiyalara ehtiyacımız var"

Keçən il Azərbaycanda iqtisadiyyatın əsas dirəyi olan neft hasilatının 5% azalmasına baxmayaraq, ümumi daxili məhsul (ÜDM), yəni ölkənin ümumi qazancı 2,2% artıb. Bu, Azərbaycan iqtisadiyyatının yeni-yeni dirçələn neftdənkənar bölməsində istehsalın 9,7% artması ilə bağlıdır. Bu bölmədə də artım əsasən dövlət xətti ilə ayrılan kreditlər vasitəsi ilə təmin edilir ki, bir çox beynəlxalq qurumlar rəsmi Bakıya bu məsələdə ifrata varmamağı məsləhət görür. Lakin bununla belə, bir çox yerli iqtisadçılar, xüsusilə də müstəqil ekspertlər Azərbaycan iqtisadiyatının neftdənkənar bölmələrinin yetərincə kreditləşdirilmədiyini düşünürlər.

Azərbaycanda neftdənkənar bölmədə fəaliyyət göstərən əsas dövlət kredit təşkilatı İqtisadi İnkişaf Nazirliyi (İİN) yanında Sahibkarlığa Kömək Milli Fondudur (SKMF). Və ilk başdan fondun fəaliyyəti yetərincə qənaətbəxş görünür. Yəni SKMF-nin xətti ilə ayrılmış kredit həcmləri ildən ilə artır. Məsələn, 2009-cu ildə verilən kreditlərin toplam miqdarı təxminən 130 milyon manat olubsa, 2012-ci ildə bu göstərici 218 milyon manata çatıb, yəni 3 il müddətinə 67% artıb. Həmçinin SKMF-in kreditləri iqtisadiyyatın daha çox unudulmuş sahəsinə - kənd təssərrüfatına verilir, keçən ilki kreditlərin 58 faizi aqrar sektora yönəldilib.
İİN-dən verilən məlumata görə, kreditlər verilən zaman müasir texnologiyaların tətbiqinə daha çox fikir verilir - quşçuluq fabriklərinin, çörək fabriklərinin, aqrar emalı müəssisələrinin tikintisinə pul yatırılır. Kənd təsərrüfatı infrastrukturunun yaradılması da gündəmdədir, məsələn ötən il 10 ədəd taxıl və soyuducu kompleksi istifadəyə verilib. SKMF-nin xətti ilə maliyyələşdirmə yeni iş yerlərinin açılması ilə bağlı konkret nəticələr verir. Ümumiyyətlə, indiyə kimi SKMF-nin xətti ilə 207 investisiya layihəsinə güzəştli şərtlərlə kredit verilib. Bu layihələrə 430 milyon manat vəsait yönəldilib. Bu il isə belə layihələrin 51-i başa çatacaq. Nazirlikdən deyirlər ki, kreditlərin dərəcəsi aşağı - ildə maksimum 6% olduğuna görə onların ödənilməsində də problem yoxdur, vaxtında qaytarılan vəsaitlər hesabına kredit miqdarı ildən ilə artır.
İqtisadi Tədqiqatlar Mərkəzinin aqrar islahatlar üzrə eksperti Vahid Məhərrəmov isə bütün bunlara baxmayaraq SKMF-nin xətti ilə gerçəkləşdirilən kreditləşməni yetərli saymır: "Fondun fəaliyyət göstərdiyi 10 ildə aqrar istehsal üçün ayrılan vəsaitlər 378,3 milyon manat təşkil edib. Bu çox aşağı göstəricidir. Əgər biz istəyiriksə, kənd təsərrüfatı sahəsində sıçrayış olsun, böyük investisiyalara ehtiyacımız var. Ümumiyyətlə, aqrar sektorun bütün sahələrində biz idxaldan asılı vəziyyətdə qalmışıq, yalnız göyərti istehsalına özümüzü təmin edə bilirik. Bizim bazar çoxdan başqa ölkələr tərəfindən tutulub. Ərzaq buğdasına olan tələbatımız tamamilə Qazaxıstanın hesabına ödənir, kartof bazarımızın xeyli hissəi İran və Türkiyə tərəfindən tutulub. Maldarlıqda isə vəziyyət dəhşətdir, Gürcüstandan hər il kəsim üçün 7 milyon dollarlıq ət gətirilir",- deyə Vahid Məhərrəmov vurğulayır.
İqtisadçı ekspertin hesablamalarına görə, Azərbaycanın aqrar sektorunun vəsait ehtiyacları qat-qat yüksəkdir:
"Bizim ildə 500 milyon manatlıq gübrəyə ehtiyacımız var. Keyfiyyətli toxumlara, texnikaya tələbatımız ödənilməlidir. Ölkəyə yeni texnologiyalar gətiriməlidir",- deyə Vahid Məhərrəmov vurğulayır. Onun sözlərinə görə, aqrar sahədə yaxın 3 ildə effekt əldə etmək üçün bir neçə il dalbadal dövlət büdcəsinin xətti ilə hər il 2 milyard manat yatırılmalıdır.
Qeyd edək ki, Azərbaycanın aqrar sektorunun sıçrayışla inkişaf üçün nəzərdə tutulan yollardan biri də kooperasiyanın bərpasıdır və hazırda bu məsələ hökumət səviyyəsində də müzakirə olunur. Ekspert araşdırmalarına görə, bazar münasibətləri əsasında kooperasiya kəndə səmərəli vəsait yatırılması üçün çox effektiv ola bilər. Bu, ilk növbədə Mərkəzi Aranın təxminən 400 min hektara yaxın şoranlaşmış və bu üzdən əkilməyən torpaqlarını yenidən aqrar dövriyyəyə qaytara bilər. Hazırda şoranlaşmış bu ərazilərdə əkin əkmək sərfəli deyil, çünki taxıl və pambıq əkinləri qoyulan vəsaitin belə geri qaytarılmasına imkan yaratmır. Həmçinin torpaqlar boş qaldığından suvarma sistemləri sıradan çıxıb.
Hazırda həmin zonaların sakinləri paylarına düşən torpaq sahələrini mal-heyvan saxlayanlara hektarı 10-15 manatdan icarəyə verirlər. Əslində bu regionlarda boş qalmış torpaqların kooperativlərə cəlb edilməsi daha rahat baş verə bilər, çünki kəndlilər kooperativ yaradıb kredit cəlb etməklə ilk dövrlər ən azından işlə təmin edilmiş olarlar. Təsərrüfatlarda aqrar istehsal bərpa olunduqdan sonra isə torpaq sahibləri kooperativlərdə gördüyü işə görə maaşdan əlavə öz torpaq payına görə dividend də əldə edə bilərlər. Aranda kooperativlərin bərpası yenidən iri taxılçılıq, pambıqçılıq, heyvandarlıq, arıçılıq, ipəkçilik təsərrüfatlarının yaradılması ilə nəticələnə bilər. İsrail kibuslarının təcrübəsi göstərir ki, kənd kooperativlərində daha sonra xırda emal müssisələri də yaradılır ki, bu, əyalətlərdə daima yeni-yeni iş yerlərinin yaradılması deməkdir.
Vahid Məhərrəmovun fikrincə, Azərbaycan kəndinə kooperasiya vasitəsi ilə iri aqrar sərmayələrin yatırılması təkcə Aranda deyil, başqa regionlarda da mümkündür: "Əkilməyən sahələr təkcə özəl torpaq payları deyil, bələdiyyənin və icra hakimiyyətinin əlində olan torpaq sahələrindən də kooperativə cəlb etmək olar. Onlara rəsmi şəkildə demək lazımdır ki, bu torpaqları əkmirsinizsə, verin kooperativ əksin",- deyə İTM eksperti vurğulayır.
Vahid Məhərrəmov bu məsələdə könüllülük prinsipini əsas tutaraq heç bir fəaliyyət göstərilməməsini də normal sayır: "Rəsmi dairələrə kooperasiya ilə bağlı təklif verəndə deyirlər ki, bu, torpaq sahiblərinin könüllülüyü əsasında baş verməlidir. Bəs, Kənd Təsərrüfatı Nazirliyi nə etməlidir? Nazirlik məhz bu cür işlərlə məşğul olmalıdır, təbliğat aparmalıdır, xalqı bu layihənin gələcəyinə inandırmalıdır ki, Azərbaycan kəndini yenidən dirçəltmək mümkün olsun".

Çingiz Rüstəmov