Paytaxtın Nəsimi rayonunda tənha yaşayan yaşlı qadının evindən oğurluq edən şəxs saxlanılıb.

Unikal.org xəbər verir ki, bu barədə Daxili İşlər İşlər (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.: "Elmira nənənin çantasından pul oğurlamaqda şübhəli bilinən, 1996-cı il təvəllüdlü Seyran Kazımov polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunaraq saxlanılıb. Onun barəsində Nəsimi RPİ-də araşdırmalar davam etdirilir, onun digər oğurluq əməllərində iştirakının olub-olmaması yoxlanılır. Onun əməllərindən zərərçəkmiş vətəndaşlar varsa, polisə müraciət edə bilər."

Xatırladaq ki,  Bakı şəhəri Nəsimi rayonunda oğurluq hadisəsi ilə bağlı polisə müraciət olunmuşdu.
Belə ki, gənc oğlan yaşlı qadının bankomatdan pul çəkdiyini görüb. Yaxınlaşıb ona, əlindəki zənbilə kömək etmək təklifini edib. Yolda oğlan vəziyyətinin ağır olduğunu bildirib. Yaşlı qadın isə onu yemək üçün evinə dəvət edib. Qadının mətbəxdə iş görən zaman oğlan qadının çantasından 300 manat pulunu oğurlayaraq ərazini tərk etmişdi.