ABŞ-la Rusiya arasında nə baş verir?
ABŞ-la Rusiya arasında nə baş verir?

Və ya "Kerri dayı"nın çətin dünyasında "soyuq müharibə" nostalgiyası haqqında

Biz indiyədək görünməmiş olan çətin dünyada yaşayırıq. Xarici siyasət məsələləri ilə bağlı diskussiyaların məğzində məhz bu fikir dayanır. Ona söykənən şərhçilər və rəsmi şəxslər məsələlərə müqayisəli yanaşma obyekti olaraq "soyuq müharibə"ni seçirlər.

Onların qənaətincə, Vaşinqton və Moskva arasında iki düşərgəyə bölünmüş "soyuq müharibə" dönəmi hazırkı dövrdən qat-qat asan idi. Çünki həmin vaxt dövlət institutları konkret hadisə və proseslərə münasibətdə daha köklənmiş vəziyyətdəydilər. Cəmiyyətlərin yeni çağırışları isə çoxsaylıydı və rəngarəng səciyyə daşıyırdı… Görünür,həmin dövrün ab-havası indiyə də sirayət etməkdədir. Bu günlərdə ABŞ Senatında Con Kerrinin ölkənin Dövlət Departamentinin rəhbəri vəzifəsinə təsdiqlənməsi ilə əlaqədar baş tutmuş dinləmələrin yekunu, xüsusən də Birləşmiş Ştatların yeni dövlət katibinin çıxışındakı tezislər belə söyləməyə əsas verir.
ABŞ-ın xarici siyasət idarəsinin əsas siması Senatın xarici əlaqəlar üzrə komitəsindəki çıxışında "soyuq müharibə" dönəmini xatırladıb. "Mənim bu komitədə çıxış üçün şans tanımaq yönümlü fəaliyyətə başlamağımdan 42 il ötür. Həmin illər ölkəmiz üçün çətin və birmənalı olmayan zaman kəsiyi idi. Amma bu gün mən etiraf etməliyəm ki, həmin vaxt indikindən asan idi. İki cəbhəyə bölünmüş dünya öz müsbətləri ilə yaşayırdı. Hazırda qarşılaşdığımız vəziyyətlər də əvvəlkilərdən çətindir", - deyən Kerri fikrinə aydınlıq gətirib. Əlbəttə, onun sözlərində böyük həqiqət yükü var. Amma məsələ üzərində bir neçə düzəliş aparmaq zərurəti də var.
Birincisi, 1945-1991-ci illər sadə və asan dövr olmayıb və elə amerikalıların özləri çalışmışdılar ki, həmin mərhələ hansısa çərçivələrə salınsın. Birləşmiş Ştatların rəhbərləri və analitikləri dünyadakı müxtəlif siyasi situasiyalara nəzər yetirərək məsələni uzun illəri əhatə etmiş sovet-amerikan qarşıdurması kimi qiymətləndiriblər və siyasi dəyərləndirmələrini konkret planlar şəklində ortaya qoyublar. Bu zaman əksər hallarda doğru mövqe tuturdular. Təbii, prosesləri həddən artıq sadələşdirirdilər ki, bu da ABŞ üçün neqativ nəticələr verdi. Həmin neqativ cəhətlər sırasında isə Kerrinin 42 il əvvəlki dövrə qayıtmasını zəruriləşdirən məqam - Vyetnam müharibəsi üzərində dayanmaq mümkündür.
Çoxlarının söylədikləri kimi, Amerika strateqlərinin Vyetnama münasibətdə başlıca prinsipial səhvi ondaydı ki, onlar Xo Şi Min başda olmaqla Şimali Vyetnam döyüşçülərini, yəni Vyetnam milliyyətçilərini kommunist saydılar. Halbuki ikincilərin kommunist internasionalına sadiqlikləri o qədər də vacib faktor deyildi və Kerri 1971-ci ildəki dinləmələrdə əslində bu barədə danışmış və hadisəni qiymətləndirmişdi. Kerri həmin vaxt bildirmişdi ki, Vyetnamda baş verənlərin vətəndaş müharibəsi olmadığı müəyyənləşdi. O da müəyyənləşdi ki, Birləşmiş Ştatlara qarşı döyüşənlərin məqsədi istənilən müstəmləkəçi təsirdən uzaq durulacaq mühiti formalaşdırmaqdır: "Həmin adamların böyük əksəriyyəti ümumiyyətlə kommunizm və demokratiya arasındakı fərqin nədən ibarət olduğunu heç anlamırdılar da. Sadəcə özlərinin düyü sahələrini rahatlıqla əkib-becərmək arzusundaydılar. İstəyirdilər ki, başları üzərindən hərbi helikopterlər uçmasın, kəndləri yandırılmasın, müharibə ölkələrini iki yerə bölməsin".
Həqiqətən də Amerikanın ali rəhbərliyi Vyetnam münaqişəsini Vaşinqtonla Moskva arasındakı qlobal mübarizə kontekstində dəyərləndirdiyindən həmin savaşda öz əsgərlərinin qanını tökdü, müharibəyə külli miqdarda vəsait xərclədi. Reallıqda isə Vyennamın "soyuq müharibə"nin ümumi axarına heç bir dəxli yox idi. Əksinə Birləşmiş Ştatlar "soyuq savaş"da ən böyük uğuru kommunizmin monolit təbiətə malik olduğuna dair düşüncələrdən əl çəkdikdən sonra qazandı. Söhbət Çinlə yaxınlaşmaq kursundan gedir ki, 1971-1972-ci illərdə yeridilmiş həmin xəttin təşəbbüskarları Birləşmiş Ştatların o zamankı prezidenti Riçard Nikson və dövlət katibi, eyni zamanda Amerika diplomatiyasının görkəmli xadimlərindən sayılan Henri Kissincer idi. Bu siyasətçilər başa düşdülər ki, Çin Xalq Respublikasında kommunist rejiminin mövcudluğu heç də Çinin barışmaz düşmən obrazını yaratmaq üçün yetərli səbəb deyil. Onların səyləri nəticəsində Pekinlə münasibətlərin yaxşılaşdırılması dünyada qüvvələr nisbətinə də təsir göstərən mühüm amillərdən birinə çevrildi. Vaşinqtonunun gedişləri Moskvanı "soyuq müharibə"də bir növ, müdafiə mövqeyinə keçməyə məcbur etdi. Əlbəttə, Çinlə əlaqələrin normallaşdırılması siyasəti ABŞ-ı "kommunizmlə hər yerdə mübarizə aparmaq lazımdır" şüarından uzaqlaşdırmadı.
Növbəti məqam: dünyanın hazırda daha çətin durumda olmasını iddia edənlər təhlükəsizlik, iqtisadiyyat və cəmiyyət müstəvisindəki problemlərin artdığını vurğulayırlar. Həmin problemləri isə təkcə ABŞ deyil, digər dövlətlər də nəzərə almağa sadəcə məcburdurlar. Görünür, Kerri də ötən həftədəki çıxışında bundan danışmışdı: "İndi dünya əvvəlkindən daha çətindir. Bu çətinliklər Çinin güclənməsi, ərəb dünyasının oyanması, bir-birilə əlaqədər olan iqtisadi problemlərlə, səhiyyə, ətraf mühitlə və demoqrafiya ilə bağlıdır. Sıraya həmçinin kütləvi qırğın silahlarının yayılmasını, kasıblığı, epidemiyaları, qaçqınları, Əfqanıstanda davam edən müharibəni, ölkələrin və inancların artmasını, bəşəriyyətin tələbatlarının ödənilməsi uğrunda mübarizəni, texnoloji innovasiyaların artım tempini əlavə etmək olar. Xüsusən də sonuncu məqam hər yerdə keçərlidir və milli dövlətləri ayrıca müstəqil şəxsiyyətə çevirir, onların əlinə təsir rıçaqları verir".
Kerrinin sadaladıqları problemləri diqqətlə təhlil edərkən görünür ki, onların əksəriyyəti yeni deyil. Hətta bəziləri "soyuq müharibə" dönəmində daha kəskin xarakter daşıyırdı. Bir neçə misal gətirək:
Nüvə silahının yayılması. Burada məqsəd başqa ölkələri nüvə prosesindən necə yayındırmaqdır. Konkret vəzifə Birləşmiş Ştatlara yaxşı münasibət bəsləməyən dövlətlərin nüvə potensialına malik olmaq uğrundakı cəhdlərinin qarşısını almaqdır. Hər halda Vaşinqtonun istəklərinin buna yönəldiyi açıq-aşkar görünür. Mövcud istiqamət "soyuq müharibə" dönəminin analitiklərini də düşündürürdü. Amma indi nüvə silahına malik dövlətlər həmin silaha məhz o dövrdə yiyələnərək əlahiddə status qazandılar. Hərçənd bu, elə də asan başa gəlmədi. Diqqət yetirək, ötən əsrin 60-cı illərində Çinə hazırda Şimali Koreyaya və İrana yanaşıldığı kimi yanaşılırdı. Amerikalılar hesab edirdilər ki, Pekin nüvə silahı əldə etsə, dünya tamam başqa cür olacaq. Təbii, dünyada dəyişiklik yarandı. Dəyişikliklərdə Çinin mövqeyinin güclənməsi xüsusi vurğulanmalı cəhətdir. Halbuki Birləşmiş Ştatlar dairələri bir vaxtlar Çinin də nüvə obyektlərinə zərbələr endirməyi ağıllarına salmışdılar. Diqqət yetirək, həmin fikir indi də gündəmdədir. Bu dəfə hədəf İrandır. Ancaq məsələ amerikalıların təsvir etdikləri kimi, hansısa cəmiyyətin nüvə silahına güvənərək hərəkət etməsi anlamında dəyərləndirilmir. Artıq nüvə dövləti olmağın statusu fərqli olsa da, Vaşinqton rəqiblərinə belə demək mümkünsə, köhnə musiqiləri dinlətdirir. İran isə bütün dünyaya çox acizanə şəkildə car çəkir ki, nüvə enerjisindən dinc məqsədlər naminə faydalanmaq niyyətindədir. İslam Respublikası rəsmilərinin belə bəyanatlarına nə dərəcədə önəm veriləcək, bunu gələcək və həmin gələcəkdə Vaşinqtonun qlobal planlarının hansı istiqamət və forma alacağı göstərəcək.
Qaçqınlar. BMT-nin Qaçqınlar üzrə Ali Komissarının məruzəsindən aydın olur ki, "soyuq müharibə" dönəmindən bu yana qaçqınların say tərkibində yüksək artım var. Əgər 1960-cı ildə onların sayı 1,65 milyon idisə, 1992-ci ildə 17,8 milyona çatmışdı. Hazırda həmin rəqəm azalaraq 10,5 milyona enib. Lakin müqayisəli yanaşsaq, mövcud göstərici də xeyli çoxdur. Ən əsası isə ortada daha belə demək mümkünsə, dayanıqlı bir rəqəm var. Çünki əgər 1991-ci ildə SSRİ-nin dağılması ilə onun tərkibinə daxil olan xalqların baş vermiş imiqrasiya prosesləri hesabına nəticə yüksək həddə çatmışdısa, sonrada həmin imiqrantların bir çoxu müxtəlif yerlərdə vətəndaşlıq statusu alaraq tədricən qaçqınlıqdan çıxdılar. Eniş məhz onların hesabına baş verdi.
Əfqanıstanda münaqişə. Məlumdur ki, Əfqanıstanda müharibə şəraiti hələ ötən əsrin 70-ci illərindən hökm sürürdü. 1979-cu ildə ölkəyə sovet qoşunlarının daxil olması ilə Əfqanıstan "soyuq müharibə"nin silahlı cəbhəsinə çevrildi. Həmin dönəmdə ABŞ siyasi dairələri çox sadə məqsəd güdürdülər - SSRİ-ni müharibədə zəiflətmək və yox etmək. Mövcud mənada hazırda Əfqanıstanda vəziyyət daha çətindir. Çünki amerikalılar orada öz təhlükəsizliyini və ən əsası Vaşinqtonun regiondakı maraqlarını qoruya bilən sabit dövlət qurmaq niyyətindədirlər. Əlbəttə, 80-ci illərdə tüğyan etmiş Əfqanıstan müharibəsi heç də açıq mübarizə müstəvisinə qədəm qoymadı və daha çox tayfaların davasını xatırlatdı. Maraqlıdır ki, eyni tendensiya Birləşmiş Ştatların bu gün yaratmaq istədiyi Əfqanıstan üçün də xarakterikdir.
Kasıblıq. 1980-ci illərin statistikasına görə, həmin vaxt inkişaf etməkdə olan ölkələrin əhalisinin yarıya qədəri həddən artıq kasıblıq şəraitində yaşayırdı. 2005-ci ildə bu deyim əhalinin dördə birinə şamil edilirdi. Təbii, kasıblıq bütün dünyanın problemidir və obyektiv səbəblərdən "soyuq müharibə" zamanında kasıbların sayı indikindən çox olmuşdu.
Sözsüz ki, ötən 20 ildə dünyanın işlərinin ümumi gedişini çətinə salan bir sıra yeni faktorlar da meydana çıxıb. Onlardan ən mühümünə Kerri də çıxışında toxundu. Söhbət texnoloji dəyişikliklərin tempindən gedir. Hazırkı status-kvoda ayrı-ayrı şəxslər, qeyri-hökumət təşkilatları və biznes strukturları beynəlxalq məsələlərə əvvəlki dövrlərdəkindən daha güclü təsir göstərirlər. Mövcud şəraitdə hərəkət labirinti çətin görünsə də, bir çox ekspertlərin qənaətincə, Kerri və onun baxışını bölüşənlərin iddia etdikləri kimi, vahid düşmənli mühitin məşəqqətləri heç də az olmamışdı.
Murad İbrahimli