İyunun 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində Milli məclisin deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədovun “Cəmiyyət, şəxsiyyət, təhsil, Din” kitabının təqdimatı keçirilib.

Unikal.org xəbər verir ki, onlayn formatda keçirilən tədbirə deputat Ceyhun Məmmədov, ADNSU-nun rektoru, professor Mustafa Babanlı, universitetin professor-müəllim heyəti və tələbələr qatılıblar.

Tədbirdə rektor Mustafa Babanlı çıxış edərək belə bir dəyərli vəsaiti ərsəyə gətirdiyinə görə müəllifə təşəkkürünü bildirib. Qeyd edib ki, kitabda Azərbaycanın dövlətçilik ənənələri, yeni dövr Azərbaycan tarixi, dövrün görkəmli şəxsiyyətlərinin fəaliyyəti geniş yer verilib. Bu nəfis nəşrdə həmçinin dini təhsilin tarixindən, xalqımıza qarşı yönəlmiş erməni vəhşiliklərindən və Azərbaycan ordusunun qazandığı uğurlardan bəhs edildiyini deyən rektor Mustafa Babanlı kitabın dəyərli vəsait olduğunu iştirakçıların diqqətinə çatdırıb. 

Azİİ e-Kitab Evinin direktoru Səlahət Mahmudova, Humanitar fənlər kafedrasının dosenti Faiq Əliyev çıxış edərək Azİİ e-Kitab Evinin sisteminə daxil olmuş yeni kitabın oxucular üçün dəyərli vəsait olduğunu, eyni zamanda bu nəfis kitabın müəllimlər, tələbələr və geniş auditoriya üçün nəzərdə tutulduğunu diqqətə çatdırıblar.

Deputat Ceyhun Məmmədov sonda tədbir iştirakçılarına təşəkkürünü bildirib. Qeyd edib ki, kitabda toxunulan hər bir mövzu ciddi araşdırmalar və təhlillər əsasında qələmə alınıb.  Ümid edirəm ki, oxucularımız üçün çox faydalı bir vəsait olacaq.